Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-111/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (hakim Qafil Baxşıyev) «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəməsinin əlavə vəzifə kimi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi, onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin barəsində 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin baxış iclasında zərərçəkmiş şəxs məhkəməyə yazılı vəsatət verərək hökmün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Zərərçəkmiş şəxs vəsatəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə bildirişi göndərilməmiş, onun iştirakı olmadan məhkəmə iclası keçirilmiş və hökm qəbul edilmişdir. Ona məhkəmə iclasının vaxtı barədə məlumat verilmədiyindən o, həmin məhkəmə iclasında iştirak edə bilməmiş, çıxış etməmişdir. Odur ki, hökmün ləğv edilərək cinayət işinin birinci instansiya məhkəməsinin məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının ilkin baxış iclasında iştirak edən zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 1800 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs və ya ailəsi ona 2900 manat ödəniş etməmişdir. Əgər belə bir ödəniş olmuşdursa bununla bağlı rəsmi sənəd təqdim etməlidir. Odur ki, hökmün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının ilkin baxış iclasında iştirak edən məhkum bildirdi ki, zərərçəkmiş şəxsdən 2400 manat və 300 dollar pul almışdır. Həmin pulun 1800 manatını əvvəlcədən ödəmiş, 1100 manatı isə məhkəmə iclasında arvadı tərəfindən ödənilmişdir. Həmin pul ödənilən zaman dövlət ittihamçısı, hakim və məhkəmə işçiləri iclas zalında olmuşdur. Zərərçəkmiş şəxsin dedikləri yalandır. Həmçinin birinci instansiya məhkəməsinin hökmü keçən müddət ərzində ona təqdim edilməmişdir. Dəfələrlə müraciət etsə də, hökmü ala bilməmiş, buna görə şikayət verə bilməmişdir. Hüquqları məhdudlaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş hökmün alınmasına dair qəbzdə olan imza ona məxsus deyil, lakin onun imzasına oxşadılmışdır. Hökmün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının ilkin baxış iclasında iştirak edən məhkumun müdafiəçisi göstərdi ki, məhkumun hüquqları pozulmuşdur. Hökmdən məhkum narazıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti üzrə keçirilmiş ilkin baxış iclası zamanı dövlət ittihamçısı işin Gəncə Apellyasiya Məhkəməsinə aid olduğunu, apellyasiya şikayətinin vaxtında verildiyini, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam veirlməsi üçün əsasların olmadığını bildirib apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını ilkin baxış məqsədləri üçün nəzərdən keçirib, habelə cinayət prosesinin tərəflərini dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı kobud prosessual pozuntulara yol verildiyinə görə hökm ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. CPM-nin 391.2 və 391.2.5-ci maddələrinə görə ilkin baxış iclasında apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. İlkin baxış iclasının məqsədləri baxımından cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində CPM-in tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə baxışı zamanı şikayətçi olan zərərçəkmiş şəxsə məhkəmə çıxışı üçün şərait yaradılmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmənin 10 noyabr 2022-ci il tarixli iclasında dövlət ittihamçısı, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etmişdir. Həmin iclasda dövlət ittihamçısı çıxış üçün vaxt istəmiş və məhkəmə iclası təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. İş materiallarına məhkəmə iclasının təxir qəbzi, habelə zərərçəkmiş şəxsə məhkəmə bildirişinin göndərilməsini təsdiq edən sübut (reyestr, xəbərnamə) əlavə edilməmişdir. Növbəti məhkəmə iclası 16 noyabr 2022-ci il tarixdə keçirilmiş, həmin iclasda dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etmiş, lakin zərərçəkmiş şəxs iştirak etməmiş, məhkəmə iclasında zərərçəkmiş şəxsin iştirakı olmadan iclasın keçirilməsi müzakirə olunmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi çıxış etmiş, təqsirləndirilən şəxsə son söz verilmiş, məhkəmə hökmü elan etmişdir. Lakin təqsirləndirilən şəxsdən şikayətçi olan zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən zərərçəkmiş şəxsə məhkəmə çıxışı üçün şərait yaradılmamışdır. CPM-in 391.8 və 391.8.9-cu maddələrinə əsasən bu Məcəllənin müddəlarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8.9. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərərçəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə. Zərərçəkmiş şəxs vəsatətində məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məlumat verilmədiyini, buna görə də yekun məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülməmiş, ona məhkəmə iclasının vaxtı barədə məlumat verilməmiş və nəticədə ona məhkəmə çıxışı üçün şərait yaradılmamışdır. CPM-in 391.9, 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir. 391.9.2. cinayət işini birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Bundan başqa birinci instansiya məhkəməsinin 10 noyabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin iclasda zərərçəkmiş şəxs ona həmin iclasda 1100 manat ödəniş olunduğunu, həmin pulu qəbul etdiyini, təqsirləndirilən şəxsin və ailəsinin ona cəmi 2900 manat pul ödədiyini bildirməsi əks olunmuşdur. Lakin zərərçəkmiş şəxs apellyasiya instansiya məhkəməsinin iclasında ona 1100 manat ödəniş edilmədiyini, protokolda əks olunanların səhv olduğunu, təqsirləndirilən şəxsin ona cəmi 1800 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclas protokolunda qeyd olunan məlumatlar əks olunsa da, zərərçəkmiş şəxsə məhkəmə iclasında 1100 manat ödəniş olunması və zərərçəkmiş şəxsin həmin pulu qəbul etməsinə dair hər hansı sənəd (zərərçəkmiş şəxsin pulu qəbul etməsi ilə bağlı ərizə və s.) iş materiallarına əlavə edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsinin ilkin baxış iclasında baxılarkən müəyyən edildi ki, hazırki cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılarkən məhkəmə çıxışları mərhələsində zərərçəkmiş şəxsə məhkəmə çıxışı üçün şərait yaradılmamış və CPM-in 391.8.9-cu maddəsinə əsasən bu kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Bunları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməli, zərərçəkmiş şəxsin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmü ləğv edilməli, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Zərərçəkmiş şəxsin vəsatəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(062)-89/2022 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışı mərhələsində baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-111/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-111/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver