Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-165/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(076)-224/2022 saylı hökmü ilə (sədrlik edən Ş.Məmmədova) xx.xx.1972-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkirşəhəri S.Sərxanlı küçəsi dpngə 2 ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 06 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəflərinə aid məsələlər həll edilmişdir. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarında, istintaqa dəqiq məlum olmayan tarixdə, Şəmkir şəhəri, S.Sərxanlı küçəsi, DÖN-2, ev 1-də yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 4(dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında, 06 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş, ümumi təmiz çəkisi 2350 qram əkilib-becərilməsi qadağan olunmuş 4(dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, ilk dəfədir cinayət törədir, ailənin yeganə qazanc gətirənidir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə sadalanan yüngülləşdirən halları nəzərə almamaqla yanaşı, təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyaslnda nəzərdə tutulan daha yüngül cəzanın təyininin mümkünlüyünü müzakirə etməmişdir.Nəticədə təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apelyasiya şikayətini müdafiə edib göstərdi ki, birinci instansiya məhkəməsi müdafiə etdiyi şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını formal olaraq nəzərə almışdır. Hesab edir ki, qeyd etdiyi hallar Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyini üçün əsas ola bilər. Ona görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etmədi və göstərdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində işə baxarkən işin faktiki hallarını və cəzanı yüngülləşdirən halları nəzərə alaraq ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Hesab edir ki, cəzanın yüngülləşdirilməsi və ya daha yüngül cəza ilə əvəz edilməsi üçün əsaslar yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü cəza ilə bağlı hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası zamanı təqdim edilmiş sənədlərdən məlum olur ki, təqsirləndirilən şəxsin himayəsində yaşlı anası var, əməlindən peşmandır, ailənin yeganə qaznc gətirənidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respunliksınım cinayıt qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. Apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi apelyasiya şikayətinə mahiyyəti üzrə baxarkən qardaşının və atasının Qarabağ müharibəsi iştirakçısı olmasını, qardaşının müharibə dövründə göstərdiyi şücayəti, anasının xəstəliyini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. CM-in 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) —üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən yeni hallar müvafiq olaraq onun cəzasına da təsir etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunamüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədən şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün və 06 dekabr 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək hökm çıxarıldıqdan sonra həbsdən saxlandığı 2 (iki) ay 10 (on) gün cəmi 2 (iki) ay 13 (on üç) gün həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı və təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin olunmalı, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Müdafiəçi2 apelyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 1(076)-224/2022 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədən şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün və 06 dekabr 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək hökm çıxarıldıqdan sonra həbsdən saxlandığı 2 (iki) ay 10 (on) gün cəmi 2 (iki) ay 13 (on üç) gün həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-165/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-165/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver