Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-95/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 14, mənzil 3-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs xx.xx.2011-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarsa da məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, 20 sentyabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 sentyabr 2021 -ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan boz rəngli jiletin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd “gümüşü-sarı” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti verib onun törətdiyi əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 21 sentyabr 2021-ci ildə Elçin adlı şəxsin Qaraçuxur qəsəbəsində Y.Eyvazov küçəsində üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından PB- nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək Bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 21 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsinə getmişlər. 1 salı ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Elçin adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1985-ci ildə Cəlilabad şəhərində anadan olmuş və Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 14, mənzil 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Ayaz Meydanova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, İçərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqqiatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32- cu polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 39-41-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 6/4199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxsM» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd gümüşü-sarı rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 69-cu vərəqində olan Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 32ci polis bölməsinin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd bir DVD diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 21 sentyabr 2021-ci ildə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, sonuncu əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 115-116-cı vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4344 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-125-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,374 qram, ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 11,274 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 11,127 qram, ekspertiza tədqiqatından sonra qalıq 11,027 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdır. Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir neçə müddətdir ki, narkotik maddələrdən olan heroindən və metafetamindən istifadə edir. Narkotik maddələri Bakı şəhərində ayrı-ayrı yerlərdə tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb əldə edir. 20 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin yaxınlığında piyada gəzən zaman yerdən iki büküm narkotik maddə və bir ədəd elektron tərəzi tapmışdır. Həmin iki bükümün içərisinə baxdıqda və narkotik maddə aludəçisi olduğu üçün həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu bilmişdir. Həmin bükümləri və tərəzini götürüb sonra istifadə etmək və onları çəkmək üçün üzərində saxlamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərmişdir ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin hər hansı növünün satışı ilə məşğul olmamışdır. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, tutulduğu zaman onun üzərindən elektron tərəzi aşkar olunmamış və o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin hər hansı növünün satışı ilə məşğul olmamışdır. Kollegiya iş materialları və təqsirləndirilən şəxsin qeyd edilən ifadələri əsasında vurğulayır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatları arasında ziddiyətlər vardır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyi halda, birinci instansiya məhkəməsində icraat zamanı özünü təqsirli bilməyərək onun barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya icraatı zamanı isə üzərində elektron tərəzi olmadığını, narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etdiyini bildirərək, özünü qismən təqsirli bilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4344 nömrəli ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Kollegiya Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə heroin, o cümlədən psixotrop maddə olan metamfetamin aşkar edilməsini, həmçinin onun daha əvvəl narkotik vasitələrin satışı ilə məşğul olmağa görə ödənilməmiş məhkumluğunun olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində və izahatında onun üzərindən tərəzi aşkar olunmadığını və satış məqsədi olmadığını bildirsə də, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin bu dəlili iş materialları ilə öz təsdiqini tapmır və özünümüdafiə xarakteri daşıyır. Kollegiya təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təzyiqə məruz qalmasına dair izahatına münasibətdə iş materiallarına əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində hər hansı xəsarətin olması onun şəxsi müayinəsi zamanı aşkar edilməmişdir. Bundan başqa, kollegiya iclasında verdiyi izahatında təqsirləndirilən şəxs təzyiqə məruz qaldığı halda bununla bağlı müvafiq qaydada özü və ya müdafiəçisi vasitəsilə şikayət verməməsinə aydınlıq gətirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlməklə onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin 87-89, 103-113-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİU AR Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixli AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad olunub. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 27 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 7(005)-259/2015 saylı qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 il 10 ay 3 gününü çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 1 il 7 ay 29 gün hissəsinə qismən birləşdirilməklə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 15 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs digər hökmlər üzrə olan məhkumluğu ödənilsə də hökmlərin məcmusu üzrə xx.xx.2016-cı il tarixli hökmü ilə ağır və az ağır cinayətlərə görə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi CM-nin 18.2-ci maddəsi ilə cinayətin təhlükəli residivini yaradır. Qeyd etmək lazımdır ki, xx.xx.2016-cı il tarixli hökm üzrə təyin edilmiş qəti cəzaya ağır cinayət də daxil olduğundan, məhkumluğun ödənilməsi müddəti qəti cəzanın ödənildiyi gündən, yəni xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il 28 sentyabr tarixli Qərarına əsasən, ...bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz.” xx.xx.2019-cu il tarixindən məhlumluğun ağır cinayətə görə hesablanmasına dair kollegiya mövqeyini onunla əsaslandırır ki, qəti cəzaya daxil olan az ağır cinayətə görə məhkumluğun ödənilməsi müddəti ağır cinayətə görə məhkumluğun ödənilməsi müddəti ilə əhatə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin 3 yetkinlik yaşına çatmayan uşağının olması, xəstə anasının olması, şəkərli diabet xəstəsi olması və ailədə yeganə işləyən şəxs olması nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il 28 sentyabr tarixli Qərarında vurğulanmışdır ki, “məhkumluq institutunun mahiyyəti ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Həmin Qərarda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 65.2-ci madəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin törətdiyi əməlin sanksiyasının yuxarı həddinin 12 il azadlıqdan məhrum etmə cəzası olması nəzərə alınaraq, ona aşağı həddə yaxın, yəni 9 il müddətində azadıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə olan halda, təqdirləndirilən şəxsin 3 uşağının olması və onun daha əvvəl də narkotik vasitələrin satışı ilə bağlı ödənilməmiş məhkumluğunun olması da nəzərə alınaraq, kollegiya hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətli olmuşdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilməsi, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcının 21 sentyabr 2021-ci il tarixdən hesablanması, CM-nin 56.1.3-ci maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməsinə dair məhkəmənin mövqeyi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,274 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq 11,027 psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzinin məhv edilməsi və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməsi, bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 1(101)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: Qədim Babayev İlqar Murquzov
Məhkəmə qərarları › İş №1(103)-95/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-95/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver