Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-977/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1994-cü ildə Xaçmaz rayonu, Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-414/2022 saylı, 12 sentyabr hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Xaçmaz rayonu, Aşağı Zeyid ərazi dairəsi, Çılğır kəndində qeydiyyatında olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 25-də yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 1(001)-414/2022 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətinə azalıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 1(001)-414/2022 nömrəli hökmü ilə məhkum olunduğu 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 2 (iki) ay 26 (iyirmi altı) gün hissəsi CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş 1(bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 7 aprel 2022-ci il tarixdən 9 aprel 2022-ci il tarixədək, 26 avqust 2022-ci ildən 28 avqust 2022-ci ilədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilərək yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu DSK yolunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,524 qram olan qəhvəyi rəngli narkotik vasitə heroini əldə etdikdən sonra əynində olan qara rəngi cins şalvarının qabaq sağ yan cibində gizlədərək saxlamaqla daşımış, 26 avqust 2022-ci il tarixdə saat 21.30-da Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində “Şəhriyar” marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və həmin gün saat 23.15-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,524 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2024-ci il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə 01 mart 2024-cü il tarixli hökmündə Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasmm iki gününə bərabər tutulmaqla, yəni 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə səhvə yol vermişdir. Yəni məhkəmənin qəti olaraq təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddi 01 il 06 ay müddətdən çox olmalı olduğu halda, qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla da, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Apellyasiya baxışında dövlət ittihamçısı X4 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CMdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edərək bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edən zaman cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, l(004)-414/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, l(004)-414/2022 nömrəli hökmü ilə məhkum olunduğu 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 29 fevral 2024-cü il tarixdə 02 ay 25 gün hissəsini çəkmiş və çəkilməmiş qalan cəza müddəti 02 il 09 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 16cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi 01 mart 2024-cü il tarixli, 1(001)- 136/2024 saylı hökmündə Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, yəni 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə səhvə yol vermiş və bununla da cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi və cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 120 manat (20x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 398.1.4, 399.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(001)-414/2022 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətinə azalıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(001)- 414/2022 nömrəli hökmü ilə məhkum olunduğu 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 2 (iki) ay 26 (iyirmi altı) gün hissəsi CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 7 aprel 2022-ci il tarixdən 9 aprel 2022-ci il tarixədək, 26 avqust 2022-ci ildən 28 avqust 2022-ci ilədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi2 dövlət büdcəsinin vəsaiti hesabına 120 (yüz iyirmi) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-977/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-977/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver