Məhkəmə qərarları › İş №1(103)-985/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-985/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-985/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əkbərovun sədrliyi və məruzəsilə, Faiq Adil oğlu Qasımov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı X4, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, evli, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 12-də qeydiyyatda olmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28 iyun 2001-ci il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş AR CM-nin 94-cü maddəsinin 1,6,7-ci bəndləri, 23 iyun 1993-cü il tarixədək qüvvədə olmuş AR CM-nin 88-ci maddəsinin 2-ci hissəsinin 1,2,6-cı bəndləri ilə təqsirli bilinərək 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş AR CM-nin 38-ci maddəsinə əsasən cəzasının əvvəli 19 iyun 1994-cü il tarixdən hesablanmaqla və cəzasını həbsxanada çəkməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 08 sentyabr 2016cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28 iyun 2001-ci il tarixli hökmü ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunaraq üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları ilə məhkumlara qadağan olunmuş əşya sayılan işlək vəziyyətdə olub istifadə üçün yararlı olan bir ədəd “Nokia” markalı, 10 modelli, **********34581 imei kodlu mobil telefou əldə edərək özündə saxlamış, gəzdirmiş, ***-***-**-** və ***-***-**-** nömrəli GSM kartından istifadə edərək tanışı X2 ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlarına zəng edərək əlaqə saxlamış, SMS-lər göndərmiş, 09 noyabr 2014-cü il tarixdə, saat 10:30 radələrində Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən 6-cı rejim korpusunun 178 saylı kamerasında keçirilən axtarış-baxış tədbiri zamanı ona məxsus çarpayının üzərindəki döşəyin içərisində düzəldilmiş gizlin saxlanc yerindən daxilində “Nar” nömrəli GSM kartı olan həmin mobil telefon aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum apellyasiya şikayəti verib mobil telefonun özü tərəfindən cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təhvil verildiyini, ittihamda yalan olaraq mobil telefonun axtarış-baxış zamanı aşkar edilməsinin göstərildiyini qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkumun və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, ədalətli qərar qəbul edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, o cümlədən, şahid X2 ifadəsi, məhkəmə-texniki ekspertizasının rəyi, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin “Nokia” markalı, 105 modelli, **********34581 imei kodlu mobil telefona daxil olan və çıxan zənglərə dair çıxarış-disk, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Hökmdən məhum apellyasiya şikayəti verərək mobil telefonu könüllü şəkildə cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təhvil verdiyini göstərsə də, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi cinayət məsuliyyəti yaratdığından həmin əşyaların könüllü təhvil verilməsi əməlin cinayət olmasını aradan qaldıran və ya şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas olan hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, müvafiq mobil telefon məhkum tərəfindən könüllü təhvil verilməməklə Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən 6-cı rejim korpusunun 178 saylı kamerasında keçirilən axtarış-baxış tədbiri zamanı aşkar edilərək götürülmüşdür. Belə ki, iş materiallarında olan 09 noyabr 2014-cü il tarixli protokoldan görünür ki, saat 10:30 radələrində Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən 6 saylı rejim korpusunun 178 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı məhkum Təqsirləndirilən şəxs məxsus çarpayının üzərindəki döşəyin içərisində düzəldilmiş gizlin saxlanc yerində gizlədilmiş daxilində ***-***-**-** nömrəli GSM danışıq kartı olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkuma təyin edilmiş cəzaya gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəza çəkdiyi yer üzrə mənfi xarakterizə olunmasını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və qanunvericiiyin tələblərini rəhbər tutaraq həmin cəzanı AR CM-nin 67.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28 iyun 2001-ci il tarixli hökmü ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmişdir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair 08 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1ci maddəsi ilə məhkum edilməsinə dair 08 sentyabr 2016-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar