Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-112/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)-133/2022 saylı hökmündən dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)-133/2022 saylı hökmü ilə (sədrlik edən Qafil Baxşıyev) xx.xx.1965-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tovuz rayon Abulbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, ğəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicənin olunması, üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)-133/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş X3 apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun daha ağır cəza- yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,14 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində, bir ədəd qara rəngli sellofan torbanın içərisində sarı rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 310 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə Tovuz rayonu Abulbəyli kəndində “təzə məhəllə” adlanan ərazidə yerləşən yaşadığı fərdi yaşayış evinin “əl damı” adlandırılan otağında paltar şkafındakı paltarların arasında saxlamış, 27 iyun 2022-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində aparılmış şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı həmin bir ədəd kibrit qutusunda olan, təmiz çəkisi 7,14 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, sonra yaşayış yerinə razılığı əsasında baxış keçirilərkən qara rəngli sellofan torbanın içərisində sarı rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 310 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə Tovuz rayonu Abulbəyli kəndində “təzə məhəllə” adlanan ərazidə yerləşən onun yaşadığı fərdi yaşayış evinin “əl damı” adlandırılan otağındakı paltar şkafına yığılmış paltarların arasından aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Hazırki iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almasının təhlili aparılarkən həmçinin aşağıdakılar qeyd edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirab edib əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırrma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası CMin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nazərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri və ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar nəticəsində ifşa olunmuşdur. Ona görə də, belə halda məhkəmə cəza təyini zamanı səmimi peşmançılığı yüngülləşdirici hal kimi nəzərə ala bilməzdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Həmçinin məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini də cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin iş materiallarından görünür ki, hadisənin baş vermə mexanizmi, təqsirkarın reaksiyası və cinayət törətməyə meyilliliyi özlüyündə həmin cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi hallarını istisna edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və yaşdığı evdə saxladığı narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından 63 dəfə çoxdur. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin şəxsi istehlak miqdarından 63 dəfə artıq narkotik vasitəni gəzdirməsi və saxlaması cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə alınmamış və əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül olan azadlığın məhdudlaşdırlması növündə cəza təyin etmişdir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə cəza növünü müəyyən edərkən hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirələn şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz, buna görə hökmünün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun daha ağır cəza- yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsi onun barəsində olan yüngülləşdirici halları nəzərə alıb ona azadlığın məhdudlaqdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdır və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir, əməlindən səmimi peşman olmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdırlar və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onu həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Dövlət ittihamçısı apellyasiya protestində təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, həmin cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza olmasını əsas gətirərək təqsirləndirildən şəxsə azadlıqdan məhruetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Belə ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunmayacağı ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına təsirini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq saymışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin CM-in 72-ci maddəsində nəzərdə tutulmuş halların, yəni səmimi peşimançılıq, ilk dəfə böyük-ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş ziyanı başqa yolla aradan qaldırılmasına səy göstərməsi formasında təzahür edə bilməsi kimi halların Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə olunmaması və həmin əsaslarla da birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs səmimi peşmanlıq hissi keçirməsini düzgün olmayaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirməsinə dair dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci madəsində nəzərdə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmanşılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətndən azad etməni özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza təbiq etməkdən imtina etməsidir. Başqa sözlə cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə azad etmədir. Cəzadan azad etmə məsuliyyətdən azad etmədən fərqli olaraq, şəxsin mühakiməsindən, yəni ittiham hökmü çıxarıldıqdan sonra tətbiq olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmamış, o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ilk dəfə cinayət törətmənin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması ondan irəli gəlir ki, şəxs təhlükəli meyllər və vərdişlərin təsirindən, yəni kriminal meyllərin təsirindən azad olmaqla həmin hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan amillər kimi çıxış etmiş olur. Yəni əvvəllər cinayət törətmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır ki, bu hal da onun ilk dəfə cinayət törətmiş şəxslərə nisbətən daha təhlükəli olmasını özündə ehtiva edir. Bundan başqa dövlət ittihamçısı istər məhkəmə çıxışında, istərsə də protestdə maddənin sanksiyasında 2 alternativ cəza nəzərdə tutulduğu təqdirdə, təqsirləndirilən şəxsə hansı səbəbdən məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab edir və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəza ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirldəndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda ona təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan dövlət ittihamçısının apellyasiya protestində göstərilən dəlilləri tam əsassızdır və qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)-133/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)-133/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-112/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-112/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver