Məhkəmə qərarları › İş №1(104)-133/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-133/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-133/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin «07» dekabr 2023-cü il tarixli, 1(045)-57/2023 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin (Tural Ələkbərov) «07» dekabr 2023-cü il tarixli, 1(045)-57/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 67.1ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 20 (iyirmi) gün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, ona qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 14 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunması və onun narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1,053 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 22:33 dəqiqədə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində yerləşən “Malik” marketin qarşısında 15 manat pul müqabilində X3, bundan sonra xx.xx.2023- cü il tarixdə Gəncə şəhərində “Qaraçılar” məhəlləsi deyilən ərazidə yaşayan X2 məqsədi olmadan öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq 0,452 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini almaqla qanunsuz olaraq əldə edib əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə yerləşdirib qanunsuz olaraq saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri “Qələbə” parkında saxlanılaraq Goranboy RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd gümüşü kağız bükümündə olan 0,452 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. Cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş və hakimlər Hüseynov Salman Bilal oğlu, Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibinin icraatına verilmişdir. 25 yanvar 2024-cü il tarixli məhkəmə iclasında həmin məhkəmə tərkibi hazırki cinayət işi ilə əlaqəli olan X5 barəsində olan cinayət işinə əvvəllər baxmaları ilə əlaqədar özü-özünə etiraz etmiş, Gəncə Apellyasiya Məhkəməsi sədrinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə etiraz təmin edilmiş, cinayət işinə baxılması digər məhkəmə tərkibinə həvalə edilmişdir. Apellyasiya şikayətinə ilkin baxılması zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məhkəmə istintaqı aparılmaqla məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Apellyasiya şikayatinə ilkin baxılması zamanı dövlət ittihamçısı apellyasiya şikayətinin əlavə sübutlar tələb ediləmədən və məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin «06» iyul 2023-cü il tarixli 1(045)-57/2023 saylı hazırlıq iclasının qərarı və «07» dekabr 2023-cü il tarixli, 1(045)- 57/2023 nömrəli hökmü ləğv edilməli, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: -daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olubolmadığını; -apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381- 390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; -cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; -cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olubolmadığını; -cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. CPM-in 107.2-ci maddəsinə görə hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Həmin Məcəllənin 109.1.6-cı maddəsində isə göstərilmişdir ki, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə onun icraatın sonrakı mərhələsində iştirakı istisna olunur və özü-özünə etiraz etməlidir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1,053 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 22:33 dəqiqədə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində yerləşən “Malik” marketin qarşısında 15 manat pul müqabilində X1. Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə X8 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin işə Goranboy Rayon Məhkəməsinin hakimi Tural Ələkbərovun sədrliyi ilə baxılmışdır. İş üzrə X6 irəli sürülmüş və məhkəmə hökmündə öz əksini tapmış ittihamdan görünür ki, X8 11 fevral 2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan və Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında şəxsi istehlak miqdarından artıq bir ədəd qara kağız bükümdə təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 55 manata satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq alıb əldə edərək əynində olan qara rəngli jaketin yuxarı çöl sol cibində qanunsuz saxlayaraq daşımışdır. Qeyd olunanlardan göründüyü kimi hazırki cinayət işinə baxmış hakim Tural Ələkbərov bundan əvvəl X5 barəsində olan cinayət işinə baxmış və bu zaman X5 narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə nəticəyə gəlmişdir. Qeyd olunan hal isə hazırki cinayət işinə baxmış hakimin Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama başqa bir cinayət işinə, yəni Mahir Ələsgərovun barəsində olan cinayət işinə baxarkən artıq qiymət verdiyi nəticəsinə gəlmək üçün əsaslar yaradır. Hər iki cinayət işinə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılması və onun əvvəllər artıq Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama münasibət bildirməsi hazırki iş üzrə müdafiə tərəfində, eləcə də kənar müşahidəçidə qəbul edilmiş qərarın obyektivliyinə və qərəzsizliyinə şübhələr yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qomezde Liano i Botella İspaniyaya qarşı 22 oktyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, hakim artıq icraatın başqa mərhələlərində tamamilə formal və prosedural qərarlar qəbul etdiyi halda məhkəmənin qərəzsizliyi ilə bağlı hər hansı sual meydana gəlmir, lakin hakim icraatın başqa mərhələlərində təqsirləndirilən şəxsin təqsiri ilə bağlı fikrini artıq ifadə edibsə, qərəzsizliklə bağlı problemlər ortaya çıxa bilər. Digər bir qərarında isə məhkəmə xüsusilə vurğulamışdır ki, hakimin oxşar, lakin birbiri ilə bağlı olmayan cinayət ittihamları ilə bağlı qərar qəbul etmiş olması, yaxud başqa bir cinayət mühakimə icraatında təqsirləndirilən şəxslərdən birini mühakimə etməsi faktı özözlüyündə hər hansı sonrakı məhkəmə işində hakiminin qərəzsizliyini şübhə altına almaq üçün yetərli deyil (Kraygiş Almaniyaya qarşı (qər.); Xodorkovski və Lebedev Rusiyaya qarşı, § 544). Lakin əvvəlki qərarlara sonrakı müvafiq icraatlarda təqsirləndirilən şəxsin təqsiri ilə bağlı faktiki önyarğı yaradan qənaətlər daxildirsə, başqa məsələ yaranır (Poppe Niderlanda qarşı, § 26; Şvarsenberger Almaniyaya qarşı, § 42; Ferrantelli və Santancelo İtaliyaya qarşı, § 59). CPM-in 391.8.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı özü-özünə etiraz etmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normada məhkəmə baxışının özü-özünə etiraz etmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirilməsi kimi hallar göstərilmişdir. Lakin məhkəmə kollegiyası həmin normanı geniş təfsir edərək belə nəticəyə gəlir ki, hakimin özü-özünə etiraz etməli olduğu, lakin etiraz etmədiyi hallarda da həmin normaya istinad edilməklə, birinci instansiya məhkəməsinin hökmü və hazırlıq iclasının qərarı ləğv edilməlidir. CPM-in 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə özü-özünə etiraz etməli olan hakimin sədrliyi ilə baxılmasını kobud prosessual pozuntu kimi qiymətləndirir və hesab edir ki, işə həmin hakimin sədrliyi ilə baxılması qəbul edilmiş məhkəmə aktının qərəzsizliyinə və obyektivliyinə şübhələr yaratmışdır. Ona görə də məhkəmənin hazırlıq iclasının qərarı və hökmü ləğv edilməli, iş yenidən digər hakimin sədrliyi ilə baxılması üçün həmin birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmçinin kollegiya Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-in 391, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin «06» iyul 2023-cü il tarixli 1(045)-57/2023 saylı hazırlıq iclasının qərarı və «07» dekabr 2023-cü il tarixli, 1(045)-57/2023 saylı hökmü ləğv edilsin, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar