Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-164/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X20 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «28» noyabr 2022-ci il tarixli, 1(076)-218/2022 nömrəli hökmündən məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) «28» noyabr 2022-ci il tarixli, 1(076)-218/2022 nömrəli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Tovuz rayonu, Bayramlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir rayonu, Düyərli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs ilə aralarında mübahisəli torpaq sahəsinə dair mülkiyyət məsələsinin həlli ilə əlaqədar yaranmış şəxsi münasibətlər zəminində, mübahisə predmeti olan torpaq sahəsində sonuncunun ailəsinə məxsus istilikxananı sökdüyü üçün Zərərçəkmiş şəxs ona iradını bildirməsi nəticəsində yaranmış mübahisə zamanı sonuncunu qəsdən vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin şişkinlik fonunda dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, məhkum apellyasiya şikayətində hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını, zərərçəkmiş şəxs apellyasiya şikayətində hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum və onunla birlikdə olan şəxslər ailəsinə məxsus istixananı söküb içərisində yetişmiş kartof məhsulunun məhv edilməsinə səbəb olmuş və ailəsinə 10000 manatdan artıq maddi zərər vurulmuşdur. Lakin zərər vuran digər şəxslərin, yəni xalası Yeganə Məhərrəmovanın və qardaşı Ələs Məmmədəliyevin əməllərinə inzibati xəta kimi qiymət verilmiş, ancaq əmlakı qəsdən məhv etmələrinə cinayət əməli kimi qiymət verilməmişdir. Məhkumun təqsiri nəticəsində ona yetirilmiş bədən xəsarətinin müalicəsi üçün çəkdiyi maddi xərclər və mənəvi sarsıntılar keçirməsi ilə bağlı istintaqda və məhkəmədə real hüquqi qiymət verilməmişdir. Məhkum əslində zəhmətkeş Azərbaycan qadınını onun ailə üzvləri qarşısında təhqir edib döyərək mənəviyyatını, qadınlıq ləyaqətini alçaltmış və bədən xəsarəti yetirmişdir. Məhkum törətmiş olduğu əməli ibtidai istintaqda və məhkəmədə etiraf etməmiş, özünü təqsirli bilməmiş, əməlindən peşman olmamış, ondan üzr istəyərək bağışlanmasını və vurulmuş maddi zərəri ödəməyə təşəbbüs göstərməmişdir. Belə olduğu halda məhkumun törətmiş olduğu qanuna zidd əməlinə görə barəsində cəza təyin edərkən məhkumun şəxsiyyəti, işin halları, zərərçəkmiş şəxslə barışmağa təşəbbüs göstərməməsi nəzərə alınmalı olduğu halda məhkəmə tərəfindən həmin hallara ümumiyyətlə qiymət verilməmişdir. Onun və ailəsinin hazırda olduqca ağır maddi vəziyyətdə olmaqla məhkumun və ailəsinin təqsirindən düşdükləri vəziyyətdən çıxmaqları üçün, yəni keçirdiyi psixi sarsıntılardan müalicə olunaraq səhhətinin əvvəlki normal vəziyyətinə qayıtması və amansızcasına kəsilib istifadəsi üçün yararsız hala salınmış istixanalarının bərpası üçün məhkum və həmin əməlin törədilməsində onunla birlikdə iştirak etmiş şəxslər tərəfindən heç bir maddi yardım edilməməsi məhkəmə tərəfindən məhkumun məsuliyyətini və cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmamışdır. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onu məhkum edərkən zərərçəkmiş şəxsin qohumlarının ifadələrini və ekspert rəyini əsas götürmüşdür. Məhkəmə onun qohumlarının ifadəsini o, əsasla sübut kimi qəbul etməmişdir ki, şahidlər X6, X4 və X13 təqsirləndirilən şəxslə yaxın qohum olmaqla işin nəticəsində dolayısı ilə Təqsirləndirilən şəxs məsuliyyətdən kənarlaşdırılmasında maraqlıdırlar. Məhkəmə hesab etmişdir ki, həmin şahidlərin ifadəsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır. Lakin məhkəmənin niyə zərərçəkmiş şəxsin qohumlarının verdiyi ifadələri sübut kimi qəbul etməsi, onun qohumlarının verdiyi ifadələrə isə tənqidi yanaşmasının səbəbləri aydın deyildir. Odur ki, göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi məhkum tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılmasını, eləcə də zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, cinayət əməli törətmədiyini, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Eyni zamanda, zərərçəkmiş şəxsin apellyasiya şikayəti ilə razılaşmadı və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, orada çoxsaylı şəxslər olmuş, Zərərçəkmiş şəxs o, vurmamışdır. Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması ona məlum deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, eləcə də məhkumun apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apelyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində cinayət hadisəsinin onun tərəfindən törədilməməsi qeyd olunmuş, bu səbəbdən də cinayətin törədilməsinə aidiyyəti olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində isə işin faktiki halları, təqsirlilik məsələsi və əməlin tövsifi mübahisələndirilmir, məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası ilk öncə məhkumun apellyasiya şikayətinin dəlilləri əsasında məhkumun əməlinə hüquqi qiymət verilməsini və bundan sonra, məhkuma təyin edilmiş cəzanın həddinə və növünə münasibət bildirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları, habelə sair iş materialları və digər sübutlarla tamamilə təkzib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 04 mart 2022-ci il tarixli, 194 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin hematoması və döş qəfəsinin ön səthinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə alın nahiyəsinin şişkinlik fonunda, dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli T 202/2022 nömrəli təkrar ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin hematoması və döş qəfəsinin ön səthinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xüsusiyyətləri və lokalizasiyası onların kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ... bu zaman Yeganə onun sinə nahiyəsini dırnaqları ilə cırmış, Ələddin isə istilikxananın üstündən aşağı düşüb yumruqla alın nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, yerdə olan zaman həmin qadınlar yerdə onu təpik və yumruqla vurmağa davam etmişlər. O, istilikxananı sökən zaman həmin hadisəni özünə məxsus Samsung A10 markalı telefonu ilə videoya çəkdiyi üçün həmin şəxslərdən kim isə cibində olan telefonu da götürmüşdür. Bundan 1-2 dəqiqə sonra həyat yoldaşı Samir də işdən oraya gəlmiş, bu zaman o, yerdə yıxılmış vəziyyətdə olmuşdur. Həyat yoldaşı yanına çatan kimi onu və oğlunu onların əlindən almaq üçün cəhd etsə də, Ələs istilikxananın üstündən yerə düşmüş, Samiri arxa tərəfindən tutub yerə atmış, sonradan isə yerdə baş nahiyəsindən, kürək nahiyəsindən yumruqla, təpiklə vurmağa başlamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 və X1 Nuradə Rövşən qızının göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilməyərək hadisə zamanı Zərərçəkmiş şəxs vurmadığını bildirsə də, onun ifadəsi işin faktiki hallarına uyğun deyil, zərəçəkmiş və şahidlərin ifadələri ilə təkzib edilir. Belə ki, iş üzrə zərəçəkmiş şəxs, eləcə də şahidlər ifadələrində Zərərçəkmiş şəxs məhkum Təqsirləndirilən şəxs yumruqla alın nahiyəsindən vurduğunu göstərmişlər. Eyni zamanda dindirilmiş şahidlərində ifadələrindən görünür ki, hadisə vaxtı orada çoxsaylı şəxslər olmuşdur. Belə olan halda zərərçəkmiş şəxsin onu vuran şəxsin məhz Təqsirləndirilən şəxs olmasını bildirməsi, eləcə də onun bədəni üzərində xəsarətlərin aşkar edilməsi və işin sair halları zərərçəkmiş şəxsin və şahidlər X9 və X7 ifadələrinin daha real və işin faktiki hallarına uyğun olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmin şəxslərin ifadəsini daha inandırıcı və həqiqətə uyğun hesab edir. Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkumun CM-in 128-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, məhkumun və müdafiəçisinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Daha sonra, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində təqsirli digər şəxslərin məsuliyyətə cəlb edilmədiyini, həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu və ağırlaşdırılmasını xahiş etdiyini göstərmişdir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə məhkəməyə verilmiş, məhkəmədə onu həmin maddə ilə təqsirli bilərək məhkum etməkdə haqlı olmuşdur. Zərərçəkmiş şəxsin şikayətində göstərdiyi digər şəxslərin məsuliyyətə cəlb edilməməsi dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı 29 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə həmin şəxslərin əməlinə hüquqi qiymət vermiş və X10 və X5 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-in Zəyəm PB-nə göndərilmişdir. Həmin qərardan şikayət verilməmiş və hazırda qüvvədədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Təqsirləndirilən şəxs və digər şəxslərin əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmişdir. Daha sonra məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın məhkumun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının həddinin daha da ağırlaşdırılması, eləcə də yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirilərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X19 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halı, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilən cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını və ya yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «28» noyabr 2022-ci il tarixli, 1(076)-218/2022 nömrəli hökmü zərərçəkmiş şəxs və məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «28» noyabr 2022-ci il tarixli, 1(076)-218/2022 nömrəli hökmü məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən, məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-164/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-164/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver