Məhkəmə qərarları › İş №1(103)-963/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-963/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-963/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 26- da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, məhəllə 18, ev 26-da yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(101)-521/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahirə Kərimova (sədrlik edən), Fəxri Məmmədov və Anar Sadıqov) 29 fevral 2024-cü il tarixli, 1(101)-521/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəlinin 29 fevral 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X5” istirahət mərkəzinin ərazisinin giriş qapısında yerləşən 72 nömrəli postun yanında Zərərçəkmiş şəxs və digərlərinin qanunsuz hərəkətlərinin təsiri altında və aralarında baş vermiş şəxsi münasibətlər zəminində dalaşma zamanı, yəni Zərərçəkmiş şəxs və digər şəxslərlə mübahisə edib bir-birilərinə zərbələr vurub dalaşarkən özünü təhqir edilmiş hesab edərək üzərində olan istintaqa məlum olmayan kəsici-deşici əşya ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsinə və sol tərəfli pnevmohemotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılması) səbəb bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almadığını qeyd edib ona təyin edilmiş cəzanın CM-in 70-ci madddəsinə əsasən şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə uyğun dəyişdirilməsini, dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(101)-521/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən göründüyü kimi, müdafiəçi təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayətlərin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə ifadə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi CM-in 59.1.8, 59.1.12, 59.2-ci maddəsinə əsaslanmaqla onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilməsini, özünü təqsirli bilməsini, gənc olmasını, əvvəllər məhkum olunmamasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası daxilində minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmaqla cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin islah olunması yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Belə ki, CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halların, cəzanı yüngülləşdirici halların olmasını (cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir) əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(101)-521/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirəndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(101)-521/2024 nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X2 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar