Məhkəmə qərarları › İş №1(103)-994/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-994/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-994/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qasımovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Məhkum – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə (Vüsal Qurbanov) xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,680 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 13.45də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 72 saylı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,395 qram və 3,285 qram olmaqla ümumilikdə 6,680 qram çəkidə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsindəki hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti məhkum onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməli Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, işin halları, o cümlədən məhkəmə istintaqında təqdqiq edilmiş sübutlara əsasən qəti olaraq söyləmək olar ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş bu ittiham nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında öz təsdiqin tapmamış əksinə, cinayət işinin materiallarından o cümlədən, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrindən, o cümlədən tədqiq edilmiş digər sübutlardan da görünür ki, şəxsin barəsində hökm maddi və prosessual normaların kobud şəkildə pozulması hesabına çıxarılmış, məhkəmə iclasında təqdqiq edilmiş sübutlara əsaslanmır, yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Cinayət işinin məhkəmə baxışı zamanı yalnız 4 şahid dindirilmişdir. Həmin şahidlər isə bilavasitə əməliyyat tədbirini keçirərək Təqsirləndirilən şəxs şəxsi tutmuş DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin əməliyyat müvəkkilləridir. Şahid isə yalnız yalan ifadə vermə və ya ifadə verməkdən imtina etmə cinayətinə görə məsuliyyətə cəlb oluna bilər. Arada yaranmış fərqi təsəvvür etmək həmin şəxslərin ifadələrinə sübut əhəmiyyəti verilə bilməyəcəyi barədə qənaətə gəlməyə əsas verir. Həmin ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatət verilsə də bu vəsatət qəbul edilməmişdir. Üstəlik əməliyyat müvəkkilləri tamamilə bir-birinə zidd ifadələr vermiş, biri əməliyyatın Ramana kəndi ərazisində keçiriləcəyini, digəri Neftçilər metrosu ətrafında keçiriləcəyi barədə ifadələr vermiş, ümumiyyətlə, həmin şəxslərin heç biri narkotik vasitənin şəxsin hansı cibindən çıxarılması, başqa hansı əşyaların olması, əynində hansı paltarlar olması barəd heç bir ifadə verməmişlər. Məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bu hal məhkumun təqsirliliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi üçün hökm ləğv edilməlidir. Bundan əlavə, məhkəmə iş üzrə yekun nəticəyə gəlinməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılmadan keçirilməklə apellyasiya şikayətlərin iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəfləri dinləyib hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (məhkumun, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində 2 (iki) azyaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almayaraq məhkum Təqsirləndirilən şəxs ədalətsiz cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gənc olmasını, ailə şəraitini nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanır, buna görə də ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı (06.11.1980-ci il) işində qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edirlərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görəaçıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdən hazırki qərarın elan olunduğu 06 iyul 2021-ci il tarixədək, şübhəli şəxs kimi tutulduğu, həbsdə saxlanıldığı 07 (yeddi) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır və üzərində qəti olaraq 09 (doqquz bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdən hazırki qərarın elan olunduğu 06 iyul 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 07 (yeddi) ay 10 (on) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət onun yaşadığı (qeydiyyatda olduğu) ünvan üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifəsi qoyulsun. Qərarın surəti Təqsirləndirilən şəxs davraşına nəzarəti həyata keçirilməsi üçün yaşadığı ünvan üzrə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar