Məhkəmə qərarları › İş №1(104)-162/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-162/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-162/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Teyyub oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X1, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(076)-208/2022 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(076)-208/2022 (sədrlik edən hakim Ş.Ə.Məmmədova) hökmü ilə xx.xx.1985-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilməsi, cəzasının əvvəlinin qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 16 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan araşdırma ilə əlaqədar dəvət edilərək həmin tarixdə saat 17 radələrində Şəmkir rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gəldikdən sonra orada Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söydüyü üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət, həmçinin sol əlin İ əl darağı sümüyünün yuxarı üçdə birinin sınığı ilə müşayiət olunan, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(076)-208/2022 saylı hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etmiş olduğu hökm işin hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyil və çox yüngüldür. Buna görə də hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməsini xahiş edir. Əvvəla ona görə ki, təqsirləndirilən şəxs ona qarşı cinayəti qərəzli şəkildə törətmişdir. Təqsirəndirilən şəxs ondan qızıl-zinət əşyası almış, lakin vəd etdiyi vaxtda həmin qızıl-zinət əşyasının pulunu ona qaytarmaqdan imtina etmişdir. O, borcunu qaytarmasını tələb etdikdə ona qarşı qeyd olunan cinayət əməlini törətmişdir. Avtomaşının şüşəsini sındırmış və avtomaşınını əzmişdir. Bundan sonra isə təqsirləndirilən şəxs onunla barışıq əldə etməmiş və ona vurmuş olduğu ziyanı ödəməmişdir. Məhkəmə isə bu halları nəzərə almamış və ona yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz edərək şikayətin tamamilə əsassız olduğunu göstərdilər və ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkum Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, əməlindən çox peşmandır. O dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd göstərsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Dövlət ittihamçısı Rəşad Alıkişiyev zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibət bildirərək göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki hökmü əməlin tövsifi hissəsində qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni özünün, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində CM-nin 127.1-ci maddəsinin tərkibi olduğu qənaətinə gələrək onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Şikayətdən də görünür ki, məhkumun əməlin törədilməsində təqsirliliyi və əməlin tövsifi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində mübahisələndirilən, məhkuma təyin edilmiş cəzanın yüngül olması və ona ağır cəza təyin edilməsi məsələsinə gəldikdə bildirir ki, şikayətin təmin edilməsinə və məhkumun barəsindəki hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməklə ona birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə məhkumun və onun müdafiəçisinin, hökmün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməklə məhkuma birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə etiraz etməməsi ilə bağlı dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli, mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətindən də görünür ki, şikayətdə məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi və onun bu əməli törədilməsində tqsirliliyi mübahisələndirilməmiş, yalnız ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükəli əməl törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, dəfələrlə, həmçinin məhkəmə iclaslarında zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsini, himayəsində 5 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirərək və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını məqsədi daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin formalaşdırdığı mövcud təcrübəyə əsasən ədalətli cəza o cəza hesab edilir ki, bu cinayət-hüquqi tədbir cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, həm də cəzanın məqsədi kimi sosial ədaləti bərpa etmiş olsun, zərərçəkmiş şəxsin maraqlarına maksimum dərəcədə cavab vermiş olsun və məhkumu islah etmiş olsun. Birinci instansiya məhkəməsi hökm çıxararkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 8, 9, 41 və 58-ci maddələrinin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ədalətli olmaqla, onun tərəfindən törədilmiş cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılaraq sanksiya daxilində ona daha ağır, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün heç bir əsas yoxdur. Ona aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha ağır cəza, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı zərərçəkmiş şəxsin apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə edərkən izahatında göstərdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü, o cümlədən Təqsirləndirilən şəxs təyin olunan cəza CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verir. Bu cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, zərərçəkmiş şəxsin qanuni mənafelərini pozmayan cinayət-hüquqi tədbir sayıla bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamasını və Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(076)- 208/2022 saylı hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 1(076)-208/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar