Məhkəmə qərarları › İş №1(103)-952/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-952/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-952/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Hüseynov Səbuhi Sabir oğlunun sədrliyi ilə, hakimlər X5 və X4 ibarət tərkibdə) 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 saylı hökmü ilə xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Maştağa qəsəbəsi N.Nərimanov küçəsi ev 18-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 3035,0 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evdə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evin yaxınlığında saxlanılıb Baş X7 İdarəsinə gətirilərək idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 25,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də əməliyyat tədbirinin davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evə keçirilmiş baxış zamanı evin aynabəndində olan soyuducunun içərisində 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 4 ədəd ağ rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 400,0 qram, 990,0 qram, 800,0 qram, 820,0 qram olmaqla, ümumi təmiz çəkisi 3010,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis əməkdaşları onu ona aid olmayan külli miqdarda narkotik vasitə hesab edilən marixuananı üzərinə götürməyə məcbur ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilərək barəsində daha yüngül cəza təyin edilməsini və azadlığa buraxılmasını xahiş etmişdir. Xəstəlikdən əziyyət çəkir, ailə başçısı olmasının və iki azyaşlı övladının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Çıxarılmış hökm qismən əsassızdır və onun törətdiyi cinayət əməli CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, istər ibtidai istintaq dövrü, istərsə də məhkəmə istintaqı zamanı onun barəsində çıxarılmış hökmə əsas verən sübutlar həqiqi hallara uyğun sayıla bilməz və onun məhkəməyə təqdim etdiyi video görüntülərdə (hansı ki, hökmdə bu barədə hər hansı qeyd belə keçmir) onun xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evdə saxlandığı barədə deyilənlər təkzib olunur və onun üzərində olan 1 ədəd bükümdə təmiz çəkisi 25,0 qram narkotik vasitə olan qurudulmuş marixuanadan savayı evində aşkar olunduğu bildirilən ümumi təmiz çəkisi 3010,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın olması, eləcə də 1 ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzinin aşkar edilərək götürülməsi tamamilə uydurma, böhtandır. Belə ki, o, işlədiyi sahəyə, yəni qəbirsanlıqda məzarların üstünün hazırlanması (sinə daşının, baş daşının qoyulması və sair) işi ilə armatur satılan əraziyə idarə etdiyi jiqulu markalı maşınla gəlmiş və oraya gələn bir neçə polis əməkdaşı onu orada yaxalayıb ki, məhz yuxarıda qeyd etdiyi görüntülərdən də bunu aydın görmək olur. Üzərində də bildirdiyi kimi, özünün şəxsi istifadəsi üçün olan az miqdarda nəşə olub (qurudulmuş marixuana). Bütün bunlardan kənarda deyilənlər tamamilə yalandır. Məhz bunlara əsaslanaraq da Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-469/2024 saylı, 27 fevral 2024-cü il tarixli hökmünü qismən əsassız hesab edir və özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmir, hesab edir ki, törətdiyi cinayət əməli CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun yalnızca istifadəçi olduğunu, ittiham aktında göstərilən narkotik vasitəsinin onun olmasını etiraf etməsi üçün ona ailə üzvləri ilə təzyiqlər göstərildiyini, bu səbəbdən də etirafedici ifadə vermək və həmin narkotik vasitənin onun olmasını demək məcburiyyətində qaldığını bildirmiş, əməlində CM-in 234.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin əsassız olduğunu, təqsirləndirilən şəxsin hazırda müdafiə taktikasından istifadə edərək narkotik vasitənin onun olmasını inkar etdiyini, lakin onun törətdiyi cinayət əməlinin cinayət işi materialları, ekspert rəyi və s. sübutlarla öz təsdiqini tapdığını bildirmiş, bu səbəbdən də verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibət bildirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrə də əsaslanmışdır. Müdafiə tərəfi apellyasiya şikayətinin dəlili qismində ibtidai istintaq zamanı etirafedici ifadələr verməsini ona təzyiq göstərilməsi ilə əlaqələndirsə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin seçilməsi məsələsinin həlli zamanı məhkəmə qarşısına çıxarılan zaman ona qarşı hər hansı psixi və ya fiziki təsir-təzyiqlər göstərilməsi barədə hər hansı ifadə verməmiş, əksinə məhkəmə qarşısında dayanan zaman ona qarşı irəli sürülmüş ittiham üzrə törətdiyi əməldən peşman olduğunu bildirməklə kifayətlənmişdir. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər də olmamışdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Təqsirləndirilən şəxs pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışlar. Təqsirləndirilən şəxs istintaq zamanı izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişdir. Belə olan halda, müdafiə tərəfinin ilkin ifadələrin pis rəftar nəticəsində alınması ilə bağlı iddiaları əsassız görünür. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmə kollegiyası həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin evindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmamasını iddia etsə də, bu hal da iş materialları təkzib edilməkdədir. Əvvala, bu hal, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Çünki, o, həmin ifadələrində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, ekspert rəyi ilə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vaitələrin eyni tərkibli olması müəyyən edilmişdir. Bunlardan əlavə, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini göstərmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması CM-in 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959 №-li Qanunun 1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən və götürmə aparılarkən sonuncu narkotik vasitəni həm öz istifadəsi üçün, həm də satış məqsədilə əldə etdiyini bildirmişdir. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil omuş məlumatda da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması bildirilmişdir. Onun evindən aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdar təşkil etməklə bükümlərdə olmuş, tərəzi aşkar edilmiş, narkotik vasitə istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Həmçinin, təqsirləndirilən şəxs özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan ona məxsus mobil nömrəyə daxil olan və çıxan sms yazışmalarından onun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitəyə sahiblik etməsinin, digərilərinə verməsinin müəyyən edilməsi ilə təkzib olunur. Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəsinə daxil olan və çıxan mesaj mətnləri Azerfon MMC-dən götürülmüş və baxış zamanı 31 yanvar 2023-cü il tarixdə ***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsinə “30 vurdum qeseng olsa sabah 50 de vuracam qutuda verersan” kimi məzmunda mesajlar müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə onun ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sonuncuya cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmiş, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3, 65.2-ci maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 27 fevral 2024-cü il tarixli, 1(101)-469/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar