Məhkəmə qərarları › İş №1(103)-975/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-975/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-975/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndə və vəkili «Nümayəndə və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Vəzifəli şəxs “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs, məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə (hakim Abbas Rzayev) xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, halhazırda boşanmış, himayəsində 2 (iki) azyaşlı övladı olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 03 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 03 il sınaq müddəti ilə şərti məhkum edilmiş, sınaq müddəti başa çatmış, məhkumluğu ödənilmiş, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 3 «b» nömrəli evdə qeydiyyatda olan və yaşayan,barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Vəzifəli şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək o, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, yerli özünü idarə orqanlarında və özəl təşkilatlarda maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci il tarixdən – 11 sentyabr 2020-ci il tarixədək, həbsdə olduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Vəzifəli şəxs «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs oğlu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, o, cavabdeh kimi rəhbəri olduğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi ziyana görə 91 267 manat, əsassız varlanmaya görə 14 303,17 manat və ödənilmiş dövlət rüsumunun 19, 80 manat hissəsinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(103)-696/2018 nömrəli qətnaməsi üzrə verilmiş 22 dekabr 2017-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə görə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 8 (001)-1604/2018 nömrəli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına və həmin məhkəmənin 07 avqust 2019-cu il tarixli, 3(001)-2291/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 1 500 manat məbləğində inzibati qaydada cərimə edildikdən sonra icra məmuru tərəfindən ona 12 sentyabr 2019-cu il tarixli məktubla icra üçün yeni müddət təyin olunmasına baxmayaraq, özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, təqdimatın verildiyi 04 fevral 2020-ci il tarixə qədər olan müddətdə 105 589,97 manat yaranmış borcunu Zərərçəkmiş şəxs ödəməkdən boyun qaçıraraq, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünü ləğv edərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini, Təqsirləndirilən şəxs əməlində ədalət mühakiməsi əleyhinə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci, Feyruzan Tüney və Məryəm Tüneyin əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinin tərkib əlamətləri olduğundan bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığına görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 1(001)-77/2021 saylı hökmü ləğv olunmalı və təqsirləndirilən şəxsin cəzası ağırlaşdırılmalıdır. Hələ tərəflər arasında mülki işlə bağlı mübahisələr davam edərkən bəlli idi ki, Təqsirləndirilən şəxs rəsmi olaraq cəmiyyətin direktoru vəzifəsini icra etsə də, həmin quruma faktiki olaraq rəhbərliyi digər təsisçi Məryəm Tüney və onun həyat yoldaşı Feyruzan Tüney həyata keçirir. Təqsirləndirilən şəxs ixtisasca memar olmaması və şirkəti Feyruzan Tüneyin arvadı Məryəm Tüneylə birgə təsis edərək bərabər paylara malik olması, şirkətin hüquqi ünvanının Məryəm Tüneyin atasının qeydiyyatda olduğu ünvanda olması onun verdiyi ifadənin doğru olmasına əminlik yaradır. Hesab edir ki, Təqsirləndirilən şəxs bu ifadələri məhkəmə baxışı zamanı işlətməklə həm özünün, həm də Məryəm və Feyruzan Tüneylərin əvvəlki mülki mübahisələr zamanı sübutları saxtalaşdırmasını etiraf etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs son söz söylədiyi zaman bildirdikləri məhkəmə istintaqının təzələnməsi üçün əsas olmalı idi. Ən azından ona görə ki, hazırki cinayət işinin ibtidai araşdırılması zamanı ifadə vermiş Feyruzan Tüney, məhkəmə icraatında isə onun həyat yoldaşı Məryəm Tüney(ifadə məktub vasitəslə verilib) yalan ifadə verməklə ədalət mühakiməsini yanıltmağa çalışmışlar. Hazırki cinayət işində zərərçəmiş şəxs kimi tanınmağıma səbəb mülki qaydada iddiamın təmin edilməsi barədə qətnamə çıxarılması, təqsirləndirilən şəxsin bu qətnaməni digər şəxslərlə əlbir olub qərəzli olaraq icra etməmişdir. Yuxarıda sadaladığım faktlara əsasən hesab edir ki, “xxxx” MMC-nin rəsmi rəhbəri Təqsirləndirilən şəxs əməlində sübutları saxtalaşdırma, həmin qurumun faktiki rəhbərləri olaraq bütün işləri görən və qazanc əldə edən Feyruzan və Məryəm Tüneylərin əməllərində isə yalan ifadə vermə cinayətinin tərkib əlamətləri olduğundan, onların törətmiş olduğu əməllər barəsində Prokurora məlumat verilməlidir. Bundan başqa “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs Cinayət məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinməsinə baxmayaraq sadəcə olaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdir. Halbuki həmin maddənin sanksiyası 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hesab edir ki, birinci instansiya məhkəməsinin aşağı həddə cəza təyin etməsinə əsaslar mövcud olmamışdır. Qanunvericilik hökmün qəbulu zamanı təqsirləndirilən şəxsin təkcə məsuliyyətini yüngülləşdirən halları deyil, habelə məsuliyyəti ağırlaşdıran halları nəzərə almağı tələb edir.Təəssüflər olsun ki, bu tələbə hazırki hökmü qəbul etmiş məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Hökmdən həmçinin məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hökm qanunsuz və əsassız olmaqla, hüquqlarını müdafiə etdiyim şəxsin ıüquq və qanuni mənafelərinə zidd şəkildə qəbul edilmişdir. Belə ki, preyudisial əhəmiyyətə malik olan və cinayət işinin materiallarına əlavə idilmiş 06 oktyabr 2017-ci il tarixli 2(103)-696/2018 nömrəli məhkəmə qətnaməsindən görünür ki, zərərçəkmiş şəxs pozulmuş hüquqlarının bərpası məqsədi ilə hüquqlarını Təqsirləndirilən şəxs qarşı deyil, məhz “xxxx” MMC-yə qarşı iddia tələbi irəli sürmüş və məhkəmə qətnaməsi ilə zərərçəkmiş şəxsin mənafeləri məhz “xxxx” MMC hesabına təmin edilmişdir. Başqa sözlə, qanuni qüvvəsini minmiş məhkəmə qətnaməsi əsasında iki müstəqil subyekt çıxış etmiş, iddiaçı qismində zərərçəkmiş şəxs, cavabdeh qismində isə hüquqi şəxs qismində çıxış edən “xxxx” MMC barəsində icraya yönəlmiş məhkəmə qətnaməsi əsasında icraatı başlanmış icra işində də iki subyekt çıxış etmiş, tələbkar qismində zərərçəkmiş şəxs, borclu qismində isə “xxxx” MMC çıxış etmişdir. Məhkəmə qətnaməsinin icrası qaydasında zərərçəkmiş şəxs qarşısında borclu kimi hüquqlarını Təqsirləndirilən şəxs deyil, məhz “xxxx” MMC çıxış edir. Belə olduğu halda, məlum məhkəmə qətnaməsinin şəxsən Təqsirləndirilən şəxs tərəfindən icrası, o cümlədən məcburi icrası mümkün deyil. Buna baxmayaraq icra mərhələsində, istintaq dövründə və məhkəmə icraatında borclu hüquqi şəxsin barəsində və ona münasibətdə hər hansı tədbir və ya nəlumatlandırma xarakterli digər işlər həyata keçirilməmiş, borclu hüquqi şəxsin bank hesablarımn mövcudluğu, onlarda pul vəsaitlərinin olub-olmaması, eləcə də borclu hüquqi şəxsin hər hansı digər formalarda ödəmə qabiliyyətinin olub-olmaması dolğun şəkildə araşdırılmamış, araşdırılan hissədə isə həmin məsələyə münasibət bildirilməmişdir. Lakin iş materiallarından da görünür ki, istintaq zamanı hüquqi şəxsin bank hesabları, məhkəmə qətnaməsinin icra vərəqəsinin verildiyi tarixdən sonra hər hansı dövriyyəsinin olub-olmaması aydınlaşdırılmamış, qərəzli icra etməmənin nədə ifadə edilməsi sübut edilməmişdir. Çünki qeyd edilən cinayət tərkibi üzrə əhəmiyyətli ünsürlərdən biri də məhz qərəz faktının olmasıdır. Hazırki halda isə hüquqi şəxsin ödəmə qabiliyyətinin olmaması, onun formal-hüquqi baxımdan sadəcə işçisi olan direktor üçün öhdəlik yarada bilməz. Çünki həmin qətnamə qəbul edilməmişdən daha öncə borclu hüquqi şəxsin fəaliyyəti dayandırılmışdır və sonrakı dövrdə də heç bir dövriyyəsi olmamışdır. Bütün bunlara əsasən isə, istintaq dövründə borclu hüquqi şəxsin hər hansı əmlakının olmaması müəyyən edilsə də, əsassız şəkildə hüquqi şəxsin borclu olduğu vəsaitlər hüquqi şəxsdən deyil, məhz onun qanuni təmsilçisi olan şəxsdən tələb edilmişdir. Bu isə adi mülki dövriyyə münasibətlərinə tamamilə ziddir. Qeyd edilən halda məhkəmə qətnaməsinin icra məmuru tərəfindən yanlış icra edilməsi, bunun müvafiq olaraq istintaq orqanında davam etdirilməsi və yekunda isə Binəqədi Rayon məhkəməsi tərəfindən şəxsin jarəsində ittihamedici hökmün çıxarmasına rəvac verməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması və şəxsin barəsində əsassız olaraq ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. Hökmdən həmçinin məhkumun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsassız olmasını araşdırmamış, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına düzgün hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsin şəxsiyyətini düzgün səciyyələndirməmiş, təqsirləndirilən şəxsin ailə vəziyyətini, onun ailəsinin yeganə qazanc gətirəni olmasına, himayəsində iki azyaşlı uşağının olmasına, azadlıqdan məhrumetmə cəzası təyin edilərsə təyin edilmiş cəzanın onun ailəsinə mənfi təsir göstərəcəyinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə gedişi zamanı təqsirləndirilən şəxsin verdiyi ifadədən müəyyən edildi ki, ona qarşı irəli sürülmüş ittiham əsassızdır, belə ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı qəsəbəsinin ərazisində tikdirdiyi evin fasadının təmir işlərinin görülməsinə görə və pəncərələrin qoyulub şüşələnməsinə görə heç vaxt Təqsirləndirilən şəxs pul verməmişdir, iş görməsi barədə onunla heç bir danışıq aparmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına baxmayaraq ona həddindən artıq sərt cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-cü maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən ona bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsinin məhkumun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işin digər obyektiv halları ilə təsdiq olunduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində 2 (iki) azyaşlı övladının olmasını və gənc olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunduğunu) və ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxsnın ittiham olunduğu maddənin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. Apellyasiya şikayətlərində göstərilənlər qanuni və əsaslı məhkəmə qərarının dəyişdirilməsi üçün əsas ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar