Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-116/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-96/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-96/2022 saylı hökmü ilə (sədrlik edən T.Ələkbərov) xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, işləməyən, Bərdə rayonunun Türkmən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (30 iyul-01 avqust 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış qəti olaraq ona 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməs, məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxsimi narkotik vasitələrin aludəçisi olduğu üçün 2022-ci ilin iyun ayının axırlarında Bərdə rayonu ərazisində, Kür çayının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin istifadəyə yararlı hissələrini toplayaraq Tərtər rayonu Bəyimsarov kəndində yerləşən özünəməxsus yaşayış olmayan həyətyanı sahəsinə gətirərək orada qurudub, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 151,45 qram tərkibində narkotik maddələr olan qurudulmuş marixuananı qanunsuz olaraqəldəedərək bir ədəd polietilen torbaya qablaşdırıb gələcəkdə özü istifadə etmək məqsədilə həmin yerdə gizlədərək qanunsuz saxlamış, xx.xx.2022-ci il tarixdə idarə etdiyi VAZ-21011 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu Bəyimsarov kəndində yerləşən həyətyanı sahəsinə gələrək həmin narkotik vasitə qurudulmuş marixuananı əynində olan idman gödəkçəsinin sol qolunun iç hissəsinə qoyaraq qanunsuz saxlamaqla daşıyıb Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayan qayınanası X3 evinə qonaq gəlmiş, sonra yaşadığı Bərdə rayonuna qayıdarkən həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 15:45 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki idman gödəkçəsinin sol qolunun iç hissəsində bir ədəd polietilen torbada 151,45 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apelyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona yüngül cəza verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk dəfə məhkum olunur, ailənin yeganə qazanc gətirəni olmaqla yaşlı atası onun himayəsindədir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apelyasiya şikayətini müdafiə edib göstərdi ki, birinci instansiya məhkəməsi müdafiə etdiyi şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını formal olaraq nəzərə almışdır. Təqsirləndirilən şəxsin himayəsində yaşlı atası, işsiz həyat yoldaşı, iki oğlu və gəlini var, ailənin yeganə qazanc gətirənidir. Təqsirləndirilən şəxs əməlindən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir. Ona görə şikayətin təmin edilməsini Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, onun həbsdə saxlanılması ailəsinin vəziyyətini ağırlaşdırır. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etmədi və göstərdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində işə baxarkən işin faktiki hallarını, əvvəllər məhkum olunmasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Hesab edir ki, cəzanın yüngülləşdirilməsi və ya daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü cəza ilə bağlı hissədə dəyişdirilməlidir. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respunliksınım cinayət qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Apellyasiya instansiyasına təqdim edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməklə yaşlı atası onun himayəsindədir, eləcə də yaşayış yeri üzrə verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsi var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkarın təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunamüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökmlə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, 30 iyul-01 avqust 2022-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 gün, 17 noyabr 2022-ci il- 23 yanvar 2023-cü il tarixlərdə həbsdə saxlanıldığı 2 ay 6 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin olunmalı, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(045)-96/2022 saylı hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 ay azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs 30 iyul-01 avqust 2022-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 gün, 17 noyabr 2022-ci il- 23 yanvar 2023-cü il tarixlərdə 2 ay 6 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X4 Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-116/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-116/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver