Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-148/2023 14.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(042)-30/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(042)-30/2022 saylı hökmü ilə (sədrlik edən Marif Kazımov) xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Dəmir Yolları QSC- də mühafizə departamentində atıcı vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, 2-ci döngə ünvanında qeydiyyatsız olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun 9 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu 2 gün müddətislah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabərtutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasının təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin qazancından tutmalar aparıldığı vaxtdan hesablanması, barəsində polisin nəzarəti altına vermək haqqındaqətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(042)-30/2022 saylı hökmündən Dövlət ittihamçısı apellaysiya protesti verərək hökmün cinayət qanunu normalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə saat 15:30 dəqiqədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısıvəzifəsində işləyən baş çavuş Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, həmkəndlisi Şahid8 hansı səbəbə görə hərbi xidmətə aparılmadığını və sonuncu 2020-ci ilin yanvar ayı ərzində həqiqi hərbi xidmətə aparılmayacağı təqdirdə 9 ay müddətində həqiqi hərbi xidmətə aparılmadığına görə kompensasiya alacağını bildiribheç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranışqaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, özü, habelə ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nalayiq ifadələr işlədərək ona izah verən Zərərçəkmiş şəxs2 xidməti geyim formasından, yəni yun poluver və paqonundan tutub dartaraq, poluverin sol çiyin nahiyyəsinin sökülməsi və paqon bərkidilməsi üçün nəzərdə tutulmuş düymənin qoparılması ilə nəticələnən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dəyərində özgə əmlakını zədələməklə öz xuliqanlıq hərəkətlərini davam etdirən zaman yaranmış səs-küyə oraya gəlmiş həmin şöbədə X1 Bölməsinin zabiti vəzifəsində işləyən baş leytenant Zərərçəkmiş şəxs1, yəni ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib əli ilə sonuncunu itələyib yerə yıxaraq ona başın şişkinliyi və qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə 35-40 dəqiqə ərzində şöbənin iş rejiminin pozulmasına səbəb olan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən yalnız zərərçəkmiş şəxslərin ifadəsini əsas götürmüş, digər sübutlara isə qiymət verməmişdir. Baş vermiş hadisədə zərəzçəkən şəxs özü olmuşdur. O, zərərçəkmiş şəxslərə heç bir zor tətbiq etməmiş, heç bir xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Əslində cinayət hesab edilən əməl şöbənin əməkdaşları tərəfindən onun qanunsuz olaraq saxlanılması və ona qarşı sübut olaraq toplanılmış böhtan xarakterli ifadələrdir. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya prorestini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 9 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 fevral 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə barəsində polisin nəzarəti altına vermək haqqındaqətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cəza təyin edərkən qeyd olunan müddəaların tələblərini pozaraq, ona qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin etmiş, onun şübhəli şəxs kimi tutulduğu 2 gün müddəti nəzərə almaqla üzərində qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzası saxlamışdır. Halbuki, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki günün bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 11 ay 22 gün müddətə islah işləri cəzası saxlanılmalıdır. Lakin, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin nəzərə alınması məsələsini əsaslandırarkən, habelə hökmün nəticə hissəsində cəza təyin edərkən CM-in 69.3-cü maddəsinin tələblərinə düzgün əməl etməmişdir. Bununla da, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya protestinə və apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə Təqsirləndirilən şəxs, həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış etdi və protestin təmin edilməsinə dair qərar qəbul edilməsini, eyni zamanda apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini məhkəmə kollegiyasindan xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər, apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə qanunauyğun qərar qəbul edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında Səfərov X7 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə 2020-ci il 14 yanvar tarixində baş vermişdir. Şahid8 onun yanbayan qonşusu olmuş, onlar hadisə günü onun avtomobili ilə hərbi komissarlığa gedib söz soruşub qayıtmalı imişlər. O, həmin gün Gədəbəy şəhərinə toy məclisi üçün gəlmiş, lakin içkili olmamışdır. Zərərçəkmiş şəxs2 onunla kobud rəftar edərək, “onun kim olmasını, gəlib kimisə soruşmasını, özünü nə hesab etməsini bildirmişdir. Həmin vaxt dava-dalaş olmamış, dava-dalaş şöbə rəisinin otağından çıxdıqdan sonra olmuş, dava-dalaşda olanlar Fərhad, Hikmət və adları yadında olmayan digər şəxslər olmuşdur. Həmin vaxt Novruz müdaxilə etməmiş, şöbənin əməkdaşları ona növbətçi otağının içərisində zərbə endirmişlər. Şöbə rəisi də orada olmuşdur. Onun şöbənin əməkdaşları ilə əvvəlcədən bir tanışlığı olmamışdır. O, Hikmət və Fərhada heç bir zərbə endirməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 üzərində kitel olmuş, o isə ifadəsində sviteldə olmasını bildirmişdir. O, şöbə rəisinin yanından çıxdıqdan sonra Fərhad gəlmiş, orada mübahisə olmuş və o aşağıyadüşdükdən sonra da mübahisə davam etmişdir. O, söyüncüünvansız söymüş, Fərhad bundan sonra əsəbiləşmiş, ona söyünc söyməməsini bildirmişdir. Şöbənin qarşısı olduğu üçün onu otağa salmaq istəmişlər.O, qaçmaq istəyən zaman qapını bağlamışlar, o çıxa bilməmişdir. Qapının yuxarısında armatur olmuş, o, həmin armaturdan tutmuşdur ki, şöbənin əməkdaşları onu çəkə bilməsinlər. Şöbənin əməkdaşları onu çəkərək qapının yanında yerləşən növbətçi otağına salmaq istəmişlər. O, özünü saxlaya bilməmiş və növbətçi otağının içərisinə yıxılmışdır. O, yerə yıxılan zaman şöbənin əməkdaşları onu vurmuşlar. Həmin vaxt kiminsə kənardan buraxın deməsini eşitmiş və şöbənin əməkdaşları onu buraxmışlar. O, yerdə olarkən polkovnik leytenant rütbəsi görmüş, başını qaldırıb yuxarı baxdıqda görmüşdür ki, həmin rütbə şöbə rəisinin rütbəsidir və rütbəsini sökərək yerə atmışdır. Şöbənin əməkdaşları bildirmişlər ki, bu məsələ burada bağlansın, onlardan şikayət etməsin, onlar da ondan şikayət etməsinlər. Həmin vaxt onun boğazına da iz düşmüşdür. O, bildirdi ki, hadisə zamanı zərərçəkmiş şəxs onun özüdür. Zərərçəkmiş şəxs1 ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi vəədavəti olmamışdır. Hadisənin üzərindən xeyli müddət keçməsinə görə tarixi dəqiq yadında qalmamışdır. Hadisədə onun iştirakı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 bir-birinin ünvanına nalayiq söyüşlər söyərək pilləkənlərdən düşdüklərini görən zaman olmuş, o, Təqsirləndirilən şəxs intizama dəvət edərək ona oranın dövlət idarəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu əlində tutaraq, “bu uşaq niyə əsgərliyə getmir, sizə kompensasiya ödədəcəm, siz pul istəyirsiz ki, bu uşaq əsgərə getməsin?” kimi ifadələr işlətmiş və iş yoldaşları Zərərçəkmiş şəxs2lə xoşagəlməz ab-havanın yaranmasını görmüş, onunla birlikdə hadisə yerinə digər əməkdaşlar, mülki işçilər də toplaşmışlar. O, Təqsirləndirilən şəxs söyüş eşitməmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə nizamintizama dəvət etsə də, o, sakitləşməmiş, hətta o aralaşdırmaq istəyərkən onu da itələmiş və nəticədə başı sütuna dəymişdir. Təqsirləndirilən şəxs çəkiliş etmək üçün telefonunu istəmiş, onun çəkiliş etməsini isə başqa idarələrdə də eyni şeyi etməsindən bilmişdir. Təqsirləndirilən şəxs bir neçə əməkdaş ilə birlikdə növbətçi otağına aparmışlar. Təqsirləndirilən şəxs dövlət orqanında etik davranmadığı üçün ona uyğun aparmışlar. Hadisə yerində çox adam olmuş və hamı hər şeyi görmüşdür. O, Zərərçəkmiş şəxs2 paqonunu yerdə görməmiş, ancaq üzərində bir paqon olmadığını görmüşdür. Racinin davası Fərhadla olmuş, o aralamaq istədikdə Raci onu itələmiş və onun başı dəymiş, lakin hər hansı bir söyüşlər eşitməmiş, təhdidlər eşitmişdir. Racinin növbətçi otağına aparılmasında məqsəd hüquq mühafizə orqanlarına məlumat vermək olmuşdur. O, ifadəsini olduğu kimi bildirmiş, lakin hazırda tam yadındaqalmamışdır. O, Racinin Fərhadı vurmasını görməmiş, özü yıxıldıqdan sonra dərhal qalxmış və mübahisəyə davam etdiklərini görmüş, onları orada olan adamlar aralaşdırmışdır. Raciyə qarşı hər hansı zorakılıq edilməsini görməmişdir. Racini içəri aparan zaman müqavimət göstərmiş, özü də polis əməkdaşlarının gəlməsini demişdir. Onlar da məqsədlərinin polisin gəlməsi və hüquqi qiymət verilməsi olduğunu bildirmişlər. Polis əməkdaşları gələnədək Raci içəridə oturmuş, polisin nə vaxt gəlməsi dəqiq yadında olmasa da tez gəlmişlər. Hadisə zamanı idarənin iş fəaliyyəti tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olduğundan onu bağışlamışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci il 14 yanvar tarixində öz iş otağında olan zaman Şahid8 xidməti otağının qarşısına gəlmiş və ondan hərbi xidmətə nə zaman gedəcəyini soruşmuşdur. Şahid8 əvvəlcədən tibbi komisyadan keçmiş və hərbi xidmətə yararsız olması barədə rəy verilmişdir. Buna görə Novruzun atası da gəlib narazılığını bildirmiş, onlar Novruzdan bununla bağlı ərizə almış və Novruzuyenidən çağırışa cəlb edərək yenidən tibbi baxışdan keçməsi üçün göndəriş vermişlər. Raci yanvar ayının 14-ü ona yaxınlaşıb Novruzun niyə hərbi xidmətə göndərilmədiyini soruşduqdaona, “hələ nəticənin gəlmədiyini, gələn zaman əgər yararlı olarsa, hərbi xidmətə göndəriləcəyini” bildirmişdir. Raci bildirmişdir ki, Novruz hərbi xidmətə getməlidir, əgər getməsə, kompensasiya ödəməli olacaqlar. O, Raciyə bildirmişdir ki, Novruzun hərbi xidmətə yararsız olmasını atasına da bildirmişlər. Bu zaman Raci ona “sən kimsən?” dedikdə o, Raciyə danışığına fikir verməsini, səfərbərlik xidmətinin işçisi olmasını bildirən zamanRaci ona “buranın yiyəsi kimdi vobşe?” deyən zaman o, şöbə rəisi polkovnik leytenant Şahid1 olmasını və ikinci mərtəbədə oturduğunu bildirmişdir. Raci onun yanına getmək istədiyini bildirdiyi üçün o, Racinin telefonunu almış və ikinci mərtəbəyəqalxaraq şöbə rəisinə bir nəfər vətəndaş olduğunu və aqresiv danışdığını bildirmişdir.Rəis bölmə rəisi mayor Abbasovun, Zərərçəkmiş şəxs1 və özünün gəlməsini, bir yerdə qarşılayaraq, problemin aydınlaşdırılmasını ona bildirmişdir. Onlar otağa gəldikdə şöbərəisi Racidən Novruzun nəyiolmasını soruşduqda “nə dəxli var kiməm?, Uşağı aparmırsız ona görə kompensasiya ödəyəcəksiz” deyə bildimişdir. Şöbə rəisi Raciyə çölə çıxmasını, Novruzun özünə məlumat veriləcəyini bildirmişdir. Raci Novruzu da çölə çıxararaq, Novruzun onunla gəldiyini və o nə desə onu da edəcəyini bildirmişdir. Onlar çölə çıxan zaman rəis Novruzun ərizəsini almağı və ərizəsinə qanuni qaydada cavab verməyi tapşırmışdır. Onlar Raciyə çağırışçının ərizə yazmalı olduğunu bildirdikdə Raci ərizə yazmayacağını demiş və kobud danışmağa başlamışdır. Raci pilləkənlərdən düşüb gəlmiş, ona əl-qol atanda Hikmət araya girmiş, onda Hikməti itələmiş Hikmətin başısütuna dəymişdir. Raci onun paqonunu növbətçi otağının qarşısında əl qol atan zaman sökmüş, əvvəlcə paqonu sökmüş, sonra Hikməti itələmişdir. Onlar qış olduğu üçün svitel geymişlər, svitelin üstündə də paqon olmuş, kiteləynində olmamışdır. Onlar Racini normal qaydada növbətçi otağına aparmışlar. Təqsirləndirilən şəxs qaçıb getmək istəmiş, şöbə rəisi göstəriş vermişdir ki,onu növbətçi otağına salsınlar, polis gəlib aparsın. Onlar Təqsirləndirilən şəxs heç bir xəsarətyetirməmişlər. Onlar Racini normal qaydada növbətçi otağına aparmışlar. Racinin söyüş söyməsini eşitməmişdir. Hadisə zamanı idarənin iş fəaliyyəti tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olduğundan onu bağışlamışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, baş vermiş hadisədə zərəzçəkən şəxs özü olmuşdur, o zərərçəkmiş şəxslərə heç bir zor tətbiq etməmiş, heç bir xuliqanlıq hərəkətlərinə yol verməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 221.2.2-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İş üzrə ifadələrdən və işin müəyyən edilmiş obyektiv hallarından görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərkən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşaiyət olunan qərəzli hərəkətlər etmiş, bunun nəticəsində şöbənin iş rejimi pozulmuş, şöbənin əməkdaşlarının və orada olan digər şəxslərin narahatlığına səbəb olmuşdur. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirici halların məcmusu baxımından təyin olunmuş islah işləri cəzasının həddi onun şəxsiyyətinə uyğun olmamaqla sərtdir. Belə ki, Azərbaycan Respublikası CM-nın 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. İş materialların əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngüləşdirilən hallar kimi nəzərə alır. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının həddinin 6 aya endirilməsi daha məqsədə müvafiq və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində isə birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasını düzgün tətbiq edilmədiyi göstərilmişdir. Apellyasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs 9 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 fevral 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə barəsində polisin nəzarəti altına vermək haqqındaqətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cəza təyin edərkən qeyd olunan müddəaların tələblərini pozaraq, ona qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin etmiş, onun şübhəli şəxs kimi tutulduğu 2 gün müddəti nəzərə almaqla üzərində qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzası saxlamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin nəzərə alınması məsələsini əsaslandırarkən, habelə hökmün nəticə hissəsində cəza təyin edərkən CM-in 69.3-cü maddəsinin tələblərinə düzgün əməl etməmiş, həbsdə saxlama müddətininislah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaqla səhvə yol vermişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(042)-30/2022 saylı hökmü təqsirləndirilən şəxsə əsas cəzanın təyin edilməsi hissəsində dəyişdirilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə endirilməli, şübhəli şəxs kimi 9 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət islah işləri cəzasının 4 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 5 ay 22 gün müddətə islah işləri cəzası saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(042)-30/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 9 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmənin 1 ( bir) gününə bərabərtutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-148/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-148/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver