Məhkəmə qərarları › İş №1(104)-115/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-115/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-115/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(125)-34/2022 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(125)-34/2022 saylı hökmü ilə (sədrlik edən Cavid Tağıyev) xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, X2 MMC-də sürücü inkassator işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri iləəvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-in mülki iddiasının qismən təmin edilərək,Təqsirləndirilən şəxs 20059,91 (iyirmi min əlli doqquz manat 91 qəpik) manat maddi ziyan və dövlət rüsumunun əvəzi olaraq 200,62 manatın alınaraq Zərərçəkmiş şəxs MMC-in xeyrinə verilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(125)-34/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, X1 tərəfindən xx.xx.2000-ci il tarixdə ********** (VÖEN) nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına, eyni zamanda vergi ödəyicisi kimi vergi uçotuna alınmaqla, Zərərçəkmiş şəxs təsis edib yaradılmaqla, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış nizamnaməsi ilə müəyyən edilmiş qaydada qanunla qadağan olunmayan bütün növ fəaliyyətlə məşğul ola bilməsinə görə təsisçilərin ümumi yığıncaq qərarına əsasən qeyd olunan cəmiyyətin təsisçisi və prezidenti C.Abbasovun 15 noyabr 2018-ci il tarixli, 929/k saylı əmri ilə Təqsirləndirilən şəxs 15 noyabr 2018-ciil tarixdən, 25 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində cəmiyyətin Gəncə filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs MMC ilə arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli əmək müqaviləsinə, eyni tarixli tam maddi məsuliyyət daşıması haqqında müqavilə, vəzifə təlimatına və terminalın təhkim əmrinə əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC tərəfindən ona təhkim olunmuş terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə talamaqməqsədilə 15 noyabr 2018-ci il tarixdən 04 oktyabr 2019cu il tarixədək ona təhkim olunmuş Samsung Galaxy markalı, J3 2016 modelli, **********95235 - **********95233 İMEİ kodlu, 980 nömrəli terminal ilə Göygöl, Naftalan, Goranboy, Samux rayon və şəhərləri ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərinə yazdığı fakturalar əsasında 48511,85 (qırx səkkiz min beş yüz on bir manat, səksən beş qəpik) manat dəyərində mal şəkilində cəmiyyətin anbarına geri qaytarması, yoxlama dövrünün sonuna qeyd olunan satış mərkəzlərində 4521,39 (dörd min beş yüz iyirmi bir manat, otuz doqquz qəpik) manat məbləğində malların qalması, mağaza sahibləri tərəfindən 04 oktyabr 2019-cu il tarixdə əlavə olaraq 380,94 (üç yüz səksən manat, doxsan dörd qəpik) manat cəmiyyətin xəzinəsinə ödəniş etməsi nəzərə alınaraq, qeyd olunan dövr ərzində Göygöl, Naftalan, Goranboy rayon və şəhərləri ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərindən, yəni “Feda” adlı marketdən 127,36 manat, “Teymur 2” adlı marketdən 575,73 manat, “Roman” adlı marketdən 127,88 manat, “Zamin” adlı marketdən 438,69 manat, “Emin” adlı marketdən 130 manat, “Nazim” adlı marketdən 131,65 manat, “Səbuhi” adlı marketdən 103,2 manat, “Eli” adlı marketdən 81,2 manat, “24 saat” adlı marketdən 215,11 manat, “Tac” adlı marketdən 1597,12 manat, “4 yol” adlı marketdən 317,1 manat, “Sema” adlı marketdən 16315,1 manat, “Qala” adlı marketdən 3661,06manat, “Seymur” adlı marketdən 61,66 manat, “Resad” adlı marketdən 76,63 manat,“Azer(Ka)” adlı marketdən 927,77 manat, “Adil(Ka)” adlı marketdən 144,06 manat, “Ailem” adlı marketdən 1958,28 manat, “Ekizler” adlı marketdən 1272,29 manat, “Etibar” adlımarketdən 2586,63 manat, “Sentr” adlı marketdən 111,98 manat, “Step” adlı marketdən 408,3 manat, “Esref” adlı marketdən 226,48 manat, “Emine” adlı marketdən 370,75 manat, “Moskva” adlı marketdən 1918,11 manat, “Balmart” adlı marketdən 694,82 manat, “Yusif” adlı marketdən 157 manat, “Final” adlı marketdən 516,9 manat, “Fedai” adlı marketdən 198,08 manat, “Rafael” adlı marketdən 1064,47 manat, “Firəddin” adlı marketdən 357,1 manat olmaqla, cəmi 36872,51 (otuz altı min səkkiz yüz yetmiş iki manat əlli bir qəpik) manat pul vəsaitlərini toplamaqla öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təqsirkara etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Hökmə əsasən təqsirləndirilən şəxsə verilmiş ittihamdan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli fakturalar üzrə hesablanmış 15824,77 manat, geri qaytarılmış mallar üzrə isə 2154,52 manat xaric edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödəmişdir, onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, evli olmaqla himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxılarkən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, özünü təqsirli bilir, əməlindən səmimi peşman olmuşdur, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış, evli olmaqla himayəsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona daha yüngül cəza növünün təyin edilməsini və ya cəzasının şərti tətbiq edilməsin xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edildiyini bildirdi, eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, Cm-in 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona daha yüngül cəza növünün təyin edilməsi və ya ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli CM-nın 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə baxış iclasında müdafiəçi təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən hökm qəbul edildikdən sonra təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini bildirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onun cəzasının şərti tətbiq edilməsini və ya ona daha yüngül cəza növünün təyin edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir ki, cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətdikdən sonra özünü müsbət mənada göstərmiş, zərərçəkmişə dəymiş ziyanı tam ödəmiş, nəticədə zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi olmamaqla və onunla barışmaqla vermiş olduğu mülki iddiadan imtina etmişdir. Zərərçəkmiş şəxs tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddiadan imtina edirlər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayənsində iki azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamışdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan halları onun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs özünün davranışları, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, barəsində apellyasiya şikayəti verilmiş məhkuma aid olan cəzasını yüngülləşdirən hallar qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halları, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddiadan imtina etdiyini bildirdiyindən məhkəmə kollegiyası mülki iddia üzrə icraata xitam verilməsini və hökmdən həmin iddianın qismən təmin edilməsinə dair müddəalar çıxarılmasını qanunamüvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, eyni zamanda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməli və hökmdən həmin iddianın qismən təmin edilməsinə dair müddəalar çıxarılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(125)-34/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin və hökmdən həmin iddianın qismən təmin edilməsinə dair müddəalar çıxarılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar