Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-121/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X7 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «18» noyabr 2022-ci il tarixli, 1(100)-264/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Elmin Rüstəmovun sədrliyi, hakimlər Xəqani Səmədov və Faiq Mahmudovdan ibarət tərkibdə) «18» noyabr 2022-ci il tarixli, 1(100)-264/2022 nömrəli hökmü ilə xx.xx.1998-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzasının əvvəlinin 14 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində dayısıoğlu X5 ilə telefonda sonuncunun onu aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün çağırması səbəbindən Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına getmiş, Ç.Vəlizadənin təyin etdiyi görüş yerinə gedərkən üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı, tiyəsinin uzunluğu 110 mm, dəstəyinin uzunluğu 120 mm olan bıçağı götürüb həmin vaxt əynində olan köynəyinin sol qol hissəsinə salıb gizlətmiş, qeyd olunan yerə, yəni sözügedən kanalın yaxınlığına çatıb, həmin gün saat 20 radələrində Çingiz Vəlizadə ilə onu telefonda söydükdən sonra nömrəsini bloka atdığı üçün mübahisə etmiş, Ç.Vəlizadə onu ağır söyüşlərlə təhqir etdiyi üçün yumruqla vuraraq sonuncu ilə dava etməyə başlamış, daha sonra dava daha da intensiv şəkil almış və Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd səthi kəsilmiş, deşilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Çingiz Vəlizadənin xəsarət aldıqdan sonra hadisə yerindən evlərinə gedən küçəyə doğru qaçıb getməsinə mane olmaq və onu öldürməkdən ibarət qəsdini başa çatdırmaq üçün sonuncunun arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq ona sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığın zədələnməsi ilə nəticələnən və kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, məhkumun müdafiəçisi apellyasiya şikayətində məhkumun əməlinin CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin barəsində CM-nin 59-cu maddəsi tətbiq edilməklə ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayətində məhkuma daha ağır ittiham verilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə vəsatəti təmin edərək işin birinci instansiya məhkəməsinə qaytarılmasını, bu mümkün olmadıqda isə ona irəli sürülmüş ittiham üzrə CM-in 120.2.2-ci maddəsi ilə barəsində hökm çıxarılmaqla ən ağır cəza təyin edilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərinin və protestinin dəlilləri: Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsla zərərçəkmiş Çingiz Vəlizadə arasında əmək haqqının ödənilməməsinə görə mübahisə Təqsirləndirilən şəxs Çingiz Vəlizadəni telefonda söyməsi və nömrəsini blok etməsi ilə başa çatmışdı. Yəni əmək haqqının ödənilməməsinə görə mübahisə hadisədən on gün əvvəl yekunlaşmışdı. Bu yolla Təqsirləndirilən şəxs məlum səbəbə görə öz aqressiyasını “realizə” etmiş və özlüyündə mübahisəyə son vermişdir. Lakin qarşı tərəfin bu davranışını qəbul etməyən Ç.Vəzizadə 10 gün ərzində müxtəlif yollarla Təqsirləndirilən şəxs söydüyü söyüşə görə cəzalandırmaq və intiqam almaq istəmişdir. Bu məqsədlə digər şəxslərin telefonundan istifadə etməklə Təqsirləndirilən şəxsla əlaqə yaratmış, mübahisəyə aydınlıq gətirmək üçün sonuncunu Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına çağırmış, 3-cü şəxslərin yanında “gəlməyən peysərdi” deyib söyüş qoymuşdur. Yalnız bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan ünvana getmiş və orada Çingiz Vəlizadənin qəsdən öldürülməsi ilə nəticələnən hadisə baş vermişdir. Məhkəmənin qənaətinə əsasən sözügedən mübahisə zərərçəkmişin təşəbbüsü ilə başlanmış, münaqişənin intensiv şəkil alması isə zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin xuliqanlıq motivi ilə baş verməsi tamamilə inkar edilir. Lakin ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, Çingizlə ancaq bir dəfə hadisədən təxminən 10 gün əvvəl torpaq sahəsinin suvarılması ilə bağlı 20 manat pulun sonuncu tərəfindən ödənilməsinə görə aralarında mübahisə yaranmış, həmin vaxtdan da onunla küsülü olmuşdur. O küsüb mübahisəni bitirsə də, Çingiz onu sözlü mübahisə zamanı işlətdiyi söyüşə görə “sındırmaq” üçün onunla müxtəlif yollarla əlaqə qurub telefon konfrans sistemi ilə 3-cü şəxslərin yanında onu söyüb təhqir etmiş və mübahisəyə aydınlıq gətirməyə çağırmışdır. Bu səbədən Çingizin dediyi yerə getmiş, hadisə yerinə çatan kimi birinci Çingiz ona yumruq atmış və qarşılıqlı dalaşma zamanı məlum hadisə baş vermişdir. Çingiz Vəlizadəni öldürmək niyyəti olmamış, özünü müdafiə edən zaman bilmədən Çingizi bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində isə göstərmişdir ki, 2021-ci il dekabr ayında torpaq sahəsinin suvarılması ilə bağlı Çingizdən 20 manat pulunu istəmiş, Cingiz isə ərazinin suvarılmadığını, ona görə ona heç nə verməyəcəyini demişdir. Bu məsələyə görə Çingizə daha onu danışdırmamasını bildirmiş, sonradan Çingizi “vatsappda” da bloka atmışdır. Həmin vaxtdan sonra hadisə baş verən günə qədər Çingizlə danışığı olmamışdır. xx.xx.2021-ci il tarixdə, Nurlanın telefonu ilə Çingizlə danışımış və mübahisə etmişlər. Bundan sonra Çingiz Ədalət vasitəsi ilə onunla telefon vasitəsi ilə əlaqə saxlayıb yenə ona söyüş söymüş və ona Ağstafa rayonu Köçəsgər kəndində olan kanalın üstünə gəlməyini demişdir. Hadisəyerinə gələn zaman Nurlan üstünə gəlib “bilirəm, dalaşmağa gəlibsən, eləmə” demişdir. Nurlan onu qolundan tutub geri, gəldiyi istiqamətdə qaytarmağa çalışmışdır. Çingiz isə qışqırıb “gəlirsə buraxın gəlsin” demişdir. Birinci Çingiz ona yumruq atmış və məlum hadisə baş vermişdir. İş üzrə Şahid1 həm məhkəmə həm də ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə Çingiz mobil telefon vasitəsi ilə ona zəng edib hal əhval tutmuş, söhbət vaxtı Çingiz yanında Əlinin olmasını bilib, ondan niyə küsməsini, inciməsini soruşmuş, telefonu danışması üçün Əliyə verməsini demişdir. Çingiz Əli ilə aralarında danışıq zamanı Əli Çingizə “sən mənim 10 manatımı niyə vermirsən? Bundan sonra məni danışdırma zəng etmə” deyib əsəbi şəkildə telefonu söndürmüşdür. O, sonradan Çingizə zəng edib “10 manat nədir ki, ona görə aranızda küskünlük olur? demiş, Çingiz də ona “niyə mənimlə elə minnət qoya-qoya danışır. Sən onu xəttə qoşa bilərsənmi?” demiş, o isə ehtiyac olmadığını, 10 manata görə bir birini incitməmələrini demişdir. Çingiz “yaxşı” deyib telefonu söndürmüşdür. Hadisə yerində Əli üzünü Çingizə tutub “bayaq telefonda nə deyirdin?” demişdir. O, aralamaq üçün Əlinin qabağına dursa da, Əli isə onu itələyib “sənlik deyil aralı dur” demişdir. Çingizə çatan kimi Əli bir dəfə yumruqla Çingizi baş tərəfindən vurmuş və məlum hadisə baş vermişdir. İş üzrə Şahid2 həm məhkəmə həm də ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə Əli ilə Çingiz arasında telefon danışığı zamanı Əlini ağır küçə söyüşləri ilə söyüb “kanalın üstünə gəlməyən peysərdir!” demişdir. Əli də Çingizi söyüb “peysər özünsən” demişdir. Hadisə zamanı Əli Çingizə tərəf boylanıb “bayaq nə deyirdin?” deyib qəfil Nurlanın əlindən çıxıb Çingiz tərəf qaçmış, çatan kimi Çingizə yumruqla bir dəfə başından vurmuş və məlum hadisə baş vermişdir. İş üzrə Şahid3 ifadəsində Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid7 həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “xx.xx.2021-ci il tarixdə Nurlanın nömrəsindən onun istifadəsində olan nömrəyə zəng gəlsə də danışan qonşusu Təqsirləndirilən şəxs olmuş, Əli ona telefonda “axşamın xeyir, kanalın üstünə çıx işim var”, o, isə səbəbini soruşanda Əli “onun ağzını s.k.c.m” demişdir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən və zərərçəkmiş arasında torpaq sahəsinin suvarılması ilə əlaqədar pulun ödənilməsi ilə bağlı mübahisə olsa da, təqsirləndirilən zərərçəkmişlə küsərək onunla mobil telefon əlaqəsini dayandırmış, bundan sonra aralarında hər hansı ədavət yaşanmamışdır. Bir neçə gün sonra zərərçəkmiş Şahid1 yanında olan Təqsirləndirilən şəxsla mobil telefonla danışan zaman ondan küsməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs isə yenidən mübahisə edib onunla əlaqə saxlamamasını bildirmişdir. Təkrarən yaşanan mübahisə ilə bağlı tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün görüş yeri təyin etməklə görüşmüşlər. Zərərçəkmiş mobil telefonda birbaşa təqsirləndirilənin ünvanına deyil, ümumi formada “kanalın üstünə gəlməyən peysərdir!” ifadəsini işlətdiyi halda, Təqsirləndirilən şəxs onu təhqir edib telefonu söndürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcədən üzərində bıçaq götürüb aqressiv halda hadisə yerinə gəlmiş, hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Çingizə “bayaq nə deyirdin?” deyib onları ayırmağa çalışan Nurlanı itələyib Çingizin üzərinə hücum edərək Çingizə yumruqla bir dəfə başından vurmuş və qarşılıqlı dalaşma zamanı bıçaq xəsarətləri yetirmiş, almış olduğu xəsarətlərdən sonra həmin yeri tərk edən Çingizi təqib etməklə, qəsdini başa çatdırmaq üçün sonuncunun arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq onu qəsdən öldürmüşdür. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Çingiz Vəlizədə arasında mövcud olan mübahisə ilə bağlı Təqsirləndirilən şəxs özünü haqlı hesab etmiş, qohumluq münasibətində olan Çingizlə əlaqələrini kəsmiş bir neçə gündən sonra sonuncu onunla danışan zaman yenidən haqlı olduğunu bildirməklə mübahisənin böyüməsinə təkan vermiş, münasibtlərinə aydınlıq gətirmək üçün zərərçəkmişin görüşmək təklifini qəbul edərək, zərərçəkmiş Çingiz Vəlizadənin ona “gəlməyən, peysərdi” deməsini şəxsiyyətinə təhqir hesab edib, ona birbaşa ünvanlanmayan ifadəni, yəni bu cüzi səbəbi digər şəxsin həyatdan məhrum edilməsi əsası kimi qəbul edərək həmin aqressiyadan qaynaqlanmaqla əvvəlcədən silahlanıb üzərində bıçaq götürmüş və məlum hadisə zamanı baş vermiş münaqişə və qarşılıqlı dalaşmanın təşəbbüskarı olmaqla, onu ayırmağa çalışan şəxsi itələyib zərərçəkmişə hücum edərək ilkin olaraq onu vurmuş, bundan sonra xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə əməlini həyata keçirmək üçün ilkin olaraq zərərçəkmişə xəsarətlər yetirmiş, daha sonra isə hadisə yerin tərk edən zərərçəkmişi təqib edərək ona bıçaq zərbəsini yerinə yetriməklə cinayətkar əməlini başa çatdırmışdır. Həmçinin, məlum hadisə zamanı zərərçəkmişin üzərində hər hansı predmet və əşya olmamış, və zərərçəkmiş tərəfindən şəxsi ictimai təhlükəli əməli törətməyə sövq edən hər hansı hüquqazidd hərəkətlərə yol verilməmişdir. Məhkəmə tərəflər arasında pulun ödənilməməsi ilə bağlı mübahisəni hadisədən əvvəl yekunlaşması, Təqsirləndirilən şəxs məlum səbəbə görə öz aqressiyasını “realizə” edərək, mübahisəyə son verməsi, lakin zərərçəkmiş Ç.Vəlizadənin müxtəlif yollarla Təqsirləndirilən şəxs söydüyü söyüşə görə cəzalandırmaq və intiqam almaq istəməsi, bu məqsədlə digər şəxslərin telefonundan istifadə etməklə Təqsirləndirilən şəxs su kanalının yanına çağırması və məlum hadisənin baş verməsi qənaətinə gəlsə də, bununla bağlı təqsirləndirilən şəxsin yalnız məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanmış, həmin xüsusatın iş üzrə şahid qismində dindirilmiş digər şahid ifadələri ilə təsdiq edilmədiyini nəzərə almamışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü müdafiə etmək məqsədi ilə ifadələrində təzadlı, məntiqsiz dəlilər irəli sürməsini qənaətinə düzgün gəlsə də, yuxarıda qeyd edilən xüsusatla bağlı təqsirlindirlən şəxsin ifadəsində göstərdiklərinin həqiqiliyinə düzgün qiymət verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi Çingiz Vəlizadəni öldürmək niyyəti olmaması, özünü müdafiə edən zaman bilmədən bıçaqla vurması, kimi xüsusatlar iş üzrə toplanılmış sübutlarla tam təkzib edilmişdir. Bundan başqa məhkəmə ümumiyyətlə hadisənin baş vermə səbəbi ilə bağlı istintaqın gəldiyi nəticəni nəyə görə qəbul etməməsinin motivlərini hökmdə tam əsaslandırmamış, münaqişəyə səbəb olan zərərçəkmişin hüquqa zidd hərəkətlərinin nədə ifadə olunmasını konkret olaraq qeyd etməməklə, məhz hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsi ilə bağlı düzgün təhlillər aparılmamışdır. İşin obyektiv hallarından görünür ki təqsirləndirilən şəxs zərərçəkmişin telefonda ona birbaşa ünvanlanmayan ifadəni özünə təhqir hesab edib şəxsiyyətini digərlərinin fövqündə qoyaraq, şəxsiyyətinə qarşı təhqir kimi qiymətləndirdiyi bu cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə cinayət əməlini törətmişdir. Hüquq nəzəriyyəsinə əsasən də xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Beləliklə, sadalanan işin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilmiş qəsdən adam öldürmə cinayətinin motivi təqsirləndirilən şəxsin öz şəxsiyyətini digərlərinin fövqündə qoymasında və zərərçəkmiş tərəfindən təhqir olunmasını cüzi səbəb kimi bəhanə etməsində ifadə olunan xuliqanlıq niyyəti olmuşdur. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə tərəfindən sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilib, düzgün qiymətləndirmə aparılmamış, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmiş, o cümlədən də, məhkəmə gəldiyi nəticə ilə bağlı əsaslı qiymətləndirmə aparmamışdır. Məhkumun müdafiəçisi hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin təqsirləndirlən şəxsin barəsində CMnin 120.1-ci maddəsi ilə hökm çıxarması qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olmuş olsa bu zaman onunla ilk dəfə dalaşan zaman onun həyat üçün vacib olan orqanlarında vurub onu öldürə bilərdi. Lakin göründüyü kimi təqsirləndirlən şəxs zərərçəkmiş şəxsin bud nahiyəsinə zərbə endirmişdir. Həmin vaxtı zərərçəkmiş şəxs onu yerə yıxıb üstünə çıxdığı üçün o onu buraxması üçün zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. Sonradan zərərçəkmiş şəxsi vurmasının səbəbi isə onun yenidən nəlayiq ifadə ilə onu təhqir etməsi olmuşdur. Həmin vaxtı isə özü qeyd etdiyi kimi bıçaq əlində ola-ola ona yumruq atdıqda bıçaq zərərçəkmiş şəxsə dəymişdir. Bıçaq zərərçəkmiş şəxsə dəydikdən sonra o qəsdini davam etdirmək imkanında olsa da bunu etməmişdir. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmuş olsa idi bu zaman onun həyat əlamətləri tam olaraq itənə qədər qəsdi davam etdirməli idi. Təqsirləndirilən şəxsin ifadəsinə diqqət yetirdikdə o qeyd etmişdir ki, zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra onun sinəsindən qan gəldiyini görür və köynəyini qaldırıb baxdıqda onun sinəsindən qan axmasını gördükdən sonra oradan uzaqlaşmışdır. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Əgər olmuş olsa idi bu zaman öz qəsdini davam etdirib həyat əlamətləri sona yetənə qədər qəsdini davam etdirərdi. Beləliklə müdafiə tərəfi hesab edir ki,təqsirləndirilən şəxsin əməlində CM-nin 120.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Ona görə onun əməli həmin məcəllənin 126.3cü maddəsinə tövsüf edilməlidir. Eyni zamanda münaqişənin baş verməsinə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi ağır formada söyməsi və təhqir etməsi olduğundan təqsirləndirlən şəxsin barəsində CM-nin 59-cu maddəsi tətbiq edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi işin hallarını tam araşdırmamış və təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Əvvəla işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən vəsatət verərək Təqsirləndirilən şəxs əməlində daha ağır yəni CM-nin 120.2.1.-ci maddəsində nəzərdə tutulan cinayət ələamətləri olduğundan ona daha ağır ittiham verilməsi üçün işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Belə ki, Şahid2, Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşıb hadisə yerinə yığılmışlar. Mərhum Çingizi hadisə yerinə Şahid2 çağırmışdı. Qeyd edir ki, mərhum Çingiz Vəlizadə həm boyca həm də fiziki gücə görə təqsirləndiriləndən çox üstün olmuşdur. Təqsirləndirilən şəxsin onu tək başına yenməsi ən azından inandırıcı deyil. Hər üç hadisənin digər iştirakçılarına məhkəmədə nəyə görə dalaşanları ayırmırdılar sualı verilərkən onların heç biri yenə də buna ağlabatan cavab verə bilməmişlər. Bundan başqa hadisə mərhumun evinin yaxınlığında baş vermişdi. Hadisə zamanı mərhumun atası evin həyətində, anası və qardaşı isə evdə olmuşlar. Necə ola bilər ki, 4-5 dəqiqə davam edən dalaşmanın səsini mərhumun evində eşitməmişlər, lakin hadisədən sonra Ədalətin bir dəfə baba qışmırsaını evdə eşidilmiş və mərhumun qohumları dərhal hadisə yerinə gəlmişlər. Bundan başqa iş materiallarına əlavə edilən telefon danışıqları barədə olan çıxarışlardan görünür ki, həmin şəxslərin arasında dəfələrlə telefon danışıqları olmuşdu. Göründüyü kimi Təqsirləndirilən şəxs bu cinayəti tək deyil, Şahid2, Şahid1 və Şahid3lə birlikdə törətmişdir ki, belə olan halda ona daha ağır maddə ilə ittiham verilməli, hadisənin digər iştirakçılarına da ittiham irəli sürülməlidir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Hesab edir ki, apellyasiya məkəməsi ilk öncə bu məsələyə qiymət verərək işi birinci instansiya məhkəməsinə qaytarmalıdır. Eyni zamanda hesab edir ki, məhkəmənin həm tövsif ilə bağlı həm də təyin edilən cəza ilə bağlı mövqeyi yalnış olmuşdur.Belə ki, həm ibtidai istitaq həm də məhkəmə zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs bu cinayəti xuliqanlıq niyəti ilə törətməsi tam təsdiqini tapmışdır. Cinayət prosesi tərəflərinin dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apelyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etdi. Həmçinin göstərdi ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayəti heç bir mötəbər sübuta əsaslanmır və təmin edilməsi üçün heç bir əsas yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellasiya şikayətinə münasibətdə isə göstərdi ki, həmin şikayətin məhkumun əməlinin CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı dəlilləri ilə razılaşır və həmin hissədə şikayətin qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, hökmün ləğv edilməsini və məhkumun əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə ən aşağı həddə cəza təyin edilməsini xahiş etdilər. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdilər, protestin və şikayətin dəlillərinin əsassız olduğunu bildirdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətini və apellyasiya protestini müdafiə etdi, şikayətdə və protestdə göstərilən məzmunda çıxış etdi, hökmün ləğv edilməsini, məhkuma daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini, bu mümkün olmadıqda məhkumun əməlinin CM-in 120.2.2ci maddəsinə tövsif edilməsini və məhkuma ən ağır cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti və şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, apellyasiya protestində hökmün ləğv edilməsi və məhkumun əməlinin CM-in 120.2.2-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətində hökmün ləğv edilməsi və məhkuma daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması, bu mümkün olmadıqda onun əməlinin CM-in 120.2.2-ci maddəsinə tövsif edilməsi, məhkumun müdafiəçisinin apellyasiya şikayətində məhkumun əməlinin CM-in 126.3-cü maddəsinə tövsif edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsasında məhkumun əməlinin CM-in 120.2.2-ci maddəsinə tövsif edilməsi, eləcə də məhkumun müdafiəçisinin apellyasiya şikayətinin məhkumun əməlinin CM-in 126.3-cü maddəsinə tövsif edilməsi ilə əlaqədar dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə əsasən məhkumun əməlinin tövsifinin qanuniliyi və əsaslılığı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Belə olduğu halda Təqsirləndirilən şəxs əməlinin subyektiv cəhəti, CM-in hansı müvafiq maddəsinin dispozisiyasında göstərilən məqsədi xarakterizə edən tərkib əlamətləri ilə tam üst-üstə düşürsə, deməli əməli də həmin maddə ilə tövsif edilməlidir. Onun törətdiyi əmələ görə cinayət məsuliyyəti də təqsiri ilə bağlıdır. Eyni zamanda təqsiri şüurla əhatə olunmalı, əməli şüurunun və iradəsinin məhsulu olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, 14 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində dayısıoğlu X5 ilə telefonda sonuncunun ona olan 10 manat borcunu vermədiyinə görə mübahisə edərkən Çingiz Vəlizadə onun ünvanına nalayiq ifadə işlətdiyindən sonuncu ilə mübahisələrini aydınlaşdırmaq üçün Ağstafa rayonu Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanında görüşməyə sözləşərək yaşadığı evdən soyuq silah hesab edilməyən məişət təyinatlı, tiyəsinin uzunluğu 110 mm, dəstəyinin uzunluğu 120 mm olan bıçağı götürüb həmin vaxt əynində olan köynəyinin sol qol hissəsinə salıb gizlətməklə sövdələşdikləri yerəkanalın yaxınlığına gedib, həmin gün saat 20 radələrində Çingiz Vəlizadəni ilkin olaraq yumruqla vuraraq sonuncu ilə mübahisə etməyə başlamış, sonuncunun telefonda ona nalayiq ifadə işlətməsini özünə təhqir hesab edib şəxsiyyətini digərlərinin fövqündə qoyaraq əsaslı səbəb olmadan, şəxsiyyətinə qarşı təhqir kimi qiymətləndirdiyi cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq sol sağrının 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd səthi kəsilmiş, deşilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Çingiz Vəlizadənin xəsarət aldıqdan sonra hadisə yerindən evlərinə gedən küçəyə doğru qaçıb getməsinə mane olmaq və onu öldürməkdən ibarət qəsdini başa çatdırmaq üçün sonuncunun arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq ona sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığın zədələnməsi ilə nəticələnən və kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsi isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab etmişdir ki, Təqsirləndirilən şəxsla mərhum Çingiz Vəlizadə arasında sonuncu tərəfindən əmək haqqının ödənilməməsi səbəbinə görə mübahisə olduğu, Təqsirləndirilən şəxs münasibətdə mübahisənin sona çatması açıqdan açığa aydın görünür. Tərəflər arasında əmək haqqının ödənilməməsinə görə mübahisə Təqsirləndirilən şəxs Çingiz Vəlizadəni telefonda söyməsi və nömrəsini blok etməsi ilə başa çatmışdı. Yəni əmək haqqının ödənilməməsinə görə mübahisə hadisədən on gün əvvəl yekunlaşmışdı. Bu yolla Təqsirləndirilən şəxs məlum səbəbə görə öz aqressiyasını “realizə” etmiş və özlüyündə mübahisəyə son vermişdir. Lakin qarşı tərəfin bu davranışını qəbul etməyən Ç.Vəlizadə 10 gün ərzində müxtəlif yollarla Təqsirləndirilən şəxs söydüyü söyüşə görə cəzalandırmaq və intiqam almaq istəmişdir. Bu məqsədlə digər şəxslərin telefonundan istifadə etməklə Təqsirləndirilən şəxsla əlaqə yaratmış, mübahisəyə aydınlıq gətirmək üçün sonuncunu Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına çağırmış, 3-cü şəxslərin yanında “gəlməyən peysərdi” deyib söyüş qoymuşdur. Yalnız bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan ünvana getmiş və orada Çingiz Vəlizadənin qəsdən öldürülməsi ilə nəticələnən hadisə baş vermişdir. Sözügedən mübahisə zərərçəkmişin təşəbbüsü ilə başlanmış, münaqişənin intensiv şəkil alması isə zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir. Apellyasiya instansiya məhkəməsi də istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, eləcə də işin faktiki hallarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edəcək heç bir sübut iş materiallarında mövcud deyildir. Belə ki, dindirilmiş təqsirləndirilən şəxsin və çoxsaylı şahidlərin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə mərhum Çingiz Vəlizadə arasında əmək haqqının ödənilməməsi səbəbinə görə əvvəlcədən aralarında mübahisə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs telefon vasitəsilə mərhum Çingiz Vəlizadəni söymüş və bununla da onlar arasında əmək haqqının ödənilməməsinə görə mübahisə başa çatmışdır. Dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə müəyyən edilir ki, bundan sonra Çingiz Vəlizadə məhkum Təqsirləndirilən şəxs onu bloka atması səbəbindən Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmiş və ayrı-ayrı şəxslərin vasitəsilə məhkum Təqsirləndirilən şəxsla əlaqə yaratmağa çalışmışdır. Məhz hadisələrin yenidən ciddi xarakter alması da bundan sonra baş vermişdir. İttihamda qeyd olunan cinayət hadisəsinin törədilməsi yerinə məhkum Təqsirləndirilən şəxs mərhum Çingiz Vəlizadə çağırmış və “gəlməyən peysərdi” deyib söyüş qoymuşdur. Qeyd olunan cinayət hadisəsi də məhz bundan sonra - Təqsirləndirilən şəxs həmin yerə getməsindən sonra baş vermişdir. Qeyd olunan işin faktiki halları dindirilmiş çoxsaylı şahidlərin ifadələri, iş materiallarında olan mobil telefonlara “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərlə təsdiq olunur. Mobil telefonlara “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 məxsus Samsung markalı 01 ədəd mobil telefona baxış zamanı “Nurlan” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:29da 8 dəqiqə 15 saniyə, 19:38-də 2 dəqiqə 27 saniyə telefon danışıqları olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, ... həmin vaxt Çingiz ona zəng etmişdir. Çingizlə hal əhval tutmuş, söhbət vaxtı Çingiz ondan yanında səsi gələnin Əlinin olub-olmaması barədə soruşmuşdur. Çingizə yanındakının Əli olduğunu demişdir. Çingiz Əlinin onunla danışmadığını, onun nömrəsini bloka atdığını bildirmiş, telefonu danışması üçün Əliyə verməsini demişdir. O telefonu Əliyə vermişdir. Əli ilə aralarında mübahisə düşmüş, Əli Çingizə məni danışdırma zəng etmə” deyib telefonu söndürmüşdür. Əli ilə ayrılıb evlərinə gəlmişdir. O yolda gələndə təkrar Çingizə zəng edib “Ay Çingiz hamımız qohumuq niyə belə edirsən demiş, Çingiz də ona “niyə mənimlə elə minnət qoya-qoya danışır. Sən onu xəttə qoşa bilərsənmi?” demiş, o isə ehtiyac olmadığını, bir birini incitməmələrini demişdir. Çingiz “yaxşı” deyib telefonu söndürmüşdür. Mobil telefonlara “baxış keçirilməsi haqqında” protokoldan həmçinin müəyyən olunur ki, X2 məxsus Samsung markalı 01 ədəd mobil telefona baxış zamanı “edalet” adı ilə qeyd olunmuş “**********” nömrəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 19:49-da 3 dəqiqə 47 saniyə, 19:56-da 29 saniyə telefon danışıqları olması müəyyən edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, ... istifadəsində olan nömrəyə əmisioğlu Çingizdən çağırış zəngi gəlmişdir. Çingizi geri yığmış, onunla hal-əhval tutandan sonra Çingiz bibisioğlu Əlini xəttə qoşa bilib-bilməməsini, onda kontur olmadığını demişdir. Təxminən saat 19:30 radələrində Əliyə zəng edib, Əlini xəttə qoşmuş, özü də danışığa qulaq asmışdır. Aralarındakı danışıq çox qısa müddətli olmuş, Çingiz alo dedikdən sonra Əlini ağır küçə söyüşləri ilə söyüb “kanalın üstünə gəlməyən peysərdir!” demişdir. Əli də Çingizi söyüb “peysər özünsən” demişdir. Bundan sonra Əli telefonu söndürmüşdür. O Çingizə təkrar zəng edib, nə məsələ olduğunu, niyə Əlini söydüyünü soruşmuşdur. Çingiz gedib Əlini öldürəcəyini demişdir. Səbəbini soruşanda aralarında suvarma ilə əlaqədar Əlinin onu söydüyünü və nömrəsini də bloka atdığını demişdir. Telefonda Çingizə “başını buraxın, bu nə məsələdir ki, buna görə dava edirsiz” demişdir. Çingiz əsəbi olmuş, telefonu söndürmüşdür. Göründüyü kimi dindirilmiş şahidlərin ifadələri, mobil telefonlara baxış keçirilərkən bir daha təsdiq edilmiş və Təqsirləndirilən şəxs qeyd olunan ünvana getməsinin səbəbinin mərhum Çingiz Vəlizadənin onu həmin yerə çağırması və gəlməyənə söyüş qoyması olmuş və məhz bundan sonra Çingiz Vəlizadənin qəsdən öldürülməsi ilə nəticələnən hadisə baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmalında göstərilmişdir ki, qərarların təhlili xuliqanlıq motivinin yanlış olaraq müəyyən edilməsinə səbəb olan hal kimi həmçinin onu aşkara çıxarmışdır ki, bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, qərarın təsviri əsaslandırıcı hissəsində şərh olunan sübutlardan göründüyü ki, sözügedən mübahisə zərərçəkmişin təşəbbüsü ilə başlanmış, münaqişənin intensiv şəkil alması isə zərərçəkmişin hərəkətləri səbəbindən baş vermişdir. Kollegiya insanı qəsdən həyatdan məhrum etməyə heç bir səbəb əsas vermədiyi üçün, hazırki işdə də cinayətin tövsifinin “əsaslı səbəb”in olub-olmaması ilə əlaqələndirilməsini qanunla uzlaşmayan yanaşma hesab edir. Çünki, cinayət qanununun 120.2.2-ci maddəsi (Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi) xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Hazırki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs “səbəb” olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmiş, mərhum Çingiz Vəlizadə onu aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün çağırması səbəbindən hadisə baş verən yerə getmiş, Ç.Vəlizadə onu ağır söyüşlərlə təhqir etdiyi üçün yumruqla vuraraq sonuncu ilə dava etməyə başlamış, daha sonra dava daha da intensiv şəkil almış və Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu qəsdən həyatdan məhrum etmiş, Ç.Vəlizadənin onu ağır söyüşlərlə təhqir etməsi və bundan irəli gələn mübahisə bahanə deyil, “əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. Qeyd olunanlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Daha sonra məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 126.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdi məhz mərhum Çingiz Vəlizadəni qəsdən həyatdan məhrum etməyə yönəlmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs mərhum Çingiz Vəlizadəyə 4 ədəd xəsarət yetirmişdir. Tərəflər arasında ilkin mübahisə zamanı məhkum Təqsirləndirilən şəxs mərhum Çingiz Vəlizadəyə 3 bıçaq xəsarəti yetirmiş, bundan sonra Çingiz Vəlizadənin arxasınca 40 m məsafə qaçaraq ona çatıb əlində saxladığı bıçaqla Çingiz Vəlizadəni təkrar vuraraq ona sol döş qəfəsinin 1 ədəd boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığın zədələnməsi ilə nəticələnən və kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncunu öldürmüşdür. İşin məhz bu halı, məhkumun zərərçəkmiş şəxsin arxasınca sonradan qaçaraq ona yenidən bıçaqla xəsarət yetirməsi Təqsirləndirilən şəxs qəsdinin Çingiz Vəlizadəni öldürməyə yönəldiyini göstərir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-in 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda CM-in 120.2.2 və ya 126.3cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli birmənalı olaraq həmin maddələrlə tövsif edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun əməlini CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etmişdir. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, bu məsələdə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Ona görə də, kollegiya hesab edir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət törətməsi nəticəsinə gəlmiş və nəticədə həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsində bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, istintaq orqanın bu səhvi yalnız birinci instansiya məhkəməsində aradan qaldırıla bilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs əməli CM-in 120.2.2ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilərkən apellyasiya protestində və şikayətlərində əks olunmuş bütün dəlillərə məhkəmə hökmündə əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya protestində və şikayətlərində hökmün ləğvinə və ya dəyişdirilməsinə əsas ola biləcək heç bir dəlil mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətində əks olunmuş məhkumun əməlinin əsassız olaraq yüngül maddə ilə tövsif edilməsi və ona daha ağır ittiham (CM-in 120.2.1-ci maddəsi ilə) irəli sürülməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə geri qaytarılması dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: - 391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti təmin ediləcəyi halda, məhkumun əməlinin daha ağır cinayət əməlinə tövsif edilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Lakin yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi məhkəmənin bu formada səlahiyyəti yalnız Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda nəzərdə tutulmuşdur. Yəni, müvafiq protestlər olmadığı təqdirdə məhkəmənin belə səlahiyyəti nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə məhkəməyə verilmiş, məhkəmə isə onun əməlini CM-n 120.1-ci maddəsinə tövsif etməkdə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsində isə CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin protestləri olmadığı halda cinayət işinin təqsirləndirilən şəxsə ağır ittiham irəli sürülməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində olan yüngülləşdirici halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddə ilə yuxarı həddə yaxın bir müddətdə cəza təyin etmişdir. İşin faktiki hallarından görünür ki, məhkum hələ də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, barışmağa cəhd etməmiş və tərəflər arasındakı münaqişəli vəziyyət aradan qalxmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «18» noyabr 2022-ci il tarixli, 1(100)- 264/2022 nömrəli hökmü apellyasiya protestinə və şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «18» noyabr 2022-ci il tarixli, 1(100)-264/2022 nömrəli hökmü məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-121/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-121/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver