Məhkəmə qərarları › İş №1(104)-1/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-1/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-1/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(045)- 01/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Goranboy Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(045)-01/2022 nömrəli (sədrlik edən Tural Ələkbərov) hökmü ilə xx xxxx 1960-cı il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs 7E-2076 reyestr nömrəli, AR-İ 443719 saylı etibarnamə əsasında 01 aprel 2016-cı il tarixdən etibarən 5 il müddətinə idarə etdiyi Goranboy rayonu Xanqərvənd kəndi ərazisində yerləşən 2.1359 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saldığı bağ sahəsinin cənub hissəsində yerləşən, Goranboy rayonu Xanqərvənd bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası çaylar və su arxları kimi nəzərdə tutulmuş torpaq sahəsinin ərazisində ümumi istifadəli gediş-gəliş yolunda etibarnamə əsasında istifadə etdiyi torpaq sahəsini suvarmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan subartezian quyusu qazdıraraq həmin quyunun üzərində 1,0x0,5 m ölçüdə dəmir konstruksiyalı qutu quraşdırmaqla 0,5 kv.m torpaq sahəsini özbaşına tutmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı verdiyi ifadə məhkəmə tərəfindən səhv şərh edilmiş, subartezian quyusunun onun istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində olub-olmadığını müəyyən etmək məqsədi ilə məhkəmə iş üzrə məhkəmə tikinti ekspertizası təyin etməmiş, ibtidai istintaq zamanı toplanmış təthi sübutlar əsasında qanunsuz hökm çıxartmış, iş üzrə yaranmış, ziddiyətləri və şübhələri onun xeyrinə təfsir etməmişdir. Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin sədri Nümayəndə quyu qazdırarkən gəlib həmin əraziyə baxmış və həmin ərazinin onun yox Bələdiyyə torpağı olmasını deməmişdir. Ümumiyyətlə ona Goranboy rayonu Xanqərvənd bələdiyyəsi tərəfindən quyu qazılmış ərazinin onun yox bələdiyyənin ərazisi olması barədə rəsmi xəbərdarlıq və bildiriş göndərilməmiş, Nümayəndə ona şifahi formada da olsa xəbərdarlıq etməmişdir ki, həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmağını bilsəydi dərhal həmin ərazini təhvil verərdi. Onun törətdiyi cinayət dərk etməklə və bunu törətməyi arzu etməklə əməlində birbaşa qəsdin olmasına, yəni cinayət tərkibinin elementləri olan – cinayətin obyektiv və subyektiv cəhətlərinin mövcudluğuna kifayət qədər əsaslı şübhələr vardır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 188.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, təqsirləndirilən şəxsə CM-in 188.3-cü maddəsi ilə bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 13 avqust 2020-ci il tarixli, **********86 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə X7 Xidmətinin işçiləri tərəfindən Goranboy rayonu ərazisində monitorinq həyata keçirilərkən Xanqərvənd kəndində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolunun qanunsuz istifadə etməsi faktı müəyyən edilmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin baş məsləhətçisi, müfəttiş X5, Xanqərvənd bələdiyyəsinin sədri Nümayəndə, Xanqərvərd bələdiyyəsinin müqavilə üzrə işçisi X9 tərəfindən tərtib edilmiş 05 avqust 2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhər sakini X2 alqı-satqı qaydasında aldığı 1,82 ha pay torpağını etibarnamə ilə idarə edən Təqsirləndirilən şəxs həmin pay torpağının cənub tərəfində ümumi istifadəli bələdiyyə mülkiyyətinə aid gedişgəliş yolunda pay torpağını suvarmaq məqsədi ilə qanunsuz olaraq subartezian quyusu qazdırmış və həmin quyunun üzərinə (0,5m x 1,0m) ölçüdə dəmir qutu qoydurmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 fevral 2020-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Goranboy rayonunun Xan Qərvənd kəndində 2.1359 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir; xx.xx.2016-cı il tarixli AR-İ seriyalı 443719 nömrəli etibarnamənin surətindən görünür ki, X6 adına olan daşınmaz əmlakı idarə etmək və s. səlahiyyətləri 5 il müddətində Təqsirləndirilən şəxs etibar etmişdir; “Baxış keçirilməsi haqqında” 25 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X4 Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin baş məsləhətçisi, müfəttiş X3 iştirakı ilə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi torpaq sahəsinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında istifadə etdiyi 1.73 ha torpaq sahəsinə nar ağacları əkilmiş, 8 metr cənub tərəfdə, Borsunlu-Tərtər yolundan 35 metr sahəyə tərəf, yolun sol tərəfindən 0,5x1m ölçüdə dəmir qutu quraşdırılmış və həmin qutunun qapısı qıfılla bağlanmışdır. Həmin qutunun içərisində subartezian quyusu yerləşir. Subartezian quyusundan nar bağına qədər olan məsafə 7 metrdir. Nar bağından subartezian quyusunun arxasında olan arxa qədər 8 metr yol yeri vardır. Arxla asfalt yolu arasında 28 metr enində başqa şəxsə məxsus torpaq sahəsinin ərazisi yerləşir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin Xanqərvənd kəndinin elektron kadastr xəritəsinə əsasən mülkiyyət növü bələdiyyə, kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası isə çaylar və su arxları kimi nəzərdə tutulmuş əraziyə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. O, bələdiyyə sədri seçiləndən sonra bələdiyyəyə məxsus torpaq sahələrinin təftişini aparan zaman məlum olmuşdur ki, Bakı şəhər sakini X6 adlı şəxs Xanqərvənd kənd sakinlərindən alqı-satqı yol 1,82 ha torpaq sahəsi alaraq orada bağ sahəsi saldırmışdır. Həmin torpaq sahəsinin idarə edilməsini də etibarnamə əsasında Goranboy rayonu Xanqərvənd kənd sakini Təqsirləndirilən şəxs həvalə etmişdir. Həmin bağ sahəsinin cənub hissəsində Xanqərvənd kənd bələdiyyəsinə məxsus gediş-gəliş yolunda Təqsirləndirilən şəxs subartezian quyusu qazdırmış və oraya dəmir qutu yerləşdirmişdir. O, şifahi olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin subartezian quyusu qazılan yer bələdiyyə mülkiyyətinə aiddir və orada subartezian quyusu qazdıraraq dəmir qutu qoyulması qanuna ziddir, bələdiyyə toprağını zəbt etməsinlər. Subartezian quyusunun yaxınlığında yerləşən bağ sahəsinin sahibi Qasım Məmmədovu o həmin sahədə görməmiş, eyni zamanda Qasım Məmmədovun orada meyvə ağacları əkməsinin, onlara qulluq göstərməsinin və onun tərəfindən subatezian quyusunun qazdırılmasının, oraya dəmir qutu qoydurmasının şahidi olmamışdır. Həmin işləri etibarnamə əsasında Təqsirləndirilən şəxs gördürmüşdür. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə qoyulmuş subartezian quyusunun qutusu götürülmədiyindən prokurorluğa və digər orqanlara müraciət etmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətindən nümayəndə gəlmiş və 05 avqust 2020-ci il tarixdə həmin sahədə araşdırma apararaq akt tərtib etmişlər. Hazırda həmin quyu maneə yaratmır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, ilk dəfə az ağır cinayət törətmişdir, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbi yoxdur, yaşlı olmaqla ailənin yeganə qazanc gətirən üzvüdür və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası məhkum barəsində yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, CM-in 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində məhkumun rolu, cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Beləki, CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habeləcinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsininmüvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəməhəmin maddədəmüəyyən ediləndən daha yüngül cəza növü təyin edəbilər, yaxudtəyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab ediləbilər. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan məhkumun cəzasını yüngülləşdirən halları, həm də apellyasiya instansiya məhkəməsində müəyyən edilən halları müstəsna hal kimi nəzərə almaqla, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 188.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsini məqsədə müvafiq hesab edir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(045)- 01/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzası ilə əvəz edilsin. Cərimə cəzasının icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar