Məhkəmə qərarları › İş №1(103)-992/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-992/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-992/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(003)-111/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü ilə (hakim Hüseyn Hüseynli) xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübut məsələri həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,556 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindən əldə edərək üstündə saxlayıb, Binə qəsəbəsinə daşımış, 10 iyul 2023-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsi, Bina 13-ün qarşısında piyada hərəkətdə olan zaman həmin ərazidə xidmət aparan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb baş vermiş oğurluq hadisələrində iştirakı olub-olmamasını yoxlamaq məqsədi ilə Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf selofana bükülmüş kustar üsulla hazırlanmış 0,556 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət tərkibi olmadığından, barəsində bəraətverici əsasla hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 medalla təltif olunmuşdur. İyul ayının 10u səhər saat 09:30 radələrində öz binalarının qarşısında dayanarkən, Binə qəsəbəsi 3-cü polis bölməsinin əməkdaşları ona yaxınlaşıb şübhəli şəxs qismində 3-cü polis bölməsinə dəvət etdilər. Orada onun üstündə axtarış keçirilən zaman mobil telefon, alışqan və 4 manat qismində pul çıxdı. Əməliyyatçı Şahid1 ona demişdir ki, “sən narkotik istifadəçisisən”. O bu işi inkar edərkən əməliyyatçı onun başından yumuruqla iki zərbə endirmişdir. Bu proses öz otağında baş vermişdir. Öz cibində bükülü salafanda, özünündə dediyi kimi metamfetamini çıxarıb ona dediki “bu sənindir. Əgər qəbul etməsən, iki nəfər narkoman tapıb gətirəcəm və onlar deyəcəklər ki, narkotiki səndən alırlar, işini dahada ağırlaşdıracam”. Çıxılmaz vəziyyətdə, mənəvi və psixoloji vəziyyətcə sıxıldığına görə bu böhtanı öz üzrərinə götürmək məcburiyyətində qalmışdır. Sonradan video çəkiliş oldu. Orada hərşeyi onların dediyi kimi danışmışdır. Sonradan onu Məştağa Narkoloji disponserinə apardılar. Orada sidikdən analiz vermiş və sidiyindən metamfetamin aşkar olunmuşdur. Buna görə onun Mərdəkan qəsəbəsindəki müvəqqəti saxlama məntəqəsinə apardılar. İki gün orada qaldıqdan sonra, prokuror qarşısına çıxmış və o müvəqqəti məhkəməyə qədər zaminə buraxılmışdır. Onun işinə Xəzər Rayonu Məhkəməsində Hüseynli Hüseyn tərəfindən baxılmışdr. Şahid1 o məhkəmələrin yalnız birində iştirak edib və öz yanında şahid kimi gətirdiyi şəxs Şahid2 Mirzəağa oğlunu o, ümumiyyətlə tanımır. Axır qərar olaraq ona 1 il 5 ay 26 gün müddətində elektron qolbaqla azadlıqdan məhdudlaşdırma cəzası təyin olundu. O, bu qərarla qəti şəkildə razı deyil və işinə yenidən düzgün şəkildə baxılmağını xahiş edir. O, bu torpaqlar uğurunda 44 gün müddətində cəsarətlə döyüşmüşdür. İndi də MAHHXHQ-çusu kimi vətənə xidmət etmək istəyir Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 məhkəmə kollegiyasından məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır, ümumiyyətlə narkotik vasitədən istifadə etmir. 10 iyul 2023-cü il tarixdə H.Hasilov küçəsində evinin qarşısında dayanıb siqaret çəkmişdir. 2 nəfər polis əməkdaşı gələrək onu Xəzər RPİnin 3-cü PŞ-nə aparmışlar. Orada olan zaman ona üzərində narkotik vasitə olduğunu demişlər. O, həmin zaman üzərində narkotik vasitə olmadığını bildirmişdir. İntiqam adlı polis əməkdaşı onun başına şillə vurmuş, sonra onu qapıya çırpmışdır. Ona “Əgər üzərində narkotik vasitə olmadığını desən, səni külli miqdar narkotik vasitələrin satışı, istifadəsi və dövriyyəsi ilə sənədləşdirəcəm” demişdir. O, da məcbur qalıb, ona verilən narkotik vasitəni cibinə qoymuşdur. Sonradan vəkil çağırılmış və hamının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində axtarış-baxış keçirilmişdir. O, üzərində olan narkotik vasitəni cibindən çıxarıb masaya qoymuş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini, bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, iyul ayının 10-da 2-ci PŞ-nin sahə inspektoru polis mayoru Şahid2 ilə birlikdə günün birinci yarısı Binə qəsəbəsində Hicran Hasilov küçəsində bir nəfər şübhəli şəxs görmüşlər. Həmin şəxs onları görən kimi yayınmağa cəhd göstərmiş, lakin onlar həmin şəxsi saxlamışlar. Həmin ərəfələrdə Hicran Hasilov küçəsində oğurluq hadisələri baş vermişdir. Onlar şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə təhiqatçının xidməti otağında videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, əynində olan qara rəngli şalvarının sağ cibindən şəffaf rəngli sellofana bükülmüş narokotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Özündən soruşanda metamfetamini Suraxanı qəsəbəsində 20 manata aldığını, bir qismini istifadə etdiyini, bir qismini isə sonra istifadə etmək üçün saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis-kapitanı Nihad Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:10-10:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf selofana bükülmüş 01 ədəd bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polismayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-15218/23 saylı "xxxx" MMC tərəfindən verilmiş məktub və ona əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 08:35-dən 12:24-ə kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ATS 456 saylı anten darəsinin əhatəsində olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-15719/23 saylı "xxxx" MMC tərəfindən verilmiş məktub və ona əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 09:22-dən 10:22-ə kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ATS 456 saylı anten darəsinin əhatəsində olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş "xxxx" MMC tərəfindən verilmiş 27528 saylı, xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş CD diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3714 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 244» dairəvi möhür əksi olan, «Ş/ş-,Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,556 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına «Siyahı İ» daxildir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyul 2023-cü il tarixli, 4334 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş İ-4610 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş İ-61702 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət hüquq normalarınınn həyata keçirilməsi cinayət törətdiyinə görə təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən cəzanın təyin edilməsindən ibarətdir. Cinayət hüquq normalarının həyata keçirilməsi prosesinin özü cinayət-prosesual qanunvericiliklə tənzimlənir, lakin cinayət qanunvericiliyində də cəzanın təyin edilməsinin ümumi müddəalarını müəyyən edən normalar mövcuddur ki, bu da cinayət məsuliyyətinin əsas prinsiplərinə riayət olunmasının təminatı olmalıdır. Təqsirkara cəzanı seçərkən, məhkəmə Cinayət Məcəlləsində təsbit edilmiş və onlara uyğun olaraq cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsi ilə müəyyən edilmiş hədlərdə və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla ədalətli cəzanın təyin edildiyi müəyyən prinsipləri rəhbər tutmağa borcludur. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-nin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını onun ədalətliliyi prinsipi birləşdirir. Törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olan cəza ədalətli hesab edilməlidir, yəni söhbət cəzanın fərdiləşdirilməsindən gedir. Cinayət hüququnda ədalət prinsipi CM-nin Xüsusi hissəsinin normalarının böyük əksəriyyətində alternativ sanksiyaların olmasında öz ifadəsini tapır. Buna görə də qanunverici xüsusi olaraq vurğulamışdır ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha sərt cəza növü daha yüngül cəza növünün cəzanın məqsədlərinə çatmağı təmin edə bilmədikdə, təyin edilir. Ədalət prinsipinə mənaca cəzanın yetərliliyi prinsipi çox yaxındır. Yetərlilik prinsipi, təəssüf ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət hüquq normalarında öz əksini tapmamışdır, lakin bu CM-nin 58.3-cü maddəsində yer almışdır: cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yetərlilik prinsipi onda öz ifadəsini tapır ki, cəza mahiyyətinə görə bütün tərəfləri, həm məhkumu, həm də zərərçəkmiş şəxsi, həm də bütövlükdə cəmiyyəti qane etməlidir. Buna yalnız idealda nail olmaq mümkündür. Amma yenə də cəza həddindən sərt olarsa, o zaman ədalət prinsipi pozulacaq. Həddindən artıq ciddi cəza məhkumda inciklik, qəzəb hissi yaradır ki, bu da cəzanın məqsədlərinə çatmağa neqativ təsir göstərir. Eyni zamanda, həddən artıq yüngül cəza təkcə məhkumda deyil, həm də digər şəxslərdə cəzasız qalma illüziyasını yaradır və onları yeni cinayətlərin törədilməsinə təhrik edir. Beləliklə, sosial ədalətə məhkəmə tərəfindən cəza təyin edilərkən aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-nin Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır; vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. rekord. Bu meyar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s. e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin xüsusiyyətlərinə, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi- qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları yəni, Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin “Ağdamın azad olunmasına görə” medalı ilə və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, cəzanı ağırlaşdıran halların olmadığını kifayət qədər nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(003)-111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(003)-111/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq, “EKOL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar