Məhkəmə qərarları › İş №1(103)-96/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-96/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-96/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış və halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-539/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-539/2022 nömrəli hökmünə əsasən (hakimlər Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışıdr. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təxminən 2021-ci ilin sentyabr ayının birinci ongünlüyündə satış məqsədi ilə qanunsuz olaraq külli mqdarda, yəni 7,044 qram çəkidə narkotik vasitə heroini və 11,680 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 08 sentyabr 2021-ci il tarixdə saat 18.00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib orada saat 20.00-da onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə edib satış məqsədi ilə şalvarının cibində saxladığı bir bükümdə ümumi təmiz çəkisi külli miqdarda, yəni 7,044 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda, yəni 11,680 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)- 539/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elan edilmiş ittihamda göstərilən hallar baş verməmişdir, həqiqəti əks etdirmirlər.İttihama əsasən mən ünvan 3 ünvanı 9-cu mkr- nun ərazisində yerləşir.Ancaq həqiqətdə isə mən Sumqayıt şəhəri 6-cı mkr ərazisində yerləşən çörək bişirmə sexinin qarşısında saxlanılmışam. Bundan əlavə, mən xx.xx.2022ci il tarixində deyil, ondan 2 gün əvvvəl saxlanılmışam, mən saxlanıldıqdan sonra müvəqqəti yaşadığım Sumqayıt şəhəri 48-ci məhəllədə yaşayan bacım Nuranə gilin evinə gətirildim.Həmin mənzildə polis əməkdaşları axtarış keçirdilər, heç bir narkotik vasitə və ya digər qanunsuz əşya aşkar etmədilər.Yaşayış sahəsinə axtarış keçirən zaman hal şahidi qismində yaşh bir qadın və bir kişi hal şahidi qismində iştirak etdilər. Bundan sonra məni polis idarəsinə gətirdilər. Mənim xx.xx.2021-ci il tarixində deyil ondan 2 gün əvvəl polislər tərəfindən saxlanıldığımı təsdiq edən şahidlər mövcuddur. Mənim ittihamda qeyd olunan ünvanda deyil, başqa ünvanda saxlanıldığımı təsdiq edən şahidlər mövcuddur. Bacım gilin mənzilində polislər tərəfindən axtarış keçirilməsini təsdiq edən şahidlər mövcuddur. İttihamla bağlı qeyd etməliyəm ki, mən saxlanılarkən üzərimdə cüzi miqdarda, yəni bir dəfə qəbul etmək üçün nəzərdə tutulan narkotik vaitə heroin olmuşdur. Mənim üzərimdən başqa narkotik vasitə aşkar olunmamışdır, üzərimdən heç bir tərəzi olmamışdır. Mən əvvəllər narkotik vasitə qəbul etmişəm, lakin həmin narkotik vasitə qurudulmuş marixuana və 2-3 dəfə isə heroin olmuşdur. Bütün bu xüsusatlarla bağlı mən məhkəmədə ifadə verməyə çalışsam da, məhkəmə onların heç birinə əhəmiyyət vermədən ibtidai istintaq zamanı təzyiq və təsir altında yazdırılmış ifadəmi hökmə eyni ilə yazmışdır. Bundan başqa, məhkəmədə mənə işin faktiki halları ilə bağlı izah verməyə heç bir şərait yaradılmamış, mənim məhkəməm daha çox formal olaraq keçirilmişdir. Hökmdə təqsirləndirilən şəxsin ifadəsi ibtidai istintaq zamanı təsir və təzyiq nəticəsində alınmış ifadə eyni ilə yazılmışdır, halbuki, ifadəmdə 300 manat müqabilində narkotik vasitə almağım barədə yazılanlar həqiqətdən kənardır, mən belə bir ifadə verməmişəm, tərəzi barədə deyilənlər və psixotrop maddə barədə yazılanlar tamamilə yalandır. Mən özümü qismən təqsirli bilmişəm, ona görə ki, üzərimdən istifadə üçün nəzərdə tutulan az miqdarda narkotik vasitə çıxmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-539/2022 nömrəli hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri tanımır. O istifadə etdiyi narkotik vasitələri üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən almışdır. Təqribən tutulmamışdan bir neçə gün qabaq o, Sumqayıtda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən narkotik vasitə və psixotrop maddə alarkən həmin şəxs çox alacağı təqdirdə ucuz qiymətə verəcəyini dedi. O da hər dəfə narkotik vasitə almağa adam tapa bilmədiyi üçün həmin şəxslə razılaşmış və həmin şəxsdən 300 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Çünki o, mütəmadi olaraq narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 08 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdirib ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, əvvəlcə bunu inkar etmişdir. Bundan sonra onu Bakı şəhərinə gətirib, polis idarəsində yenidən ona üstündə narkotik vasitə və ya psixotrop maddə olub olmadığını soruşdular. O da yalan danışmağın artıq əhəmiyyəti olmadığını başa düşüb etiraf edib hazırda üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onun hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirildi. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibində olan 02 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və onun şəxsiyyət vəsiqəsi sürücülük vəsiqəsi, pasportu, 03 ədəd plastik bank kartı, bir ədəd ona məxsus iş kartı, aşkar edildi. O, təqdim etdiyi bükümlərdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra bükümlər açıldı və onların içərisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olundu. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, aşkar edilmiş tərəzidən narkotik vasitə və psixotrop maddələri istifadə edərkən çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. Həmin maddələr tərəzidə çəkilərək qablaşdırılıb üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. O törətdiyi əməldən çox peşmandır. Şahid1 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 sentyabr 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə BNMİ-nin əməkdaşları Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradıldı və qrupa rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat tədbirləri nəticəsində həmin günü saat 18:00 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirildi. O, baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs seçdiyi vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs etiraz etmədi. Ona hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirildi. Axtarış 08 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirildi. Şəxsi axtarış başlamamışdan qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli heroinə bənzər maddəni, bir bükümdə metamfetaminə bənzər maddəni və bir ədəd elektron tərəzini təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sol yan cibindən onun sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pasportu, 03 ədəd plastik bank kartı, bir ədəd üzərində “Taryan Towers” yazısı olan iş kartı aşkar olundu. Bundan sonra həmin kütlələr qablaşdırıldı və iştirakçılar tərəfindən imzalanıb götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Sumqayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığın bildirdi. İşdə olan DİN-in BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 avqust 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə saat 18.00 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 7,044 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə 11,680 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 6/3961 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 7,044 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 11,680 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 5(060)- 577/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BNMİ-nin 08 sentyabr 2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs iş üzrə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini göstərib narkotik vasitələr satmadığını, onun üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmədiyini göstərsə də, məhkəmədə həmin hallar araşdırılarkən onun bu iddiaları öz təsdiqini tapmamış, əksinə onun bu iddiaları ilkin araşdırma materialları ilə, şahid ifadələri ilə, ekspert rəyi ilə, istintaq hərəkətləri protokolları ilə, maddi sübutlar və cinayət işinin digər materialları ilə təkzib edilmişdir. Bu səbəbdən də məhkəmə onun bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi həmçinin elektron tərəzənin Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsini təsdiq edən maddi sübut kimi qəbul edir, lakin tərəzinin sərbəst dövriyyədə olduğunu nəzərə alıb onu ittihamdan xaric etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən narkotik vasitənin və psixotrop maddə metamfetaminin külli miqdarda olmasını, dövriyyəsi qadağan olunmuş həmin maddə və vasitələrin ayrı-ayrı növlərdə olmasını nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin tövsifi dəyişdirilə bilməz, apellyasiya şikayətində göstərilən əməlin tövsifinə təsir edə biləcək dəlillər subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində işin halları ilə təsdiq olunmayan dəlilləri (ibtidai istintaq zamanı təsir və təzyiq nəticəsində ifadə verdiyini, elektron tərəzinin olmaması və s.) təqdim etməklə subyektiv mülahizələrinə əsasən özünə haqq qazandırmağa çalışmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub (əməlini qismən etiraf etməsini), ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-539/2022 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(101)-539/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar