Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-176/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülmalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X5, onların müdafiəçimi Müdafiəçi1 iştirakı ilə X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsinə və CM-nin 148-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(062)-121/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Ə.Həsənovun müdafiəçisi və xüsusi ittihamçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(062)-121/2022 nömrəli (sədrlik edən Fərid Əliyev) hökmü ilə 05 noyabr 1978-ci il tarixdə Tovuz rayonunun İbrahimhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olmaqla yaşayan X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələr üzrə bəraət verilməsi, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasınını təyin edilməsi, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanması, hökmün icrasının Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, 16 oktyabr 1981-ci il tarixdə Tovuz rayonunun İbrahimhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 70, mənzil 37-də yaşayan X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddələr üzrə bəraət verilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi həll edilmişdir. Hökmə əsasən, X6 tərəfindən kütləvi çıxışda xüsusi ittihamçı Fəzail Məmmədhəsənovun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Ə.Həsənovun müdafiəçisi apellyasiya şikayəti verərək hökmü ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hökmdən xüsusi ittihamçının nümayəndəsi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, X2 və X5 CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Əmirxan Həsənovu təhqirlə ittiham etmək üçün «müvafiq və kifayət qədər» səbəblər yoxdur və şikayətin məzmunu CPM-nin 204, 302.1.6-cı və 302.1.7-ci maddələrinin tələblərinə uyğun deyil. Bundan əlavə, törədilməsi iddia olunan cinayət əməli barədə zəruri məlumatlar kim tərəfindən törədilməsi (şəxsin atasının adı və yaşayış yeri konkret olaraq göstərilməyib) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, konkret olaraq hansı şəxslərin ifadələri ilə, habelə hansı digər sənədlərlə sübuta yetirilməsi məsələləri barədə «zərərçəkmişin» şikayət ərizəsində aşkar edilmiş qanun pozuntularına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmələrinə baxmayaraq, məhkəmə bu məsələlərlə bağlı hüquqi mövqe bildirməmişdir. Halbuki, məhkəmə CPM-nin 302-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayətə baxılmasından imtina etməli idi. Belə ki, CPM-nin 302.1.6 və 302.1.7-ci maddələrinə müvafiq olaraq yuxarıda qeyd edilənlərə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməli idi. Çünki iş materiallarına əlavə edilmiş disklərdə hüquqlarını müdafiə etdiyi Əmirxan Həsənov barəsində CM-nin 148-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsinə dair heç bir sübut yoxdur. Xüsusi ittihamçının nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları lazımi səviyyədə dəyərləndirməmiş, təqsirləndirilən şəxslərin əməllərini dəfələrlə təkrarlamalarını və həmin əməllərinin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına əhəmiyyət vermədən onlara bəraət vermiş və X4 ən yüngül cəza təyin etmişdir. Məhkəmə X8 ümumiyyətlə bəraət vermişdir. İş materiallarında onun əməlində cinayət tərkibi olması üçün kifayət qədər sübutlar, şahid ifadələri, video-disklər mövcuddur. Əmirxan Həsənova münasibətdə isə yalnız CM-nin 148-ci maddəyə əsasən hökm çıxarmışdır. CM-nin 147-ci maddəyə münasibətdə bəraət vermişdir və həmin hissəsini də qanunsuz hesab edirlər. Belə ki, həmin şəxslərin Fəzail barəsində korrupsiya xarakterli cinayət törətməsi barədə şikayətləri mövcuddur və istintaq orqanının həmin şikayət üzrə rədd qərarları var, həmin qərarlar da məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, bu şəxslərin hərəkətlərini məhkəmə ört-basdır etməklə belə insanlar dövlət, cəmiyyətə, dövlət nümayəndələrinə qarşı bu cür hərəkətləri etməyə sövq edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən xüsusi ittihamçı qarşı tərəfin apellyasiya şikayətin qəbul etməyərək təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, hökmün ləğv edilməsini, X2 və X5 CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış edərək hökmü ləğv edərək, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq müdafiə tərəfinin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözegedən qərarın 2-ci bəndində isə qeyd olunmuşdur ki, “cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyərin olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.” İstinad olunan Plenium qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan xarakterli məlumatlar məktub, ərizə və şikayətlərdə göstərilməklə və sair üsullarla da yayıla bilər. Hər kəsin (hüquqi və ya fiziki) şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlət, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, həm də 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyənnaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada Konstitusiyanın 47-cı maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. İş materiallarından görünür ki, Əmirxan Həsənov tərəfindən kütləvi çıxışda xüsusi ittihamçı Fəzail Məmmədhəsənovun ünvanına “şərəfsiz”, “pedaraz”, “qandon” kimi etikadan kənar ifadələr işlətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmirxan Həsənovun işlətdliyi həmin sözlər ifadə tərzinə və mənasına görə xüsusi ittihamçının şərəf və ləyaqətini alçaldan ifadələr olmaqla, onun şəxsi nüfuzuna xələl gətirən ifadələrdir. Çünki bu sözlər cəmiyyətdə də mənfi mənada işlədilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən cinayət əməlinin Əmirxan Həsənov tərəfindən törədilməməsinə dair göstərilən dəlillər yalnız cinayət əməlindən yaxa qurtarmaq məqsədi daşıyır və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlillərə tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, istinad olunan cinayət əməlinin X7 tərəfindən törədilməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Ə.Həsənovun təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Xüsusi ittihamçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsində xüsusi ittihamçının vəsatəti əsasında dindirilmiş şahidlərin heç biri Vüqar Səfərovun kənd icra nümayəndəsi olan Fəzail Məmmədhəsənovu təhqir etməsini, ona böhtan atmasını, habelə onun ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməsini təsdiq etməmişlər. Ümumiyyətlə şahidlər təqsirləndirilən şəxs Vüqar Səforova münasibətdə hər hansı fikir bildirməmiş və onu görmədiklərini qeyd etmişlər. Bundan başqa, məhkəmə kollegiyası Ə.Həsənova təyin edilmiş cəzanın həddi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Ə.Həsənova cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasınını təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Göründüyü kimi, məhkəmə cəza təyin edərkən Ə.Həsənovun hadisənin baş verməsindən sonrakı davranışını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, ailə vəziyyətini tam araşdırmış, ona qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ə.Həsənova birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(062)-121/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apelyasiya şikayətləri təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(062)-121/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-176/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-176/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver