Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-152/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X12 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, X1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Qazax Rayon Məhkəməsinin «11» noyabr 2022-ci il tarixli, 1(023)-81/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin (hakim Fəxri Məmmədov) «11» noyabr 2022-ci il tarixli, 1(023)-81/2022 nömrəli hökmü ilə xx.xx.1973-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X6 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı onun tutulduğu 07 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən, X6 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,440 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamaqla daşımış, 17 iyul 2021-ci il tarixdə saat 12:18-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X13 şəhəri Azadlıq küçəsi 83 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qazax rayon X8 Hissəsinin inzibati binasının qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 13:05-dən saat 13:32-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, təmiz çəkisi 280 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 01 ədəd polietilen torbada sol əlində saxlamaqla daşımış, 15 dekabr 2021-ci il tarixdə saat 15:50-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X13 şəhəri Bakı küçəsində yerləşən yaşadığı 29 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 16:40-dan saat 17:10dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman sol əlində olan polietilen torbanın içərisindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, təmiz çəkisi 390 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 03 ədəd iç-içə keçirilmiş polietilen torbanın içərisində sol qoltuğunun altında saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə saat 12:55-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X13 şəhəri, Azadlıq küçəsi 126a ünvanında yerləşən “Qazax” adlanan şadlıq sarayının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165a ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 13:40-dan saat 14:30-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman sol qoltuğunun altında olan 03 ədəd iç-içə keçirilmiş polietilen torbanın içərisindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmü ədalətli hesab etmir və işinə yenidən baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, törətdiyi əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, məhkəmə tərəfindən barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını və barəsində ağır cəza təyin edildiyini bildirdi. Ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkum barəsində olan yüngülləşdirici halları nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin X6 tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən X2 əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (Elşan Pərvanəyevin səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını) halları və ağırlaşdıran (təkrar satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımasını) halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, X2 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, məhkum olunduğu maddəyə CM-in 62ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş və mübahisə doğurmayan halından görünür ki, X6 3 dəfə, yəni 17 iyul 2021-ci il, 15 dekabr 2021-ci il və 23 aprel 2022-ci il tarixlərdə Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, birinci dəfə üzərindən 1,440 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ikinci dəfə üzərindən 280 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üçüncü dəfə isə üzərindən 390 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhz bu halı X6 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran haldır. Belə ki, o, barəsində cinayət işi başlanmasına və haqqında polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə baxmayaraq, öz cinayətkar hərəkətlərini dayandırmamış, yenidən cinayət əməlləri törətmişdir. Birinci instansiya məhkəməsi də, cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla, ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə o, halda daha yüngül cəza növü təyin edilməsi ədalətli hesab edilərdi ki, məhkumun cəzasını yüngülləşdirən kifayət qədər hallar olsun və ya onun cəzasını ağırlaşdıran hallar olmasın. Hazırki iş üzrə isə məhkumun ictimai təhlükəliliyini azaldan, onun islah yolunda olmasını göstərən hallar müəyyən edilməmişdir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, X2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Qazax Rayon Məhkəməsinin «11» noyabr 2022-ci il tarixli, 1(023)-81/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Qazax Rayon Məhkəməsinin «11» noyabr 2022-ci il tarixli, 1(023)- 81/2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-152/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-152/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver