Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-107/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kəlbəcər Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(040)-03/2022 saylı hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Kəlbəcər Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(040)-03/2022 saylı hökmü ilə (sədrlik edən Həsən Qəniyev) 8 avqust 1954-cü ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, hal-hazırda məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 fevral 2022-ci ildən 6 may 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbirində, 6 iyul 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət - cəmi 7 (yeddi) ay 8 (səkkiz) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti olaraq 1 (bir) il 4 (ay) 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 11 noyabr 2022-ci ildən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(040)-03/2022 saylı hökmündən Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda və təkrar ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının ortalarında daimi yaşadığı Lənkəran rayonunda olduğu vaxt Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayan qızı Nuranə Şahbazovanın əri X2 ona zəng edərək qohumu Zərərçəkmiş şəxs1 bacısı oğlu X4 44 günlük Vətən müharibəsində yaralanaraq Lənkaran Rayon Mərkəzi Xəstəxanasında müalicə aldığını bildirərək onun səhhəti ilə maraqlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadıb əmlakını qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə guya Vahid Musayevin səhhətinin yaxşı olmadığını, Azərbaycan Respublikasında müalicəsini davam etdirəcəyi təqdirdə ayaqlarının amputasiya ediləcəyini, lakin 10000 (on min) manat pul müqabilində X7 Respublikasına apararaq onun müalicəsini həmin respublikada davam etdirərək Vahid Musayevin ayaqlarının amputasiya olunmasının qarşısını aldıracağını bildirməklə yalan vəd verib Zərərçəkmiş şəxs1 inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs inanaraq təklifini qəbul etmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verməsi üçün Fizuli Cəbrayılova 3800 (üç min səkkiz yüz) manat pul vermiş, Fizuli Cəbrayılov 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxsla onun yaşadığı Lənkaran rayonunun Veravul kəndindəki evində görüşərək 3800 (üç min səkkiz yüz) manat məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra aralarında olan razılığa əsasən, 2021-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verməsi üçün Fizuli Cəbrayılova əlavə olaraq 3000 (üç min) manat pul vermiş, bundan bir gün sonra saat 20 radələrində Təqsirləndirilən şəxs qeyd olunan pulu almaq üçün Fizuli Cəbrayılovun yaşadığı Göygöl rayonunun Murovdağ qəsəbəsindəki həyət evinə gəlmiş və orada X3 Alıyevin yanında 3000 (üç min) manat pulu alaraq vahid niyyətlə ümumilikdə sonuncunun 6800 (altı min səkkiz yüz) manat məbləğində pulunu almış və verdiyi vəd üzrə heç bir hərəkət etmədən aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, X2 23 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək tanışı Zərərçəkmiş şəxs2 44 günlük Vətən müharibəsində yaralandığını və həmin şəxsə ikinci qrup əlillik dərəcəsinin təyin olunmasına köməklik edib-edə bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs Fizuli Cəbrayılovun vasitəsi ilə Zərərçəkmiş şəxs2 aldadıb əmlakını qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə guya sonuncuya 3000 (üç min) manat pul müqabilində ikinci qrup əlillik dərəcəsi təyin etdirəcəyini bildirməklə yalan vəd verib Zərərçəkmiş şəxs2 inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs inanaraq təklifini qəbul etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verməsi üçün Fizuli Cəbrayılova 24 iyun 2021-ci il tarixdə Göygöl rayonunun Murovdağ qəsəbəsində 3000 (üç min) manat pul vermişdir. Bundan sonra Fizuli Cəbrayılov həmin gün qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs verməsi üçün Lənkəran rayonunun Veravul kəndinə getmişdir. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Veravul kəndində yerləşən evində Fizuli Cəbrayılovdan 3000 (üç min) manat pulu almış və verdiyi vəd üzrə heç bir hərəkət etmədən aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmündən narazıdır. Hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza çox yüngül olmaqla, onun törətdiyi əməlin təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, məhkəmə tərəfindən həddən artıq yüngül cəzanın təyin edilməsi heç də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edə bilməz. Hazırki iş üzrə məhkəmənin təyin etdiyi cəzanın həddi olduqca yüngül və ədalətsiz cəzadır. Belə ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan cəmi 3240 manat qaytarmış və qalan 3550 manat pulunu halhazıradək qaytarmamışdır, qalan borcunu ödəməkdən imtina etmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmə ondan şikayətçi olduğunu nəzərə almamışdır. Hesab edir ki, məhkəmə qeyd olunanları nəzərə alıb məhkuma daha ağır cəza təyin etməlidir. Odur ki, hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərdiyi məzmunda çıxış edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, məhkumun ona dəymiş maddi ziyanın qalan hissəsini ödəmədiyini, buna görə onunla barışmamasını, onun əməlindən peşman olmamasını əsas gətirərək hökmün dəyişdirilməsini, təqsirləndirildən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi, məhkumun ona dəymiş maddi ziyanı ödəmədiyini, buna görə onunla barışmamasını, onun əməlindən peşman olmamasını əsas gətirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətinə etiraz etdi və göstərdi ki, Zərərçəkmiş şəxs1 3240 manat pul vermiş, qalan pulu vermədiyinə görə zərərçəkmiş barışıqdan imtina etmişdir, əməlindən peşman olmuşdur, İİ dərəcəli əlildir, ziyanın bir qismini ödəmişdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona ədalətli cəza təyin etmişdir. Həmin cəzadan razıdır və ədalətli olduğundan şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinə etiraz edərək təqsirləndirildən şəxsə təyin olunmuş cəzanın ədalətli olduğu bildirdi, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, İİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir qismini ödəməsini bildirdi, bu səbəbdən hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin CMnin 178.2.2-ci və 178.2.4-cü maddələr ilə düzgün tövsif olunduğunu bildirdi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə uyğun qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu, ona görə də zərərçəkmiş şəxsin şikayətinin həmin cəza həddində təmin olunmasına etirazının olmadığını göstərdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş islah işləri cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanın qalan hissəsini ödəməməsini, hazırda onunla barışmamasını əsas gətirərək ondan şikayətçi olduğunu bildirmiş, bu səbəbdən də təqsirləndirildən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşını, İİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir qismini ödəməsini, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına təsirini nəzərə alaraq 2 il müddətinə azadlıqdan məhrumetmə təyin edilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında müəyyən edilən halları təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin cəzanı ədalətli və adekvat hesab edir, təyin edilmiş cəzanın artırılmasını məqsədəmüvafiq hesab etmir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılması Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə barəbər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirldəndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılması ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olduğundan apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kəlbəcər Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(040)-03/2022 saylı hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(040)-03/2022 saylı hökmü Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-107/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-107/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver