Məhkəmə qərarları › İş №1(104)-113/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-113/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-113/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal оğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-117/2022 saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-117/2022 saylı hökmü ilə (hakim Z.Hümmətov) xx xxxxx 1963-cü ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, İİ qrup əlil olan, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında həbsə alınması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, narkoloji kabinetdə qeydiyyata götürülməsi hökm edilmişdir. Həmçinin hökmlə maddi sübutların və məhkəmə xərclərinin taleyi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,510 qram, 0,368 qram, 0,232 qram, 0,555 qram və 0,357 qram çəkilərdə olmaqla cəmi beş ədəd gümüşü rəngli siqaret falqalarında, ümumilikdə 2,022 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış, 15 aprel 2022-ci il tarixdə saat 18:40-da ünvan 1 ünvanında yerləş^'^/bz RPŞ-nin inzibati binasında onun üzərində aparılmış şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı həmin 0,510 qram, 0,368 qram, 0,555 qram və 0,357 qram çəkilərdə olmaqla cəmi beş ədəd gümüşü rəngli siqaret falqalarında, ümumilikdə 2,022 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir, əməlini etiraf edir, səmimi peşmandır, ilk dəfə cinayət törətmişdir. Təqsirləndirilən şəxs ÇAES-də hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar İİ dərəcə əlildir. Bundan başqa, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Buna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, ilk dəfə cinayət törədib, xəstədir. Buna görə şikayətinin təmin edilməsini, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Аpellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi Heydər Fərzəliyev apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi, və bildirdi ki, məhkum əməlindən peşmandır, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında alternativ, yəni daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası var. Buna görə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət edir. Buna görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla tоplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və оbyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apelyasiya şikayətində məhkuma ədalətli cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş еdilmişdir. Apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutаrаq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin еtməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, оnа azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və ədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə olan halda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfиndən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-117/2022 saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-117/2022 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar