Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-105/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və X4 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi anası X2, müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(100)-406/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(100)- 406/2022 nömrəli hökmü ilə (hakimlər N.T.Əliyevin sədrliyi, D.H.İmanov və R.N.Ələkbərlidən ibarət tərkibdə) xx xxxxxx 2005-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Tovuz rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə şəhəri Babək küçəsi 26 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu Bəcirəvan kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixə çəkilməmiş 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə hesablanmaqla üzərində 1 (bir) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırki cinayət işi üzrə onun 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun üzərinə gecə saat 20:00-dan səhər saat 07:00dək yaşayış yerini və Bərdə rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması qərara alınmışdır. Məhkəmənin hökmünə görə təqsirləndirilən Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri, Çay sahili küçəsindən keçən Tərtər çayının hövzəsinin yaxınlığında yerləşən avtomobil duracağında tanışı Zərərçəkmiş şəxs onunla güləşərək zarafat etmək istəməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi məlum olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya qara ciyərin sağ payının zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yara, daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmü CM-in 62-ci maddəsi tətbiq olunması barədə müddəasının hökmdən xaric olunmaqla, cinayət qanununun müddəalarına uyğun ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsini tətbiq edib ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə Bərdə şəhərində tanışı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı cibində gəzdirdiyi məlum olmayan deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncunun sağlamlığına qara ciyərin sağ payının zədələnməsi iləmüşayiət edilən ağır zərər vurmuşdur. Yuxarıda göstərilən, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək onun barəsində CM-in 62-ci maddəsinin tətbiqini deyil, məhz maddənin sanksiyası həddində cəza təyin edilməsini şərtləndırməsinə baxmayaraq, məhkəmə bunun əksinə olaraq Təqsirləndirilən şəxs maddənin sanksiyasında müəyyən edilən cəzadan yüngül cəza-1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 oktyabr 2022-ci il tarixədək cəzasının 5 ayını çəkmiş və 4 ay çəkilməmiş cəzası qalmışdır. Məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək artıq 2 dəfə qəsdən cinayət törətmiş və törətdiyi oğurluq əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun islah olunmamasına gətirib çıxarmışdır ki, o yenidən daha ağır cinayət olan hazırki əməli törətmişdir. Qeyd edilən xüsusat cəza təyin edilərkən mütləq nəzərə alınmalı olduğu halda məhkəmə, əvvəllər təyin olunduğu halda islah təsiri olmayan "azadlığın məhdudlaşdırılması" cəzasını yenidən Təqsirləndirilən şəxs təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, hadisənin faktiki halı başqa şəxsin həyatı üçün təhlükəli xəsarət yetirməsindən ibarətdir, Təqsirləndirilən şəxs əvvəllər cinayət törədib, cəzasının çəkib qurtarmadan yenidən cinayət törətmişdir. Bu hal Təqsirləndirilən şəxs islah edilmədiyini göstərir, belə olan halda ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Buna görə apellyasiya protestinin təmin edilməsini hökmdən CM-in 62-ci maddəsi tətbiq olunması barədə müddəasının hökmdən xaric olunmaqla, cinayət qanununun müddəalarına uyğun ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Nadim Heydərov apellyasiya protestinə etiraz edərək bildirdi ki, hadisənin səbəbkarı zərərçəkmiş şəxsdir, zərərçəkmiş şəxslə barışıq əldə edilib, əməlindən peşmandır. Buna görə protestin təmin edilməməsini hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi apellyasiya protestinə etiraz etdi və bildirdi ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, himayəsində 2 bacısı və anası var, ailəyə qazanc gətirir. Buna görə protestin təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti və protesti təmin edilməməlidir, məhkəmənin hökmü dəyişdirilməməlidir. Cəza məsələlərini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önəçəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanıyüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İşin hallarından görünür ki, 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs Bərdə-Tərtər avtomobil yolunun kənarında yerləşən avtomobil duracağının həyətinə çatanda Məhəmmədin yanında əvvələr gördüyü, lakin yaxın münasibətdə olmadığı Murov adlı şəxs dayanmışdır. Murov onunla zarafat edərək gülüşmək istəsə də, o, buna şərait yaratmayıb güləşmək istəmədiyini demişdir. Buna baxmayaraq Murov zarafatlaşmağı davam etdirmiş, çıxıb getmək istədikdə isə onu arxadan itələmişdir. Bundan sonra Murova söhbət etmək üçün bir qədər kənara çəkilmiş, Murov onunla razılaşmış, Murovla aralarındakı söhbət zamanı onunla zarafatı olmadığını demiş, Murov isə yaxşı edib zarafat etdiyini cavabını verərək sağ əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Bu zaman üzərində gəzdirdiyi cib bıçağını çıxarıb Murovu cəzalandırmaq məqsədilə qarın nahiyəsindən qəsdən xəsarət yetirmişdir. Eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəmiş, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, əməlindən səmimi peşmandır, ailənin yeganə oğlan övladı olmaqla atası vəfat etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş hallar CM-in 62-ci maddəsinin tətbiqi üçün tam əsaslıdır. Protestin dəlilləri isə CM-in 62-ci maddəsinin xaric edilməsi üçün yetərli deyil. Belə ki, təsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilimiş 1 iyun 2022-ci il arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri nənəsi X7 və anası X5 ilə birlikdə Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır, Bərdə şəhər S.Behbudov adına 6 saylı tam orta məktəbində təhsil alaraq, oxuduğu müddət ərzində məktəbdə nizam-intizam qaydalarına riayət etmişdir. “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X9 4 aprel 2012-ci il tarixdə kəskin tənəffüs ürək çatışmazlığından vəfat etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bu baxımdan təqsirləndirilən şəxsin barəsində tətbiq edilmiş CM-in 62-ci maddəsinin müddəalarının xaric edilməsi üçün əsaslar yoxdur. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı kifayət qədər nəzərə alınıbdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət təsnifata görə ağır cinayət olmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Lakin şikayətdə sadalanan hallar kifayət qədər nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin təmin edilməsi və məhkəmə hökmünün ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. İş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(100)-406/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X6 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-105/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-105/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver