Məhkəmə qərarları › İş №1(104)-18/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-18/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-18/2023 16.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X9 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(021)-93/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(021)-93/2022 saylı hökmü ilə (hakim E.Əhmədov) xx xxxxxx 1994-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmaya, Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 fevral 2022-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz əldə edərək üzərində saxlamış, -01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.F.Axundov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibindən 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, əməlini Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilməklə cəzatəyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İkinci Vətən müharibəsində iştirak etməklə yaralanmış, iddia edilən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, heç kimə satmamış, göz xəstəliyindən əziyyət çəkir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirakı ilə əlaqədar yaralandığından bədənin ağrılarını hiss etməmək üçün narkotik vasitədən istifadə edir. Bu hal onu təsdiq edir ki, üzərində aşkar edilmiş narkotiki öz istifadəsi üçün saxlayır. Digər tərəfdən araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmasına dair mötəbər sübut yoxdur. Buna görə Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, narkotik vasitənin satıcısı deyil, istifadəçisidir, heç kimə narkotik satmamışdır. Buna görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli onun istifadəsindəki mobil telefonda aşkar edilmiş mesajlarla verilmiş ittiham təsdiq edilir. Buna görə Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Eləcə də məhkuma cəza təyin edilərkən şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilmişdir. Sadalananları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin CM-in 234.2-ci maddəsi ilə olan əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş edilmişdir. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı özündə ehtiva edir. Lakin göstərilən hərəkətlərlə yanaşı, məhkumun törətdiyi cinayət əməli CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərini də yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi aşağıdakı nəticə ilə razılaşır. Belə ki, cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 02 fevral 2022-ci il tarixli 16/133 nömrəli materialların və məhkəmə bioloji rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki, - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,120 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 1 (bir) ədəd gümüşü, 01 (bir) ədəd göy və 1 (bir) ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qram, 0,440 qram, 0,199 qram, ümumi təmiz çəkisi 1,138 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,510 qram və 0,153 qram, ümumi təmiz çəkisi 0,663 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 mart 2022-ci il tarixli 340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Cinayət işi materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və videogörüntülər olan “DVD” diskdən görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxardaraq könüllü olaraq təqdim edir, siqaret qutusunun içərisindən 01 ədəd bükümlərdə heroin, 03 ədəd bükümlərdə metamfetamin, 02 ədəd bükümdə qurudulmuş marixuana aşkar edildi. Həmin bükümlər elektron tərəzidə çəkildi, 01 ədəd bükümdə içərisində narkotik vasitə olan heroin olan kütlələrin təmiz çəkisi 1.30 qram, 03 ədəd bükümlərdə içərisində psixotrop maddə olan metamfetamin olan kütlələrin ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 0,32 qram və 0,27 qram, 02 ədəd bükümlərdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanana olan kütlərinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,67 qram və 0,24 qram olması müəyyən edildi. Diskə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-də 01 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, qurudulmuş marixuana, heroin və metamfetamin aşkar olunması istintaq hərəkərinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilıməsi zamanı çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin təhqiqatçısının və polis əməkdaşlarının iştirakı ilə Elçin Əliyevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı bir ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə çəkisi 1,30 qram olan ilk baxışdan heroinə bənzər, 02 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,67 qram və 0,24 qram olan marixuanaya bənzər kütlələr və 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,02, 0,32 və 0,27 qram olan ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitələrdən, o cümlədən psixotrop maddələr istifadə etməsini, üzərində narkotik vasitələri saxlamasını bildirmişdir. Aşkar edilmiş ilk baxış narkotik vasitələrə bənzəyən kütlələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, və sintetik kisələr istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır 17 mart 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs məxsus olan +99451 *** ** ** saylı mobil nömrədən X5 məxsus +99450 *** ** ** saylı mobil nömrəyə - “qaqa götürdün aynöyünləri getir, narahat olma üstündən nə qədər istəyirsən çəkmisən halalxoşun getir qaqa” – mətnli “SMS” daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrədən X6 məxsus olan +99451 *** ** ** saylı mobil nömrəyə - “bax həmişə belə tuxdalıq edirsən, sonrada danışanda başdayıb 40 dene tema gəlirsən hər dəfə yalandan bir bəhanə gətirirsən ay belə ay elə... yalvarıb məcburi gətizdirəsi deyiləm ki, sən istədin, məndə yaxşısını ayırıb qırağa qoydum ki, bu sizə qismət olsun, ya özün bil, mənim işim çıxdı gedirəm ” – mətnli “SMS” daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrədən X2 məxsus olan +99450 *** ** ** saylı mobil nömrəyə - “qaqa nəqədərə gəlirsən görüşək, qaqa dünən saat 5də demişdin, bu beyaqdan zəng edir açmıram. Dedi pul hazırdı? Dedim üstümdə var. Ele eləyəkki pis vəziyyətdə qalmıyım onun yanında, dünən pis günümüzdə əl tutub bizə” – mətnli “SMS” daxil olmuşdur. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. Şikayətdə, eləcə də məhkəmə zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsinə aid olmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Lakin iş üzrə müəyyən edilmiş mötəbər sübutlar, eləcə də qanunun müddəaları hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edildiyini təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apelyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(021)-93/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(021)-93/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar