Məhkəmə qərarları › İş №1(104)-155/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-155/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-155/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(058)-52/2022 saylı hökmündən məhkum Ə.R.Məmmədv tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Samux Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(058)-52/2022 saylı (sədrlik edən hakim X3) hökmü ilə xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 04 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət günə gün hesablanmaqla üzərində qəti olaraq 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 08 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə, dərhal məhkəmə iclas zalından həbsə alınması, CM-nin 93-1-ci maddəsi tətbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mealicəyə cəlb edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, məhkum Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmışqara rəngli polietilen torbada təmiz çəkisi 34,205 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 04 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Samux rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Nəbiağalı qəsəbəsi, H.Əliyev prospektində yerləşən, kənd arasında “İbonun çayçısı” adlanan çayxanada saxlanılaaraq Samux rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində caxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmışqara rəngli polietilen torbada təmiz çəkisi 34,205 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək ondan aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, barəsində təyin edilmiş 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etdiyi cinayət əməlini səmimi etiraf edir və əməlindən peşmandır. Odur ki, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi H.A.Fərzəliyev apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Q.A.Rizvanov məhkumun apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirkarın cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Ona görə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətdə məhkuma təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib hərəkətlərindən peşmançılıq çəkməsini CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab etmiş, həmçinin CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi, o cümlədən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi üçün heç bir əsas görmür və apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Samux Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(058)-52/2022 saylı hökmü əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(058)-52/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar