Məhkəmə qərarları › İş №1(104)-125/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-125/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-125/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(100)-435/2022 nömrəli hökmündən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Roman Ələkbərlinin sədrliyi, hakimlər Dadaş İmanov və Nural Əliyevdən ibarət tərkibdə) «16» noyabr 2022-ci il tarixli, 1(100)- 435/2022 nömrəli hökmü ilə xx.xx.1973-cü ildə Şəmkir rayonu, Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması, onun narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindəki istixananın arxa tərəfində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 06 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 24 (iyirmi dörd) ədəd külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, məhkum apellyasiya şikayətində işinə yenidən ədalətli baxılmasını, məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsini və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında təqsirləndirilən şəxs kolların yalnız 8-9 ədədinə qulluq etdiyini, qalan çətənə kollarının isə yabanı şəkildə bitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə dair video görüntüdən də aşkar görünür ki, təqsirləndirilən şəxsin həyətindən aşkar olunmuş çətənə bitkisinə oxşar kollar alaq otlarının arasından aşkar olunaraq götürülüb. Bununla da, təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd etdiklərinin həqiqət olduğu müəyyən olunur. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, hökmü ədalətsiz hesab edir, işinə yenidən ədalətli baxılmasını xahiş edir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi və əlavə olaraq göstərdi ki, özünü CM-in 237.1-ci maddəsi ilə tam təqsirli bilir. Onun evinin həyətyanı torpaq sahəsində yerləşən istixananın arxa hissəsindən 24 ədəd çətənə kolları aşkar edilsə də, həmin kolların hamısını o, əkməmişdir. Belə ki, o, aşkar edilmiş həmin çətənə kollarının yalnız 8-9 ədədini özü əkib, qulluq etmişdir. Qalan çətənə kolları isə yabanı şəkildə təbii olaraq özü bitmişdir. Əməlinin CM-in 237.1-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi və məhkumun əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsini və barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq ona CM-in 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Müdafiəçi əlavə olaraq göstərdi ki, aşkar edilmiş çətənə kollarının yalnız 8-9 ədədini məhkum əkmişdir. Qalanları isə yabanı halda bitmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 237.2.3cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya şikayətində işinə ədalətli baxılmasını xahiş etmiş, onun müdafiəçisi apellyasiya şikayətində məhkumun əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə kollegiyası ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsini, dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolu, alim aqronom tərəfindən verilmiş rəy, cinayət işində olan digər sübutları və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. CM-in 237.2.3-cü maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməni (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) özündə ehtiva edir. Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. İş materiallarına əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan kifayət qədər mötəbər sübutların məcmuyu ilə məhkum Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Belə ki, ibtidai istintaqda və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrindən, iş materiallarında olan ekspertiza rəylərindən, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış protokollarından, digər istintaq hərəkəti protokollarından və sənədlərdən görünür ki, 06 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı baxış keçirilərkən istixananın arxa tərəfindən tərkibində narkotik maddələr olan 24 (iyirmi dörd) ədəd külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını inkar etməmiş, o, yalnız birinci və apellyasiya instansiya məhkəmələrində çətənə kollarının 8-9 ədədini özü əkdiyini, digər kolların isə yabanı halda bitdiyini bildirmişdir. Qeyd olunan dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclaslarındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, evinin həyətyanı torpaq sahəsində yerləşən istixananın arxa hissəsinə baxış keçirilərkən əkdiyi çətənə kollarını polis əməkdaşlarına göstərmiş, aşkar edilmiş çətənə kollarının sayının 24 ədəd olması müəyyən edilmişdir, həmin 24 ədəd çətənə bitkilərini özü əkmiş və qulluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadələrində aşkar edilmiş həmin kolların hansısa hissəsini özünün əkmədiyini və yabanı halda bitdiyini ümumiyyətlə bildirməmişdir. Birinci və apellyasiya instansiya məhkəməsində isə Təqsirləndirilən şəxs əvvəlki ifadələri ilə hazırki ifadələri arasında olan ziddiyyətlərin səbəbini izah edə bilməmişdir. Bundan başqa iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 06 iyul 2022-ci il tarixli, 16/778 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ev sahibi Təqsirləndirilən şəxs” yazı və imzaları olan 02 (iki) ədəd kisədən ibarət bağlamadakı ümumi sayı 24 (iyirmi dörd) ədəd, ümumi təmiz çəkisi 5450 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin iş materiallarında olan aqronom (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh. 53-54). Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə olunan mötəbər sübutlar məhkumun və onun müdafiəçisinin dəlillərini tamamilə təkzib edir. Belə ki, müdafiə tərəfi məhkumun yalnız 8-9 ədəd kol əkməsini, digər kollardan məlumatsız olmasını göstərsələr də, həm ekspertiza rəyi ilə, həm də aqronomun rəyi ilə 24 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Məhz işin bu hallarına əsaslanan məhkəmə kollegiyası məhkumun məhkəmələrdə vermiş olduğu ifadələrini həqiqət hesab etmir. İş materiallarına əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən məhkumun CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərinin həmin dəlilləri tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilərək məhkumun əməlinin tövsif edilməsi və ya onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almış, eləcə də məhkumun cəzasını ağırlaşdıran halların olmamasını qiymətləndirmiş və ona təqsirli bilindiyi maddə ilə aşağı həddə cəza təyin etmişdir. Məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(100)-435/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(100)-435/2022 nömrəli hökmü məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Teyyub Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar