Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-930/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 1984-cü il yanvarın 16-da Ağsu rayonunun 2-ci Arat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Əhməd Quliyev və Azər Paşayev) 13 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il martın 24-dən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 4,652 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,711 qram miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il martın 24-də saat 14 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılıb əynindəki yaşıl idman gödəkcəsinin sol yan cibindən sarı rəngli qutunun içərisindən 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,679 qram, 1,635 qram, 0,206 qram, 0,359 qram, 0,408 qram, 0,298 qram, 0,390 qram, 0,285 qram və 0,115 qram, ümumilikdə təmiz çəkisi 4,652 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,054 qram, 0,047 qram, 0,045 qram, 0,032 qram, 0,094 qram, 0,979 qram və 0,424 qram, ümumilikdə ümumi təmiz çəkisi 1,711 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmdən narazı olduğunu, həm ibtidai istintaq, həm məhkəmə baxşı zamanı işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığını, narkotik istifadəçisi olduğunu qeyd edərək hökmün ləğv edilərək onun əməlinin AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilərək daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən görünür ki, verilmiş şikayətdə məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin hüquqi tövsifi mübahisələndirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının 2021-ci il 25 mart tarixli 6/1179 №-li və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 20 may tarixli 1545 №-li rəyləri, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs apellyasiya baxışında iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmasının təsdiq edilmədiyini, onun həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini, onun özündə narkomaniya xəstəliyinin aşkar edildiyini və məcburi müalicəyə ehtiyacının olduğunu, bu halın da məhkum edilmiş şəxsin narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyinə dəlalət etdiyini göstərək onun əməlinin AR CMnin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir ki, məhkəmə kollegiyası qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, ilk növbədə şəxsin özünün narkotik vasitə istifadəçisi olması birmənalı şəkildə onun külli miqdarda narkotik vasitəni məhz öz istifadəsi üçün əldə etməsi kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkum edilmiş şəxs yalnız külli miqdar göstəricisinin narkotik vasitənin satış məqsədi ilə saxlanmasına dəlalət etmədiyinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin idarə etdiyi narkotik vasitə və psixotrop maddə külli miqdarda olmaqla yanaşı, həm də ayrı-ayrı bükümlərdə olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının 2021-ci il 25 mart tarixli 6/1179 №-li və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 20 may tarixli 1545 №-li rəyləri, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 29 aprel tarixli BKC/LGL-7716/21 nömrəli məktubu, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmiş və məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzasını yüngülləşdirən hal kimi ilk məhkumluğunu, ağır ailə vəziyyətini və xəstəliyini, ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 13 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 13 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 30 saat üçün cəmi 180 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 dövlət büdcə vəsaiti hesabına 180 manat işlədiyi Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-930/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-930/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver