Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-997/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(101)-178/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən), Siyavuş Hacıyev, Vüqar Quliyev) 22 fevral 2024-cü il tarixli, 1(101)-178/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 mart 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məsqədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, CM-in 234.1-ci maddəsi ilə məhkum olunmaqla xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılaraq müalicə alan zaman naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 9,356 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən xidməti otaqların birində üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofona bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 9,356 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib hökmdən narazı olduğunu bildirərək hökmün dəyişdirilib təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 aprel 2023-cü il tarixdə tərəflərindən məhkəməyə vəsatətlə müraciət olunaraq, ƏN PX-nin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin rəisi ədliyyə mayoru Azər Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Baxış və götürülmə haqqında protokolun sübutlar siyahısından çıxarılması xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ƏN PX-nin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin rəisi ədliyyə mayoru Azər Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolda xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində əməliyyat məlumatının daxil olmasının qeyd edilməsinə baxmayaraq, şəxsi axtarışın başlama və bitmə vaxtları öz əksini tapmamşdır. Bu isə Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, eyni zamanda tərtib edilmiş protokolun mötəbərliyini şübhə altına alır. Eyni zamanda Narkoik vasitələrin, psixotrop maddələrin və obların prekursorlanmn məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixdə tərtib edilən Aktda kütlənin qəbul olunma vaxtı - saat 13:00, qaytarılma vaxtı 15:40 kimi göstərilmişdir. Nəzərə alınsa ki, “Baxış və götürülmə haqqında protokol” saat 11:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmişdir, o halda saat 11:00-dan 13:00-dək olan 2 saat ərzində şəxsi axtarışın keçirilməsi, bu barədə protokolun tərtib edilməsi, kütlənin çəkilməsi üçün göndərilməsinə dair qərarın qəbul edilməsi, göndərilməsi və saat 13:00-da qəbul olunması faktiki olaraq zaman baxımından inandırıcı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 247.1.1-ci maddəsinə əsasən, axtarış və ya götürmə haqqında protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt əks etdirilməlidir. Eyni zamanda baxış və götürülmə zamanı narkotik vasitənin çəkisi çəkilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının diqqətinə xüsusilə çatdırmağı zəruri hesab edir ki, həmin işə birinci instansiya məhkəməsinin hakimi Rahib Salmanovun icraatında baxıldığı müddətdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci dəfədir görür, əvvəllər onu görməmişdir və tanımır. Onu əməliyyat otağına çağırıblar ki, bir nəfərdən mal çıxıb, bura qol çək. O da qol çəkmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs görməmişdir. Əməlliyyat otağından çıxanda digər şahid X1 görmüşdür. X7 ilə birlikdə əməliyyat otağında olmamışdır. Bununla yanaşı məhkəmənin 20 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onu əməliyyat otağına çağırıblar ki, bir nəfərdən mal çıxıb, bura qol çək. O da, qol çəkmişdir. Həmin vaxt əməliyyat otağında əməliyyatçılar olmuşlar. Vəkilin “baxış və görürülmə zamanı Təqsirləndirilən şəxs əməliyyat otağında olmuşdurmu” sualına Şahid1 cavab olaraq bildirmişdir ki, orada bir neçə şəxs olduğundan ona diqqət yetirməmişdir, ola bilər ki, orada olmuşdur. Vəkilin “baxış və görürülmə zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunduğunun şahidi olmusunuzmu” sualına isə Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunduğunun şahidi olmamışdır. O, əməliyyat otağında olarkən baxış və götürülmə olmamışdır. Onu əməliyyat otağına çağırıblar ki, bir nəfərdən mal çıxıb, bura qol çək. O da, əməliyyatçıların çağırışı ilə əməliyyat otağına gəlmiş və onların göstərdikləri sənədə qol çəkərək oradan çıxmışdır, narkotrik vasitəni isə görməmişdir. CPM-in 246.3-cü maddəsinə əsasən, Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qeyd olunanları nəzərə alaraq 04 dekabr 2023-cü il tarixdə tərəflərindən məhkəməyə yeni əsaslarla vəsatət təqdim edilərək ƏN PX-nin Müalicə müəssisəsinin Əməliyyat bölməsinin rəisi ədliyyə mayoru Azər Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Baxış və götürülmə haqqında protokof’un sübutlar siyahısından çıxarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin işin hallarından ittiham aktında adı hal şahidi kimi qeyd olunmuş Şahid1 baxış və götürülmədə iştirak etmədiyi, təqsirləndirilən şəxsi birinci dəfə gördüyü, sənədlərə əməliyyatçıların göstərişi ilə imza etdiyi, əməliyyat otağından çıxarkən digər şahid X2 gördüyü və onunla birlikdə əməliyyat otağında olmadığı aydın şəkildə görünsə də, məhkəmə tərəfindən qeyd olunan pozuntulara hüquqi qiymət verilməmiş, eyni zamanda tərəflərindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd olunan vəsatətlərə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş şikayətə uyğun çıxış edib təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini, dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(101)-178/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlkin olaraq qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla onun üzərindən külli miqdarda deyil, şəxsi istehlak miqdarından artıq miqdarda (xeyli miqdarda) narkotik vasitənin olduğunu bildirməklə faktiki olaraq onun törətmiş olduğu əməlin tövsifini, yəni əməlində CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını mübahisələndirmişdir ki, belə olan halda məhkəmə kollegiyası həmin hallara qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətindən görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsini deyil, onu ittihamda qeyd edilən miqdarda aşkar edilib götürülməsini mübahisələndirir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, cinayət işi materiallarında olan «Baxış və götürülmə aparılması haqqında» 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri zamanı müəssisənin Nevrologiya şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «Kent» markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür (İ cild, səh. 10). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 6/5628 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin zərflər üçün» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdəki təmiz 1 ədəd bükümdə çəkisi 9,356 qram olan ağ rəngli kristalik hissəciklərdjən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir (İ cild, səh. 57-60). Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «Kent» markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş, iştirakçıların və hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddə tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 6/5628 nömrəli ekspert rəyi ilə tədqiqata təqdim edilmiş, üzərində «...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin zərflər üçün» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdəki təmiz 1 ədəd bükümdə çəkisi 9,356 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Apellyator şikayətində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən hal şahidlərinin orada iştirak etmədiyinə, belə olduğu təqdirdə protokolun mötəbər sübut kimi qəbul oluna bilməyəcəyinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, «Baxış və götürülmə aparılması haqqında» 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokol hal şahidləri tərəfindən imzalanmışdır. Bundan başqa hal şahidləri Şahid1 və X7 16 sentyabr 2022-ci il tarixli izahatlarında bildirmişlər ki, 16 sentyabr 2022-ci il tarxidə, saat 11 radələrində ƏN-nin PX-nin Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən müəssisənin nevrologiya şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs əşyalarına, üzərinə, şəxsi əşyalarına onların iştirakı ilə baxış keçirilən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofon bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində maddə aşkar olunaraq götürülmüş, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə xüsusi zərfdə qablaşdırlaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. Hal şahidləri izahatlarını oxuduqlarını, onların sözləri ilə doğru yazıldığını, bu səbəbdən imzaları ilə izahatı təsdiq etdiklərini əl yazıları ilə qeyd edib imzaları ilə təsdiq etmişlər. Bundan başqa hal şahidi Şahid1 ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, 2018-ci ilin ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbyacan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətində azadlıqdan məhrum edilmişdir. Cəzasını ƏN-nin PX-nin 6 saylı Cəzaçəkmə müəssisəsində çəkir. Səhhətində olan xəstəliyi ilə əlaqədar olaraq o, mütəmadi olaraq ƏNnin PX-nin Müalicə Müəssisəsinə müalicə üçün göndərilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 16 sentyabr 2022-ci il tarxidə saat 11 radələrində ƏN-nin PX-nin Müalicə Müəssisəsinin əməkdaşları onu Nevrologiya şöbəsinə dəvət edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs əşyalarına və üzərinə baxış keçiriləcəkdir, buna görə də həmin baxış zamanı hal şahidlərinin iştirakı vacibdir. O, Müalicə Müəssisəsinin əməkdaşları ilə razılaşmış və qeyd olunan şöbəyə getmişdir. Həmin vaxt qeyd olunan şöbədə məhkum Təqsirləndirilən şəxs, məhkum Müşfiq Məmmədov və ƏN-nin PX-nin Müalicə Müəssisəsin bir neçə işçisi olmuşlar. Müəssisəsinin əməkdaşları tərəfindən onlara hüququ və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofon bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir və həmin maddəni ailə üzvləri yanına gələrkən gətirmişdir. Qeyd olunan maddə tərkibinin müəyyən olunması məqsədi ilə qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır (İ cild, səh. 100-101). Hal şahidi X7 da ibtidai istintaq zamanı digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 102-103). Sadalananları nəzərə alaraq məhkəmə kollegiyası Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş digər şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini onunla birgə cəza çəkən təqsirəndirilən şəxsi məsuliyyətdən yayındırmağa və işin faktiki hallarını təhrif etməyə yönəlmiş ifadə kimi qiymətləndirir. Bundan başqa təqsirləndirilən şəxs ƏN-nin PX-nin Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən ərizə yazmağa məcbur edildiyini qeyd etsə də, cinayət işi materiallarından görünür ki, bununla bağlı müvafiq orqanlara şikayət ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları iş üzrə tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə, şəxsi əşyalarına baxış keçirilməsinə dair istintaq hərəkətləri tam qanuni və əsaslı olmuşdur, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər isə onun məsuliyyətdən boyun qaçırmasına yönəlmiş addım kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini, cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi, habelə CM-in 65.2-ci maddəsinin tələblərini də nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələri ilə yanaşı, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halı əsas götürərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(101)-178/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(101)-178/2024 nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X5 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-997/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-997/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver