Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-16/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) 05 fevral 2024-cü il tarixli, 1(021)-39/2024 nömrəli hökmü ilə 22 avqust 1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərzi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 25 oktyabr 2023-cü il tarixdə saat 23:05 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024cü il tarixli hökmü, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məhkəməyə təklif edilmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayəti etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsini,müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların nədə ifadə olunması və bunların nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Halbuki, Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə səmimi peşmançılığın mənası ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi, və ya vurulmuş zərəri başqa yolla aradan qaldırılması kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Proses iştirakçılarının çıxışları Məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, onun məzmununa uyğun çıxış edərək protestin təmin olunmasını, Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun daha ağır cəza, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin dəlilləri ilə razılaşmadıqlarını bidirdilər və məhkəmənin ədalətli cəza təyin etdiyini qeyd edib protestin təmin olunmadan, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini apellyasiya tələbinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkəmənin hökmü cəza hissəsində dəyişdirilməlidir. Əvvəla qeyd olunmalıdır ki, apellyasiya müraciətindən görünür ki, bu tələbdə ümumilikdə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilir. İstər apellyasiya protestində, istərsə də məhkəmə iclasında işin faktiki halları və ya əməlin hüquqi tövsifi mübahisə edilməmişdir. Məhkəmə CPM-nin 397-ci maddəsində nəzərdə tutulan vəzifələrindən irəli gələrək məhkəmənin hökmünü həm faktiki hallar, həm də hüquqi tövsif baxımından bir daha yoxlamışdır. İşin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş və qiymətləndirilmiş, habelə əməlin tövsifi barədə qanuni və əsaslı qərar qəbul edilmişdir. Lakin məhkəmə cəza hissəsində düzgün nəticəyə gəlməmişdir. Apellyasiya protestinin dəlillərinə uyğun olaraq məhkəmə cəza ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi cəza ilk növbədə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı kateqoriyaya aid olmasından ibarətdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət cəmiyyətin ictimai təhlükəsizliyinə qarşı yönəlmişdir, Cinayət təqsirin formasına görə qəsdlə törədilmişdir və az ağır cinayətlər kateqoriyasına aiddir, həmçinin təkrar olaraq törədilmişdir. Göründüyü kimi məhkəmə həm cinayətin özünün kifayət qədər təhlükəli olmasını, həm də təqsirkarın şəxsiyyətini nəzərə almamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə cəzanı yüngülləşdirən halların təsdiq olunub-olunmadığına da laqeyd yanaşmış, bu hissədə səthi araşdırma aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasının vaxtı və yeri barədə təqsirləndirilən şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və ilkin baxış iclası onun iştirakı olmadan keçirilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur. Bundan sonra məhkəmə baxış iclaslarının keçirilməsi vaxtı və yeri barədə dəfələrlə təqsirləndirilən şəxsə məlumat verilməsinə baxmayaraq təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməmiş, həmçinin onunla telefon vasitəsi ilə də əlaqə saxlamaq mümkün olmamışdır. Ona görə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. 28 aprel 2025-ci il tarixli 1(104)-16/2025 saylı qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri zamanı belə məhkəmənin çağırışlarına gəlməmişdir. Məhkəmə qeyd edir ki, bu hal onun şəxsiyyətini xarakterizə edən haldır. Göründüyü kimi, Təqsirləndirilən şəxs islah yolunda deyil, onun cəmiyyətdən təcrid olunmadan islah olunması qeyri-mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi cəza ilə bağlı hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. CPM-nin 139-cu maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı, cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Nəticədə məhkəmə formal olaraq məhkumun şəxsiyyətinin müsbət xarakterizə olunmasına istinad etməklə açıq-aydın yüngül cəza təyin etmişdir, yəni cəzanın yüngüllüyünə görə ədalətsiz qərar qəbul etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş qəti cəza müddətinə hesablanmalı və təyin edilmiş cəzadan çıxılmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza dəyişdirilməli, ona CM-in 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 1(021)-39/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə cəzaya aid hissəsədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş qəti cəza müddətinə hesablansın və həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 31 mart 2025-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №1(104)-16/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-16/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver