Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-95/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, hakimlər X7 və X4 ibarət tərkibdə,) 1(101)-1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmü ilə xx xxxx 1969-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 20 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın başlanğıcının 04 iyul 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İttihama görə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, külli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sarı rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 4,834 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılıb ünvan 5əşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 4,834 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə Təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertin rəylərindən göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərini aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Əgər şəxs narkotik vasitədən istifadə etmirsə və ya onun satışı ilə məşğul olmursa onun narkotik vasitəni hardansa “tapması", günlərlə üzərində gəzdirməsi inandırıcı ola bilməz. Bundan başqa hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs məhkəmə istintaqında bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müdafiə hüququ pozulmaqla üzərinə baxış keçiriləndən sonra qanusuz olaraq evinə də, maşınına da baxış keçirmişlər. Onu saxlayıb üzərinə baxış keçirildiyini qonşuları görmüş, evə baxış keçiriləndə evdə gəlini və həyat yoldaşı olmuşdur. Üzərində maşınında və yaşadığı mənzildə qanunsuz olaraq axtarış aparılmasının şahidi olmuş onun digər ailə üzvləri və qonşular təsdiq edə bilərlər. İbtidai istintaq vaxtı dindirilməmiş həmin şəxslərin məhkəmə istintaqında çağrılmaqla əlavə şahid qismində dindirilməsinə dair tərəfindən verilmiş vəsatət təmin olunmamışdır. Bundan başqa məhkəmə ibtidai istintaqda ifadə vermiş Şahid3 məhkəmədə sərbəst ifadə verməsinə baxmayaraq ibtidai istintaq vaxtı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etməmiş, təqsirləndirilən şəxslə aralarında olan münasibətin vəziyуətİııdən asılı olaraq verilmiş qərəzli ifadələr kimi qiymətləndirmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 çıxışlarında apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünun çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onu CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yoxlamaq üçün məhkəmə baxışını qismən istintaqla aparmışdır. Apellyasiya baxışı zaman dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, iki nəfər ona yaxınlaşmış, nə olduğunu soruşmuş, ona bölməyə gəlməsini və orada bilcəyini bildirmişlər. Onlarla razılaşmış, avtomobilinin yanında üstünü yoxlamışlar. Cibindən 20 manat pul, alışqan, siqaret, maşının açarı çıxmışdır. Sonra onu 34-cü Polis Bölməsinə təhqiqatçının otağına aparmışlar. Təhqiqatçını otaqdan çıxdıqdan sonra, 4-5 nəfər ona “bizə məlumat gəlib ki, sən bu işlə məşğul olursan” demişlər. Onlara narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olan insanlardan nifrət etdiyini demişdir. Aşağıda 3-4 nəfər ona təzyiq etmiş, bir nəfər Şirəli müəllim otaqda qalmışdır. Onun qarşısına biri böyük digəri balaca olmaqla iki büküm qoymuşlar. Ona balaca bükümü etiraf etməsini, böyük bükümü lazım olsa boynuna qoyacaqlarını demiş, bundan sonra razı olmuşdur. Onu buraxacaqlarını demişlər. Onu X6ə aparanda nə olduğunu anlamış, özünə xəsarət yetirmişdir. X10 üzərində kəsiklər olduğu üçün onu qəbul etməmiş, sonra qəbul etmiş, bir gün orda qaldıqdan sonra Xətai Rayon Məhkəməsinə aparmışlar. Verilən suallara cavab olaraq göstərmişdir ki, əməkdaşlardan kimisə tanımamış, ona qarşı qərəzləri olmamışdır. Əməliyyatçılar onlara axşam zəng gəldiyini, sonra onu tutduqlarını demişlər. Əvvələr məhkum olunmuşdur. O, ittihamda qeyd edilən ünvanda saxlanılmış, onu saat 8-9 arası saxlamışlar. Dəmirlə özü-özünə xəsarət yetirmişdir. X6 qəbul edilərkən bədənindəki xəsarət barədə məlumat vermişdir. Qonşuları şahid olmuş, onlar saxlanıldığı zaman onun üstünə baxış keçirilməsini görmüşlər. Apellyasiya baxışı zaman dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, səhər evdən çıxıb marketə gedən zaman çoxlu insanların toplaşmasını görmüşdür. Yusifin qolunda qandal olmuş, avtomobilin üzərində sənədlər olmuş, maşının sənədləri olmuşdur. Maşına baxdıqdan sonra Yusifi aparmışlar. Verilən suallara cavab olaraq göstərmişdir ki, o, 10-15 metr məsafədə durmuş, Yusifin üstündən ancaq sənədlər çıxmışdır. Yusifə yaxınlaşmamış, üzərindən nələr çıxdığını ona göstərməmişlər. Polis əməkdaşları mülki geyimdə olmuş, yaxınlıqda polis maşını olmamışdır. Sənədlərdən başqa paket, kulok görməmişdir. Yusifi niyə saxladıqların bilməmiş, həmin vaxt saat təxminən 9 radələri olmuşdur. Apellyasiya baxışı zaman dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, səhər işə gedəndə Yusifin 3-4 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını görmüşdür. Verilən suallara cavab olaraq göstərmişdir ki, polis formasında olduqları üçün onların polis əməkdaşı olduqlarını bilmişdir. Maşının yanında səhv etmirsə Yusifin üstünü yoxlamışlar. O, yoldan keçəndə Yusif bir neçə polisin əhatəsində olmuşdur. Maşının üstünə açar olmuş, təkcə bunu görmüşdür. Maşının açarının kimin üstündən çıxdığını görməmişdir. Maşının yanında polis əməkdaşları ilə Yusif bir yerdə olmuş, Yusif maşının yanında durmuşdur. Səhər-səhər ordan keçmiş, saatın dəqiq neçə olduğun xatırlamamışdır. Müdafiə tərəfi təqsiləndirilən şəxsin saxanması vaxtını və yerini mübahisələndirməmiş, onların iddiası Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə baxış keçirlməsi və hər hansı qanunla qadağan edilən əşyanın aşkar edilməməsi, şəxsi axtarış və götürmə protokolunu təzyiq nəticəsində imzalanması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsilirli bilərkən digər sübutlarla yanaşı onun şəxsi axtarış və götürmə zamanı göstərdiklərinə də əsaslanmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı və məhkəmə iclasında ifadəsini dəyişmiş, müdafiə tərəfi təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə zamanı göstərdiklərinin təzyiqlər nəticəsində baş verməsi barədə dəlillər irəli sürmüş, lakin bu əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs ona təzyiq və təsir göstərildiyini, xəsarətlərinin olduğunu bildirsə də, bu hal məhkəmə kollegiyası tərəfindən araşdırılmış, onun X6ə daxil olarkən xəsarətlərinin və işgəncə izlərinin olub-olmaması ilə bağlı sorğu verilmiş və cavablar tədqiq edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs müvvəqəti saxlama yerinə daxil olarkən üzərinə baxış keçirilmiş və xəsarətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri özü-özünə yetirdiyini bildirmişdir. Tutulmuş şəxsin axtarışı haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görsənir ki, Təqsirləndirilən şəxs müvvəqəti saxlama yerinə qəbul olunarkən sol qolunda kəsik yarası aşkar olunmuş, başqa xəsarətlər olmamışdır. 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs müvvəqəti saxlama yerinə qəbul olunarkən sol qolunda kəsik yarası aşkar olunmuş, bu barədə müvəqqəti saxlam yerinin növbətçisi, postaçısı və tutulan şəxsin iştirakı ilə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs aktda xəsarəti tutulmamışdan əvvəl öz-özünə yetirdiyini bildirmiş, aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclaslarında da Təqsirləndirilən şəxs qolundakı xəsarəti öz-özünə yetirdiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilmiş yeganə xəsarət sol qolunda kəsik yarası olmuş, həmin xəsarətin özü tərəfindən yetirilməsi aktla və Təqsirləndirilən şəxs ifadəsi ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs digər xəsarətlərin olmasına dair sənədlər olmamışdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsaslı olmamış, Təqsirləndirilən şəxs pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyindən o, məhkəmə hökmünə qədər azadlıqda olmuşdur. Lakin, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Bakı şəhəri Xətai rayon prokurorluğunun cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncə verilməsi və ya digər amansız rəftar edilməsinə dair rayon prokurorluğuna hər hansı məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlamaqla, ifadəsini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə ifadələrini əsaslı hesab etmir. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvala, bu hal, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı göstərdikləri ilə uzlaşmır. Çünki, o, şəxsi axtarış və götürmə zamanı narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu ilə yanaşı, şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirilməsi, lakin hər hansı qanunla qadağan edilən əşyanın aşkar edilməməsi dəlilinə gəldikdə bunun da iş materiallarında olan sübutlarla təsdiq edilmədiyi görünür. Müdafiə tərəfi bu dəlilinin təsdiqi kimi Təqsirləndirilən şəxs ifadələrinə istinad etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələri qiymətləndirən və əsaslı olmadığını yuxarıda əsaslandıran kollegiya bunun yenidən sadalanmasına lüzum görmür. Şahid5 və Şahid6 ifadələrinə gəldikdə onlar ifadələrində Təqsirləndirilən şəxs əynindəki şalvarın ciblərinə polis əməkdaşları tərəfindən baxış keçirilməsini görmələrinə dair hər hansı xüsusat bildirməmişlər. Onların ifadələrindəki məlumatlar Təqsirləndirilən şəxs saxlanılma yeri və vaxtı barədədir ki, bunu müdafiə tərəfi belə mübahisələndirməmiş, həmin ifadələr ittihamla uzlaşmışdır. Avtomobilin üzərində sənədlərin və açarın olmasını görmələri də, Təqsirləndirilən şəxs şalvarın cibində narkotik vasitənin olmaması anlamına gəlməmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi də onun ittihamını təkzib etməmişdir. Bu hal, Təqsirləndirilən şəxs məcburi müalicənin təyin edilib-edilməməsi məsələsi üçün əhəmiyyətli olmuşdur ki, qeyd olunan halı nəzərə alan birinci instansiya məhkəməsi ona məcburi müalicə təyin etməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müdafiə hüququ pozulmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləndən sonra qanusuz olaraq evinə, maşınına baxış keçirməsi dəliləri də əsaslı olmamışdır. CPM-in 139.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Əvvəla, müdafiəçi şikayətdə müdafiə hüququnun pozulmasını iddia etsə də məhz hansı hüququn pozulduğunu göstərməmiş, Təqsirləndirilən şəxs evinə və mənzilinə baxışın keçirilməsini təsdiq edən sübut olmamışdır. Maraqlıdır ki, apellyasiya şikayəti vermiş müdafiəçi məhz Təqsirləndirilən şəxs saxlanıldığı və üzərinə şəxsi axtarış keçirildiyi vaxtdan onun müdafiçisi olmuş, şəxsi axtarış və götürmə zamanı iştirak etmiş, protokolda qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeydi olmamış, şikayətində qeyd etdiyi iddalarla bağlı ümumiyyətlə istintaq zamanı hər hansı vəsatət verməmiş və mübahisələndirməmişdir. Şahid3 ifadələrinə gəldikdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və həmi halları yenidən sadalamağa lüzum görmür. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə birinci instansiya məhkəməsi ona cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası daxilində minumum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair 1(101)-1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair 1(101)-1053/2024 saylı, 04 iyul 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq “Prospekt” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-95/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-95/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver