Məhkəmə qərarları › İş №1(104)-126/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-126/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-126/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(100)-295/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(100)- 295/2022 saylı hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X6) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə həbsdə olması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək və 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu ümumilikdə 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz ediln və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak” adlanan stadionun yaxınlığında saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə odlu silah olan 1 ədəd keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı həmin ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən 1029,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 9.86 qram çəkidə olan hissəsini “platinium” markalı siqaret qutusunun içərisində gizlətməklə üzərində saxlayaraq daşımış, 1020 qram çəkidə olan hissəsini isə üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbaya yığıb Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yaşayış təyinatlı ünvansız yarımtikilinin içərisində gizlədərək satış məqsədi olmadan saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində - “X4” adlanan ərazidə saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarın ön sol yan cibindən “platinium” markalı siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9.86 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin davam etdirilən əməliyyat tədbirləri ilə eyni tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı həmin ünvansız yarımtikilinin içərisinə baxış zamanı oradan üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbada olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullahazırlanmış 1020 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, xx.xx.2021ci il tarixli raportdan və xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. İş üzrə şahid qismində dindirilmiş keçmiş Gəncə şəhər Kəpəz RPŞ-nin əməliyyat müvəkkili Şahid1 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı 7 avqust 2021-ci il tarixdə əməliyyat tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs “X4” adlanan ərazidə saxlanılaraq şöbəyə gətirilmiş, əvvəlcə üzərində şəxsi axtarış aparılmış, daha sonra özünün göstərdiyi Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yarımtikilə baxış keçirilmiş, həm üzərindən, həm də qeyd olunan yarımtikilidən 1 kq.dan artıq miqdarda qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs "Pasyolka" adlanan ərazidə mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, i.v. 158-160). İş üzrə şahid qismində dindirilmiş X1 Musayevin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə videoçəkilişlə şəxsi axtarış aparılan zaman, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən aşkar edilib götürülmüş qurudulmuş marixuananın ona məxsus olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir(cild 1, i.v 47-49, 105- 107, cild 2, i.v 23-24). Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, ondan aşkar edildiyi iddia edilən narkotik vasitə ümumiyyətlə ona məxsus olmamışdır, polis əməkdaşları ona qarşı təzyiq etdiyinə görə məcbur qalıb etirafedici ifadə vermişdir. Qeyd edilənlərin ziddinə olaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən əsas istinad etdiyi hal ondan ibarət olmuşdur ki, ondan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamışdır. Halbuki, Təqsirləndirilən şəxs qurudulmuş marixuananın satışı faktı ilə deyil, satışı məqsədilə qanunsuz əldə edib saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə narkotik vasitə satması müəyyən olunsaydı, o zaman Təqsirləndirilən şəxs satış faktı ilə bağlı ittiham irəli sürülərdi. Odur ki, məhkəmənin həmin istinadı özlüyündə absurddur. Bundan başqa, satış məqsədi müəyyən olunarkən nəzərə alınan hallar- narkotik vasitələrin növ tərkibi, bir yaxud bir neçə bükümdə olması, şəxsin həmin maddələri üzərində yaxud evində saxlaması, maddənin miqdarı, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosial-maddi durumu əhəmiyyət kəsb edən hallardandır. Təqsirləndirilən şəxs əməlinə münasibətdə həmin xüsusatlara baxdıqda aydın olur ki, onun həm üzərindən, həm də gizlətdib saxladığı yarımtikilidən külli miqdardacəmi 1029,86 qr. qurudulmuş marixuana aşkar edilmişdir. Özü heç bir yerdə işləmir və gündəlik narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitənin ona aid olmaması barədə ifadə verir, məhkəmə isə onun şəxsi istehlak məqsədilə narkotik vasitəni saxlaması qənaətinə gəlir.Göründüyü kimi məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər hansı bir sübut yoxdur. Odur ki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.175). Ekspert rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs qurudulmuş marixuananın istifadəsilə bağlı narkomaniya xəstəliyi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması barədə ifadəsi, həmin ifadəyə uyğun ekspert rəyi (qurudulmuş marixuananın istifadəsi ilə bağlı deyil, heroindən istifadə etmə nəticəsində narkomaniya xəstəliyinin aşkar edilməsi) olduğu halda məhkəmənin Təqsirləndirilən şəxs əməlində satış məqsədinin deyil, şəxsi istifadə məqsədinin olmasından ibarət nəticəyə gəlməsi tamamilə absurddur. Bundan başqa, iş materiallarından görünür ki, hazırki işin ibtidai istintaqının yekun mərhələsində Təqsirləndirilən şəxs istintaqdan yayınmış, saxlanılarkən yenidən üzərindən külli miqdarda narkotik vasitə tiryək aşkar edilmişdir, həmin faktla bağlı istintaq edilmiş cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Qeyd olunanlardan aydın olur ki, ümumiyyətlə iş materiallarında məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər hansı bir sübut yoxdur. Odur ki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Həmçinin, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuananın şəxsi istehlak və külli miqdardan dəfələrlə çox olmaqla miqdarını, hazırda Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində CM-in 228.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin olmasını və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirilən şəxsin ilkin ifadəsini və polis əməkdaşları olan şahidlərin ifadələrini əsas götürmüş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəsi ilə cəza təyin etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Kəpəz Rayon polis İdarəsinə və həmin rayonun polis bölməsinə sorğular verilmiş, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmadığı və hər hansı ifadə verilməməsi göstərilmişdir. Sonradan məhkəmənin sorğusu nəticəsində alınmış Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin inzibati qərarının içərisində olan Təqsirləndirilən şəxs polisdə vermiş olduğu ifadədən aydın olmuşdur ki, o 26 avqust 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində və ya bölməsində izahat vermişdir. Buradan da belə sual ortaya çıxır. Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri X4 deyilən yerdə yerləşən “OBA” marketdən telefon oğurlamasmı etiraf etdiyi halda və həmin oğurluq anı video görüntüyə düşdüyü halda və 26 avqust 2021-ci il tarixdə azad etmiş həmin tarixdə Təqsirləndirilən şəxs polis idarəsində və bölməsində olduğu təqdirdə narkotik vasitələrin dövriyyəsi ilə məşqul olduğu müəyyən edilməmişdir?. Halbu ki, Təqsirləndirilən şəxs telefon oğurluğu etdiyinə görə DİN 102 xidmətinə zərərçəkmiş şəxs tərəfindən şikayət olunmuş və həmin zərərçəkmiş şəxs şikayətində israrlı olmuşdur. Bundan əlavə əgər həmin tüfəng məhkəmə iclasına gətirilsəydi və ona baxış keçirilmiş olsaydı, həmin tüfəngin normal insan tərəfindən yayın isti ayı olan avqust ayında belinə qoyaraq şəhərdə gəzməsi inandırıcı olmazdı. Lakin buna baxmayaraq məhkəmə bu hallara qiymət verməmiş və məhkəmə iclasında tətdiq edilmiş Təqsirləndirilən şəxs xırda talama oğurluğuna görə Gəncə şəhəri Kəpəz və Nizami Rayon Məhkəmələrinin inzibati xətalar haqqında qərarları hökmdə göstərilməmişdir. Əgər göstərilmiş olsaydı, onda da açıq aydın görünərdi ki, Təqsirləndirilən şəxs dəfələrlə xırda talamaya görə 1 ilin 7 ayını inzibati həbs cəzası almışdır. Əgər o dəyəri 500 manatdan yuxarı oğurluq cinayəti etsəydi, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndləri ilə cinayət məsuliyyətinə verilmiş olardı və o da oğurluq nəticəsində əldə etdiyi gəlirə 1 kiloqramdan artıq narkotik vasitə almış olardı. Buradan da belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs azadlıqda qalması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin və Bölməsinin polis əməkdaşlarında əsəb yaratmış və oğurluğun qarşısını almaq üçün onun üzərinə həmin tüfəngi və narkotik vasitəni qoymuşlar. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç bir cinayət törətmədiyi halda haqsız yerə məhkum olunur, onun günahsızlığı sübutlarla təsdiq edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, apellyasiya şikayətlərinə etiraz etdi və bildirdi ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməlini etiraf edir, təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında tutulmuşdur. Buna görə dövlət ittihamçısı apellyasiya protestinin təmin edilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş protestə etiraz etdi, özünün və müdafiəçisinin apellyasiya şikayətlərini müdafiə edərək bildirdi ki, ibtidai istintaq zamanı oan təzyiq edilmiş, buna görə etirafedici ifadə vermişdir. Buna görə protestin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi protestə etiraz etdi, özünün və hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin apellyasiya şikayətlərini müdafiə edərək bildirdi ki, əvvəl qanunsuz silah gəzdirməsi ilə bağlı istintaq orqanına dəvət edilmiş, lakin bu hal təsdiq edilmədiyindən ona qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əsassız ittiham verilmişdir. Lakin Təqsirləndirilən şəxs nə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, nə də ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və gəzdirmişdir. Buna görə protestin təmin edilməməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan buəməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "qurudulmuş marixuana" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuananarkotik vasitəsinin kütləsi 1029,86 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsinin 1029,86 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. elə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilənTəqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlənarkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı iləəvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədiləonun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitəsatması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrinçəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən təqdim edilmiş CD diskdə də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişmobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həminzənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrinanten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair əldə edilmiş məlumatlarda da Təqsirləndirilən şəxs satışməqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 1029,86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satışməqsədi ilə əldə edib saxlayaraq daşıması kimi qiymətləndirmişdir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərinə həm xx.xx.2021- ci il tarixdə, həm xx.xx.2021-ci il tarixdə şəxsi axtarış keçirilərkən, həm də xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yarımtikilinin içərisinə baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə, həmçinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, video çəkilişlər zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın və narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və hər hansı etiraz etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkuma Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsini mümkün hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin, apellyasiya şikayətlərinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(100)-295/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının apellyasiya protesti təmin edilməsin. Məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(100)-295/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar