Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-127/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X7 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Ağdam Rayon Məhkəməsinin «01» noyabr 2022-ci il tarixli, 1(013)-52/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin (hakim Mahir Niftəliyev) «01» noyabr 2022-ci il tarixli, 1(013)-52/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Goranboy rayonunun Cinliboluslu kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsi, Təqsirləndirilən şəxs 1500 manat alınaraq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hökm edilmiş, həmçinin hökmlə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 05 aprel 2022-ci ildə saat 10 radələrində Zərərçəkmiş şəxs onunla birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan nəvəsi X3 məhkəmədə daha yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyi barədə ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib inandırmaqla yalandan vəd verib aldadaraq hərbi xidmətdə bir yerdə olduğu Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qeydiyyatda olan tanışı Şahid2 adına «Leobank»da rəsmiləşdirilmiş son 8 rəqəmi 58542139 olan plastik karta Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən OBA marketdə fəaliyyət göstərən «eManat» ödəniş terminalından 2000 (iki min) manat pulun köçürülməsinə nail olub həmin pul məbləğini Gəncə şəhəri N.X4 Dokta ünvanında fəaliyyət göstərən ATM 063 nömrəli bankomat terminalından əldə etməklə öz şəxsi ehtiyaclarına sərf edib nəticədə heç bir iş görməyib aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 11 aprel 2022-ci ildə saat 09 radələrində yenidən ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib X3 guya şəxsi münasibəti olan hakimlə danışılıb daha yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyi barədə söz verib Zərərçəkmiş şəxs inandıraraq yalandan vəd verib özünün adına «Leobank»da rəsmiləşdirilmiş son 8 rəqəmi 60611948 nömrəli plastik karta Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ruzi marketdə fəaliyyət göstərən «eManat» ödəniş terminalından 1000 (bir min) manat pulun köçürülməsinə nail olub həmin məbləği Gəncə şəhəri Ş.Hüseynov küçəsi 2, "xxxx" Kommersiya Bankı ASC-nin Kəpəz filialında fəaliyyət göstərən ATM 062 nömrəli bankomat terminalından nağdlaşdırıb əldə edərək öz şəxsi ehtiyaclarına sərf edib nəticədə heç bir iş görməməklə dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi cinayət əməlinə görə peşmançılıq çəkir, himayəsində yaşlı anası var, ondan başqa evə gəlir gətirən yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Eyni zamanda dəymiş ziyanın 25%-ni dövlət hesabına ödəməyə hazırdır. Odur ki, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və barəsində CM-in 178.2.2-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin o, bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ailəsi tərəfindən tam olaraq ödənilsə də dövlət büdcəsinə ödəniş etmək üçün imkanları olmamışdır. Ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisələndirilmir, məhkum barəsində təyin edilmiş cəzanın ağırlığı mübahisə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkəti ona istinad edilmiş qeyd olunan maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür və bu da birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilməkdə haqlı olduğunu göstərir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında məhkuma onun təqsirli bilindiyi maddəyə əsasən və cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın növünə və həddinə CM-in norma və prinsiplərinin tələbləri baxımından qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsini, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin yaranması) halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bu zaman birinci instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs əməlinin sübuta yetirilməsi və tövsifi məsələlərində, eləcə də CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növünü və həddini müəyyən edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Lakin işə apellyasiya instansiya məhkəməsində baxılanadək məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşin qeyd olunan bu halı məhkum Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın yenidən müzakirə edilməsi üçün hüquqi və faktiki əsaslar yaratmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 04 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan 3220 manat pul tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmışlar. Ona vurulmuş maddi və mənəvi zərər Təqsirləndirilən şəxs tərəfindən tam olaraq aradan qaldırılmış və məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkuma qarşı mərhəmətli və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmiş və hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclaslarında dəfələrlə ailə üzvlərinin dövlət büdcəsinə vurulmuş ziyanın 25%-i miqdarında ödəniş edəcəyini bildirsə də, ona kifayət qədər vaxt və imkan yaradılmasına baxmayaraq sonuncu məhkəmə iclasınadək dövlət büdcəsinə ödəniş edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi ona cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaya öz təsirini göstərməli və bu hal (hökm qanuni qüvvəyə minənədək zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsi) həm məhkuma, həm də onunla birlikdə cəza çəkən digər şəxslərə zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməkdə stimul yaratmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsi məhkuma təyin edilmiş cəzanın həddində heç bir dəyişiklik etməyəcəksə, məhkuma təyin edilmiş cəza yüngülləşdirilməyəcəksə, məhkumda və onunla birlikdə istintaq təcridxanalarında saxlanılan digər şəxslərdə vurulmuş ziyanın tamamilə ödənilməsi ilə bağlı hansı stimuldan söhbət gedə bilər? Bundan əlavə məhkum Təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasında dövlətə və ayrı-ayrı şəxslərə maddi zərər vurmuş çoxsaylı şəxslər saxlanılır. Həmin şəxslər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri ödəməsinin ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə hansı formada təsir etdiyini gördükdən, bildikdən sonra onlar da zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsində maraqlı olacaq və cəhdlər edəcəklər ki, məhz bu qəbul edilmiş məhkəmə qərarının cəzanın məqsədinə nail olunmasında rolunu göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "CM-in 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2004-cü il tarixli qərarında göstərildiyi kimi cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən ən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət - hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Törədilmiş cinayət əməlinə görə tətbiq edilməli olan cəzanın ədalətliliyi, mütənasibliyi və fərdiləşdirilməsinin mümkünlüyü qanunverici tərəfindən müəyyənləşdirilmiş cəza sistemi daxilindəki cəza növlərinin dairəsi ilə əlaqəlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhz edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum özünün davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri, eləcə də zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi yolu ilə törətmiş olduğu cinayət əməllərinə görə cinayət əməllərini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayətlərin məcmuyu qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın həddinin aşağı endirilməsi qanunamüvafiqdir və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır və bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətinin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməli mülkiyyət münasibətlərinə yönəlmişdir ki, burada cəza təyini zamanı nəzərə alınan əsas şərtlərdən biri dəymiş ziyanın ödənilməsidir ki, hazırki iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin «01» noyabr 2022-ci il tarixli, 1(013)-52/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın həddi aşağı endirilməli, zərərçəkmiş şəxsin mülki iddiası üzrə vurulmuş ziyan tam olaraq ödənildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin «01» noyabr 2022-ci il tarixli, 1(013)-52/2022 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə, cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli 1(104)-299/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Ağdam Rayon Məhkəməsinin «01» noyabr 2022-ci il tarixli, 1(013)-52/2022 nömrəli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm mülki iddiaya aid hissədə icraya yönəldilməsin. Hökm qalan hissədə, məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-127/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-127/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver