Məhkəmə qərarları › İş №1(104)-161/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-161/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-161/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(076)- 124/2022 saylı hökmündən müdafiəçilər və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(076)-124/2022 saylı hökmü ilə (sədrlik edən Ş.Məmmədova) 03 avqust 1996- cı ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 22 noyabr 2022-ci il tarixdən hesablanması, xx xxxxxx 1975-ci ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 22 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 2019-cu ilin may ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində Şəmkir rayonu, Şiştəpə kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermer təsərrüfatından sonuncunun Rusiya Federasiyasında olduğu üçün təsərrüfata müvəqqəti olaraq nəzarət edən atası, X3 yaşlı olmasından istifadə edərək həmin fermer təsərrüfatında işləyən Təqsirləndirilən şəxs2 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında əsəbləşərək tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə fermer təsərrüfatında yerləşən anbarın qapısının açarlarını gizlin olaraq əldə etməklə dublikat nümunəsini çıxartmış və müxtəlif vaxtlarda həmin açar nümunəsindən ifadə etməklə fermer təsərrüfatında yerləşən anbarın qapısına vurulmuş qıfılı açma yolu ilə qanunsuz olaraq saxlanc yeri olan anbara daxil olaraq 1 kiloqram qiyməti 45 qəpik olan, ümumilikdə 21150 manat dəyərində 47 ton çəkidə buğda, 1 kiloqram qiyməti 40 qəpik olan, ümumilikdə 2400 manat dəyərində 6 ton çəkidə arpa, bir ədədinin qiyməti 2.7 manat olan, ramilikdə 1890 manat dəyərində 700 ədəd ot presini, 1 kiloqramının qiyməti 80 qəpik olan, ümumilikdə 3200 mmanat dəyərində 4 ton xurma meyvəsini, 2000 manat dəyərində 10 ton müxtəlif dəmir qırıntılarını vahid niyyətlə oğurlayaraq Zərərçəkmiş şəxs ümumlikdə 30640 (otuz min altı yüz qırx) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində Şəmkir rayonu, Şiştəpə kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fermer təsərrüfatından sonuncunun Rusiya Federasiyasında olduğu üçün təsərrüfata müvəqqəti olaraq nəzarət edən atası, X3 yaşlı olmasından istifadə edərək həmin fermer təsərrüfatında işləyən Təqsirləndirilən şəxs1 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında əsəbləşərək tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə fermer təsərrüfatında yerləşən anbarın qapısının açarlarını gizlin olaraq əldə etməklə dublikat nümunəsini çıxartmış və müxtəlif vaxtlarda həmin açar nümunəsindən ifadə etməklə fermer təsərrüfatında yerləşən anbarın qapısına vurulmuş qıfılı açma yolu ilə qanunsuz olaraq saxlanc yeri olan anbara daxil olaraq 1 kiloqram qiyməti 45 qəpik olan, ümumilikdə 21150 manat dəyərində 47 ton çəkidə buğda, 1 kiloqram qiyməti 40 qəpik olan, ümumilikdə 2400 manat dəyərində 6 ton çəkidə arpa, bir ədədinin qiyməti 2.7 manat olan, ramilikdə 1890 manat dəyərində 700 ədəd ot presini, 1 kiloqramının qiyməti 80 qəpik olan, ümumilikdə 3200 mmanat dəyərində 4 ton xurma meyvəsini, 2000 manat dəyərində 10 ton müxtəlif dəmir qırıntılarını vahid niyyətlə oğurlayaraq Zərərçəkmiş şəxs ümumlikdə 30640 (otuz min altı yüz qırx) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi və məhkum apelyasiya şikayəti verərək təyin edilmiş cəzanın şərti tətbiq edilməsini, Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, himayəsində iki azyaşlı uşağı var, ailənin yeganə qazanc gətirənidir, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ilk dəfə məhkum olunur, əməlini səmimi etiraf edir, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, himayəsində azyaşlı uşaqları var. Eləcə də Təqsirləndirilən şəxs1 xəstəliyini nəzərə alaraq ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs ilk dəfə məhkum olunur, əməlini səmimi etiraf edir, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, himayəsində 3 azyaşlı uşaqları var. Buna görə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzaının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi Heydər Fərzəliyev apelyasiya şikayətini müdafiə edib göstərdi ki, azyaşlı uşaqları var, ailənin yeganə qazanc gətirənidir, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Ona görə şikayətin təmin edilməsini Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, onun həbsdə saxlanılması ailəsinin vəziyyətini ağırlaşdırır. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi Elmira Həsənova apelyasiya şikayətini müdafiə edib göstərdi ki, birinci instansiya məhkəməsi müdafiə etdiyi şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını formal olaraq nəzərə almışdır. Ona görə şikayətin təmin edilməsini Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, onun həbsdə saxlanılması ailəsinin vəziyyətini ağırlaşdırır. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs İsgəndər Məmmədov bildirdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənlib, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxslərin hər birinə təqsirli bilindiklərinin CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il müddətə azadlığın məhdudlaşdırlması cəzasının təyin edilməsini təklif etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü cəza ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 177-ci maddəsi: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya instansiyası zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər əməllərindən səmimi peşmandırlar, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi təqsirləndirilən şəxslərin hər birinin təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya təqsirləndirilən şəxsin barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkarın təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunamüvafiqdir. Eləcə də birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci ildən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanılmışdır, buna görə hər bir təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 2 ay 18 gün azadlıqdan məhrum etmə cəzası təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli, hökm təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(076)-124/2022 saylı hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum Təqsirləndirilən şəxs1 22 noyabr 2022-ci ildən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay 18 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 5 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum Təqsirləndirilən şəxs2 22 noyabr 2022-ci ildən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay 18 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 5 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X5 Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar