Məhkəmə qərarları › İş №1(104)-156/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-156/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-156/2023 03.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmü ilə (sədrlik edən Fəxri Məmmədov) xx.xx.1991-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, əvvəllər məhkum olunmuş, işsiz, Qazax şəhəri Azadlıq küçəsi ev 106-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə onun üzərində saxlanılmış 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına onun Qazax Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 3 (üç) ay 5 (beş) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesabı ilə hesablanmaqla qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 30 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, xx.xx.1995-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Qazax şəhəri Ə.Dilbazi küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu və Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu və Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 25 mart 2022-ci il tarixdə saat 15 radələrində Qazax şəhəri, Ə.Dilbazi küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə olan heroin əldə etmələri barədə razılığa gəlib sonuncudan 14 manat pul alıb özü 6 manat qoymaqla cəmi 20 manat pulu onlara narkotik vasitə alması üçün Qazax şəhəri Ə.Dilbazi küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan X3 vermiş, Sərxan Əfəndiyev 20 manat pulu həmin gün saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Qastronom” adlanan ərzaq mağazasının qarşısında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə məlum olmayan şəxsin hesab nömrəsinə göndərərək narkotik vasitənin Qazax rayonu Ağköynək kəndində, Cabir Novruzov küçəsində yerləşən həmin kənd sakini X4 məxsus fərdi yaşayış evinin qarşısındakı elektrik dirəyinin yanına qoyulduğunu öyrənib Təqsirləndirilən şəxs1 bu barədə dedikdən sonra o, həmin tarixdə saat 16 radələrində qeyd edilən ünvana gedərək istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini götürüb satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb, Qazax şəhəri Azadlıq küçəsində yerləşən yaşadığı 106 nömrəli fərdi yaşayış evinə daşımaqla həmin tarixdə saat 17 radələrində yaşadığı evdə narkotik vasitənin ümumi təmiz çəkisi 0,233 qram təşkil edən hissəsini 1 ədəd gümüşü folqa kağızına bükülmüş 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,052 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,181 qram olmaqla bölərək Təqsirləndirilən şəxs2 verib, 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,225 qram təşkil edən qalan hissəsini əynində olan idman şalvarının sol yan cibində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdə saat 17:45-də Qazax şəhəri Azadlıq küçəsində, “Mütəfəkkirlər” parkının arxa tərəfində, özü həmin tarixdə saat 19:40da ünvan 2 ünvanında yerləşən “Qazax” adlanan çay evinin qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 18:30-dan 19:22-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkçəsinin sol iç cibindəki “Viceroy” markalı siqaret qutusunun içərisindən və sellofan üzlüyünün altından, həmin tarixdə saat 20:40-dan 21:44-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının sol yan cibindən yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdə saat 15 radələrində Qazax şəhəri, Azadlıq küçəsi, ev 106-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə olan heroin əldə etmələri barədə razılığa gəlib 14 manat pulu Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncunun istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 1 ədəd gümüşü folqa kağızına bükülmüş 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,052 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,181 qram olmaqla, ümumi təmiz çəkisi 0,233 qram təşkil edən hissəsini həmin tarixdə saat 17 radələrində Qazax şəhəri, Azadlıq küçəsində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı 106 nömrəli fərdi yaşayış evində sonuncudan satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 25 mart 2022-ci il tarixdə saat 17:45-də Qazax şəhəri Azadlıq küçəsində, “Mütəfəkkirlər” parkının arxa tərəfində saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:30-dan 19:22-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkçəsinin sol iç cibindəki “Viceroy” markalı siqaret qutusunun içərisindən və sellofan üzlüyünün altından yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, Təqsirləndirilən şəxs1 ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, evli olmaqla himayəsində azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, Təqsirləndirilən şəxs2 ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində azyaşlı övladlı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ilk dəfədir cinayət əməli törətmiş, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, təyin olunmuş cəzanın azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməlinin tam sübuta yetirildiyini, onların əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyini, məhkumlara cəza təyin edərkən şəxsiyyətlərinin, ailə vəziyyətlərinin kifayət qədər nəzərə alındığını, onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri təqsirləndirilən şəxslər barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq onlara daha yüngül cəzanın təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslərin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxslərin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxslərə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin tam etirafedici ifadələrini, eləcə də şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətlərində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxslər barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs2 isə təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddinin endirilməsini xahiş etmişlər. İlk öncə Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməmişdən daha öncə CM-in 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət əməli törətməsini nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 islah olunması yalnız azadlıqdan məhruetmə cəzasının təyini şəraitində mümkündür və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün qanuni və hüquqi əsaslar mövcud deyildir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyini məsələsi ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndində əsasən həmin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 il azaldılmışdır. İş materiallarında olan Qazax Rayon İcra və Probasiya Şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli, 27 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 3 ay 5 gün təşkil edir. İş materiallarında olan Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəsinin verdiyi 14 aprel 2022-ci il tarixli, 11-21/600 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatdır. O, yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin vermiş olduğu xx.xx.2022ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə oğlu X2 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəsinin verdiyi 14 aprel 2022-ci il tarixli, 11-21/599 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyyatdır. O, yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsinin ağırlığını, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 qəti olaraq 1 il müddətə azadlıqdan məhrumetmə cəzasının, Təqsirləndirilən şəxs2 isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin cəzanı yüngülləşdirici halların məcmusu baxımından təyin olunmuş cəzaların hədləri onların şəxsiyyətinə uyğun olmamaqla sərtdir. Belə ki, Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik özündə hər bir halda, o cümlədən yüngülləşdirici halların mövcudluğu halında mümkün qədər yüngül cəza təyin edilməli olmasını ehtiva edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının məhkəməyə təkrar müraciət hüququ adlanan 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu Konstitusiya maddəsi ilə uzlaşan Azərbaycan Respublikası CPMnin “məhkəməyə təkrar müraciət etmək hüququnun təmin edilməsi” adlanan 35.2.2-ci maddəsinə əsasən məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüququna malikdir. Məhkum edilmiş şəxsin bu hüququnu həyata keçirərək cəzasının yüngülləşdirilməsi barədə etdiyi xahişinin təmin edilməsi heç də birinci instansiya məhkəməsində işə baxılmasından sonra məhkumun vəziyyətini yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən ortada olmuş hallar əsasında apellyasiya qaydasında yüngülləşdirmənin mümkünlüyünü özündə ehtiva edir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası humanizm pinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, sadalanan yüngülləşdirici halların məcmusu, eləcə də ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 ay müddətinə azadlıqdan məhruetmə cəzasının həddinin 6 aya, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 6 aya endirilməsi daha məqsədə müvafiq və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay müddətinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə endirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(023)-76/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 11 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona bu qərarla təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Qazax Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 3 (üç) ay 5 (beş) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq bu qərarla təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) ay müddətinə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar