Məhkəmə qərarları › İş №1(103)-939/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-939/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-939/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim N.Qədirli) 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmünə əsasən xx xxxxxxxx 1969-cu ildə tarixdə Naxçıvan MR-da anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmış, barəsinə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən nəvəsini X6 cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə və az cəza verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui istifadə edib bu adla Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə Bakı şəhəri Nərimanov rayonu Fətəlixan Xoyski 14 ünvanında “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında 6000 manat, 2023-cü ilin mart ayının ortalarında Bakı şəhəri Nizami rayonu Qara Qarayev 59 ünvanında yerləşən “Neftçilər” metrosunun yaxınlığında 4000 manat, 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri Nizami rayonu Qara Qarayev 51 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5000 manat, 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu Qara Qarayev 51 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 24000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)- 86/2024 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək himayəsində bir qız uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, əvvəlki məhkumluğunun ödənildiyini, ürək əməliyyatı olunduğunu göstərib ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının yüngüləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ona məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən maddi dəymiş ziyanın tam olaraq ödənilməməsini nəzərə alaraq verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR-sı Cinayət Məcəlləsinin 178.2.4 və 310-cü maddələrinə əsasən təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə onun işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub (törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını), ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və minimum həddinə yaxın ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş üzrə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs dəymiş 24000 manat zərərdən 5000 manat ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş məhkumluqlar hüquqi nəticələr yaratmasalar da, göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də dələduzluq cinayətinə görə məhkum olunmuşdur və bu hal onun şəxsiyyətini xarakterizə edən amil kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi üçün hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasının aşağı həddinə yaxın, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(007)-86/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar