Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-151/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022ci il tarixli, 1(045)-98/2022 saylı hökmündən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Goranboy Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 1(045)-98/2022 saylı hökmü ilə (sədrlik edən Tural Ələkbərov) xx.xx.1961-ci ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonunun Boluslu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasının Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun narkoloji kabinetdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 1(045)-98/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş X2 apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə təyin edilməklə cinayət və cinayət prossesual qanununun müddəalarına uyğun dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, 2022-ci ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Boluslu kəndi ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb yaşadığı evə gətirmiş, 2022-ci ilin iyun ayının istintaqa dəqiq məlum olmayan günündə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 11 avqust 2021-ci il tarixdə saat 21:20-də Goranboy RPŞnin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayonu Boluslu kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən ayrıayrılıqda uzunluqları 70 sm, 83 sm, 95 sm, 90 sm, 83 sm və 177 sm, ümumi çəkisi 550 qram xeyli miqdarda 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə işin müəyyən edilmiş faktiki halları, yəni Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan ona daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs ayrı-ayrılıqda uzunluqları 70 sm, 83 sm, 95 sm, 90 sm, 83 sm və 177 sm, ümumi çəkisi 550 qram xeyli miqdarda 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Eyni zamanda respublikamızda narkomaniyaya qarşı aparılan daha kəskin və ciddi mübarizə tədbirləri nəzərdən qaçırılmamalı idi. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, onkoloji xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qeyd etsə də, bunun nədə ifadə olunmasını hökmündə əsaslandırmamışdır. Eyni zamanda məhkəmə nəzərdən qaçırmışdır ki, hazırda məhkumluğu ödənilsə də, əvvəllər az ağır zorakı cinayətə görə məhkum olunmuş, cəmiyyətimizin üzvlərini, əsasən də gənclərimizi narkotik vasitələrə yoluxdura biləcək Təqsirləndirilən şəxs hər hansı müsbət keyfiyyətləri ilə xarakterizə oluna bilməz. Bu ən azından məhkəmə tərəfindən şübhə doğurmalı idi və ibtidai istintaq zamanı alınmış müvafiq xasiyyətnamə ilə kifayətlənilməyib, yeni, özündə ətraflı izahı nəzərdə tutan xasiyyətnamə əldə edilib istinad etdilməli idi. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs onkoloji xəstə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, həmin xəstəliyin növünü, ağırlıq dərəcəsini, həyatı üçün təhlükəli olub-olmamasını açıqlamamış, bununla bağlı müvafiq sorğular verərək araşdırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə almadan Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. CM-in 72-ci maddəsində nəzərdə tutulmuş halların, yəni səmimi peşimançılıq, ilk dəfə böyük-ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş ziyanı başqa yolla aradan qaldırılması kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halının olmamışdır. Bundan savayı, məhkəmə cəza müddətinin hesablanmasında da hüquqi səhvə yol vermişdir. Belə ki, hökmə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (11 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək) həbsdə saxlanıldığı 1 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddəti 2 gün ( 11, 12 avqust ) yox, 1 gün müəyyən edərək ona təyin edilmiş cəzadan çıxmışdır. Halbuki şübəli şəxsin tutulduğu birinci gündən həbsdə saxlanılma müddəti hesablanmalı idi. Bundan başqa Təqsirləndirilən şəxs cəza təyin edilərkən üzərində cəza saxlanılmalı olduğu halda lüzumsuz olaraq ona qəti cəza təyin edilmişdir. Halbuki “qəti cəza təyin etmə” CM-in 66 və 67-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tətbiq edilir. Beləliklə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ona törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirələn şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz, bundan başqa məhkəmə cəza müddətinin hesablanmasında da hüquqi səhvə yol vermiş, eyni zamanda üzərində cəza saxlanılmalı olduğu halda lüzumsuz olaraq ona qəti cəza təyin edilmişdir, buna görə hökmünün təqsirləndirilən şəxsə cinayət və cinayət prossesual qanununun müddəalarına uyğun daha ağır cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya protestinə etiraz etdi və göstərdi ki, birinci instansiya məhkəməsi onun barəsində olan yüngülləşdirici halları nəzərə alıb ona azadlığın məhdudlaqdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdır və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə etiraz etdi və göstərdi ki, təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir, əməlindən səmimi peşman olmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onkoloji xəstəlikdən əziyyət çəkir, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, birinci instansiya məhkəməsi bu halları nəzərə alıb ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Həmin cəza ilə razıdırlar və ədalətli olduğundan protestin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngül olması, işin faktiki halları nəzərə alınaraq təqsirləndirildən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddə üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək onları həmin cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Dövlət ittihamçısı apellyasiya protestində təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olmasını mübahisələndirmiş, həmin cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza olmasını əsas gətirərək təqsirləndirildən şəxsə azadlıqdan məhruetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Belə ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunmayacağı ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına təsirini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunamüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə edilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü cinayətin törədilməsində təqsirli bilməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq saymışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin CM-in 72-ci maddəsində nəzərdə tutulmuş halların, yəni səmimi peşimançılıq, ilk dəfə böyük-ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş ziyanı başqa yolla aradan qaldırılması kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halının olmamasına dair dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CM-in 72-ci madəsində nəzərdə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmanşılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətndən azad etməni özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza təbiq etməkdən imtina etməsidir. Başqa sözlə cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə azad etmədir. Cəzadan azad etmə məsuliyyətdən azad etmədən fərqli olaraq, şəxsin mühakiməsindən, yəni ittiham hökmü çıxarıldıqdan sonra tətbiq olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmamış, o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab edir və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəza ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkuma azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə mütənasib olmazdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X6rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirldəndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət prinsipinə (maddə 8), humanizm prinsipinə (maddə 9), cəzanın məqsədinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58) zidd olardı. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda ona təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan dövlət ittihamçısının apellyasiya protestində göstərilən dəlilləri tam əsassızdır və qəbul edilməməlidir. Apellyasiya protestində həmçinin qeyd olunmuşdur ki, məhkəmə cəza müddətinin hesablanmasında da hüquqi səhvə yol vermiş, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddəti 2 gün yox, 1 gün müəyyən edərək ona təyin edilmiş cəzadan çıxmış, eyni zamanda cəza təyin edərkən üzərində cəza saxlanılmalı olduğu halda lüzumsuz olaraq ona qəti cəza təyin etmişdir. Bu dəlillərə də münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 1 gündən artıq deyildir. Belə ki, iş materiallarında olan “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20 rədələrində şübhəli şəxs qismində tutulmuş, “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində tutulmadan azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd edilən protokoldan və qərardan da göründüyü kimi Təqsirləndirilən şəxs 1 gündən, yəni 24 saatdan artıq olmayan müddətə tutulmuşdur, birinci instansiya məhkəməsi də haqlı olaraq ona cəza təyin edərkən CM-in 69.3-cü maddəsi ilə onun həbsdə saxlama müddətinin 1 gün olması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qəti cəzanın təyini ilə bağlı apellyasiya protestinin dəlillərinə əsaslanaraq formal mülahizələr əsasında hökmün dəyişdirilməsini məqsədəmüvafiq hesab etmir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 1(045)-98/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 1(045)-98/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-151/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-151/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver