Məhkəmə qərarları › İş №1(103)-966/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-966/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-966/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X11 (sədrlik edən və məruzəçi hakim), X12 və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 və nümayəndəsi – Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X13, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-89/2025 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-89/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim X7) xx xxxxxx 1997-ci ildə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Babək rayonu, Qoşadizə kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci döngə, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalında həbs edilməsi, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə, saat 05:55 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi, Şahid adına olan «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə metronun “Xalqlar Dostluğu” stansiyasından üzü metronun “Neftçilər” stansiyası istiqamətində saatda 60-70 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirərək, yolun sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmadan sağdan ötmə əməliyyatı apararaq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək ünvan 1 ünvanında yerləşən «Ramal» ticarət mərkəzinin qarşısında, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa agır zərər vurmaya aid Vİ-Vİİ boyun fəqərələrinin qövsünün və cisminin çoxsaylı, qəlpəli, yerdəyişmiş sınıqları, uzunsov beynin zədələnməsi, bədənin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən Vİ-Vİİ boyun fəqərələrinin sınıqları ilə müşayiət olunan bədənin küt travması nəticəsində uzunsov beynin zədələnməsi Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanın ən yuxarı həddi ilə cəzalandırılması və mülki iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs X1 həyat yoldaşının ölümünə səbəb olaraq ailəsini ağır vəziyyətə salmışdır. X3 İİ dərəcəli əlildir, buna görə də heç bir yerdə işləmir, oğlu X8 da İİ dərəcəli əlil olaraq əmək qabiliyyətsizdir. Ailəninin yeganə evə pul qazananı həyat yoldaşı Zərərçəkmiş şəxs olmuşdur. Onlar hal-hazırda maddi cəhətdən acınacaqlı vəziyyətdədirlər. Bununla yanaşı, X1 həyat yoldaşının faciəvi şəkildə ölməsi ilə əlaqədar mənəvi sarsıntı keçirmişlər. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs və yaxınları heç nə olmamış kimi özlərini aparırlar və ona qıcıq verirlər. Təqsirləndirilən şəxs atası ona bildirir ki, 1 (bir) ay ərzində oğlunu azad etdirəcək. Həyat yoldaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi zərər ödənilməməsinə, hüzn mərasimi üçün heç bir köməklik göstərilməməsinə, Təqsirləndirilən şəxs ilə onun bu hərəkətlərinə görə barışmamasına, X1 Təqsirləndirilən şəxs şikayətçi olmasına baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanın ən yuxarı həddi ilə cəzalandırmamış və mülki iddiasını baxılmamış saxlayaraq təmin etməmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) nümayəndəsi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 1(007)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün dıyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin ən yuxarı həddində cəza təyin edilməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) mülki iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə verilmiş mülki iddianın mülki qaydada araşdırma tələb etdiyini qeyd etməklə qanunda nəzərdə tutulmayan əsasla iddianın baxılmamış saxlanması barədə qərar qəbul etmişdir. Həmçinin mülki iddia verilməsi ilə bağlı zərərçəkmişin hüquqi varisinin ödədiyi dövlət rüsumunun onun ağır olan vəziyyətini daha da ağırlaşdırdığı halda yenidən mülki mühakimə qaydasında iddia qaldırılması ilə bağlı əlavə xərclərə düşəcəyi və yenidən rüsum ödəməli olduğunu nəzərə almamış, hətta ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olmasını belə hökmdə qeyd etməmişdir. Mərhumun həyat yoldaşı X3, həmçinin sonuncunun oğlu hər ikisi İİ qrup əlildirlər və mərhumun sağlığında mərhumum himayəsində olmuşlar. Bundan başqa, apellyasiya şikayətinə əlavəyə qoşma kimi əlavə edəcəyi DOST Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin arayışlarından göründüyü kimi, mərhum Ramiq Qəhrəmanov 337.77 manat əmək pensiyası almış, həmçinin İ qrup əlilliyə görə 200 manat Prezident təqaüdü almış, habelə İ dərəcəli əlilliyi olan şəxs kimi əlavə olaraq 100 manat məbləğində də Prezident təqaüdü almışdır. Bundan başqa, mərhum bazarda dəmirçinin yanında fəhlə işləyərək gündəlik qazancı 50-60 manat təşkil etməklə aylıq qazancı 1.500-1.800 civarında olmuşdur. İşin mübahisəsiz halı ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin həyat yoldaşı təqsirkar Təqsirləndirilən şəxs təqsiri üzündən vəfat etmiş və ailə başçısını itirən əlil qadın, hətta himayəsində İ dərəcəli əlil uşağı da olmaqla köməksiz vəziyyətdə qalmış, nəticədə ərinin qulluq və qayğısından məhrum olmuş, hətta maddi asılı olduğu ərinin maddi dəstəyindən də məhrum olmuşdur. Qeyd olunan hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi mənəvi sarsıntı və iztirab keçirməməsi mümkünsüzdür. Bütün bu hadisələrin baş verməsinin səbəbkarı olan təqsirləndirilən şəxs istintaq müddətində azadlıqda olmasına baxmayaraq, zərərçəkmiş şəxsin ailəsi ilə maraqlanmamış, hətta yas mərasimi ilə bağlı xərclərdə də ailəyə yardım etməmişdir. Mərhumun yas və dəfn mərasiminə xərclənən məbləğlər və həmin xərclərə görə verilmiş ödənişlərlə bağlı ceklər təqdim edilmədiyi hamıya bəlli olduğundan qeyd olunan məsələrin sübut edilməsinə zərurət yoxdur. Beləliklə, bütün bu qeyd olunan halları diqqətə çatdıraraq zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyə müraciət etdiyi kimi mənəvi olaraq 100.000 manat, maddi olaraq 50.000 manat, dəfn xərci üçün 500 manat, dövlət rüsümu olaraq ödədiyi 445 manat, cəmi 155.445 manat pulun Təqsirləndirilən şəxs alınaraq X2 verilməsi xahiş edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 və onun nümayəndəsi Müdafiəçi3 apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 1(007)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün dıyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin ən yuxarı həddində cəza təyin edilməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) mülki iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə etiraz etməyərək, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə etiraz edərək, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməməsini və birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) apellyasiya şikayətinin və onun nümayəndəsinin apellyasiya şikayətinə əlavənin əsas dəlilləri - təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasından və mülki iddianın təmin edilməsindən ibarətdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş apellyasiya şikayətindən, onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədən göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayətin hüquqi tövsifi və təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzaların növü (əlavə və əsas cəza) mübahisələndirilməmişdir. Apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə törədilmiş əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək əməlin tövsifinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri, onun etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, habelə iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş, birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəfi) nəzərə almaqla sözügedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən və ona əlavədən göründüyü kimi təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəzanın ağırlaşdırılması xahiş edilmişdir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və digər sübutları nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində ədalətli həddə həm əlavə cəza, həm də əsas cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının (həm əlavə, həm də əsas cəza) dəyişdirilib, daha ağır cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və ona əlavənin mülki iddia ilə bağlı hissəsi ilə əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri (353.2.9-cu maddə), nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) (maddə 353.4.10) göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirliməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddia) məhkəməyə müraciət edərək mənəvi zərərə görə 100.000 manat, maddi zərər görə 50.000 manat, dəfn xərci üçün 5000, dövlət rüsümu kimi ödədiyi 445 manat, cəmi 155.445 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instanisiya məhkəməsi qeyd etmişdir ki, ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1119-1122-ci maddələri ilə tənzimlənmişdir. Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Qeyd olunan hallar və zərərin əvəzinin ödənilməsi müddəti, məbləği mülki xarakterli araşdırma tələb etdiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, mülki iddia baxılmamış saxlanılmalı və zərəçəkmiş şəxsin hüquqi varisinə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) yuxarıda şərh edilən normalara müvafiq olaraq və həmin normalarda nəzərdə tutulmuş hüququndan istifadə edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi haqqında mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırki işin materiallarından, o cümlədən birinci instansiyası məhkəməsinin iclas protokollarından və hökmdən görünür ki, yuxarıda təsvir edilən cinayət-prosessual normaların, xüsusilə də məhkəmədən sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı, məhz yoxlanılmış, nəticələrin çıxarılması üçün kifayət edən sübutların məcmusunun üzərində öz mühakiməsini qurmağı tələb edən 144, 145, 146-cı maddələrinin ziddinə olaraq məhkəmə mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayəti və ona əlavə verərək mülki iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası sözügedən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, 5.000 manat dəfn pulu və mənəvi zərər ağlabatan məbləğdə müəyyənləşdirilməklə zərərçəkmiş şəxsin hüquqi varisinə (mülki iddiaçı) ödənilməlidir. İlk növbədə məhkəmə kollegiyası bildirir ki, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinə (mülki iddiaçıya) mülki iddia üzrə tələblə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, onun və nümayəndəsi tərəfindən qeyd edilənlərlə bağlı heç bir sübut təqdim edilməmişdir. Lakin məhkəmə kollegiyası mülki iddia üzrə dəfn xərci ilə bağlı bildirir ki, şəxsin dəfni üçün bir sıra işlərin görülməsi (dəfn edilməsi, qəbir daşının düzəltdirilməsi, mərasimlərin keçirilməsi və sair) kifayət qədər xərc tələb edir və belə xərcin təxminən 5.000 manat təşkil etməsi istisna edilmir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mülki iddia dəfn xərci ilə bağlı 5.000 manat pul vəsaitinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin və onun oğlunun İİ qrup əlil olmalarını, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsini, baş vermiş hadisənin ehtiyatsızlıqdan törədilməsini, əməlin təhlükəlilik dərəcəsini və nəticəsini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin həddi 3.000 (üç min) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 181.3.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.2. zərərçəkmiş şəxsin dəfninə. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı qeyd edir ki, müəyyən olunmuş işin faktiki hallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi və oğlu İİ qrpu əlildir, ailə başçısının ititrilməsinə görə mənəvi iztirab və stres keçirmişlər. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi barədə qaldırılmış iddiaya qiymət verərkən zərərçəkən şəxsin hüquqi varisinin fərdi xüsusiyyətlərini, keçən uzun müddət ərzində onun və digər ailə üzvünün keçirdiyi mənəvi iztirab və sarsıntılarını, habelə işin sair diqqətəlayiq halların nəzərə alınmasını məqsədəmüvafiq hesab edərək qeyd edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və mənəvi zərər 3.000 manat məbləğində müəyyən edilərək mülki cavabdeh, eyni zamanda Təqsirləndirilən şəxs tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə kollegiyası, həmçinin mülki iddianın digər hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə sübutlar məhkəməyə təqdim edilmədiyindən, mülki iddia qalan hissələrdə təmin edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mülki iddia qismən təmin edildiyindən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) mülki iddianın verilməsi ilə bağlı dövlət rüsumu kimi ödəmiş olduğu 445 manatın iddianın təmin edilmiş hissəsinə münasibətdə 100 (yüz) manatı təqsirləndirilən şəxs və mülki iddiaçıdan zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) xeyrinə tutulmalıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinin və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-89/2025 nömrəli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmə, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.4 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş apellyasiya şikayəti və nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(007)-89/2025 nömrəli hökmü mülki iddiaya aid hissədə dəyişdirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 5.000 (beş min) manat dəfn xərci, 3.000 (üç min) manat mənəvi zərər və dövlət rüsumu kimi ödənilmiş 100 manat, cəmi 8.100 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X2 ödənilsin. Mülki iddia qalan hissələrdə təmin edilməsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar