Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-181/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Xüsusi ittihamçının nümayəndəsi X1, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 saylı hökmündən təqsirləndirilən şəxs X2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Ağdam Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 saylı hökmü ilə (sədrlik edən Mahir Niftəliyev) 01 yanvar 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhəri Pərioğullar sahəsi ev 67-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 148-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məjəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən X5, xx.xx.2022-ci ildə «Facebook» sosial şəbəkəsinin «Kanal 13.TV.» kanalında və öz «Facebook» səhifəsində paylaşılmış videoda «icra başçısı mərhum general-mayor Polad Həşimovun şəhid olduğu gün içkili halda Ağdam rayonu Birinci Dördyol qəsəbəsi ərazisinə gəlmiş və həmin ərazidə çayxana işlədən şəxsə get soyun gəl demişdir. Bundan sonra həmin şəxs icra başçısına ağır sözlər demiş və icra başçısı da öz növbəsində həmin şəxsə ağır sözlər demişdir. Bizim bu icra başçımız içkili halda rayonda təxribat törətmişdir. Nəticədə ara qarışmışdır. İcra başçısı tələb etmişdir ki, həmin vətəndaşı tutun, içəri salın. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov el dilində desək dilinə yiyəlik eliyə bilməyən bir adamdır, Ağdamın icra başçısı X12 Kommunal Müəssisələr Kombinatı ilə (Komxozla) idarə müdirlərinin müqavilə bağlamasına görə iclas keçirərkən üzünü qəfildən Ağdam Kommunal Müəssisələr Kombinatının müdiri Fəzailə tutub mənim haqqımda deyir ki, ə o geydir, onunla məşğul ola bilərsənmi?!. Vaqif Həsənov bizi boğaza yığıb. Orda onu təhqir eliyir, burda bunu təhqir eliyir, orda ona pis cavab verir, burda buna söyüşlə cavab verir. Vətəndaşın biri gedib qapısına yalvarıb ki, ay başçı balam ölür, başına dönüm, ayağının altında ölüm mənə bir dənə kömək elə bir skoru (təcili tibbi yardım maşını) ver . O da həmin şəhidin ailəsini təhqir edib yola salıb. Nəticədə uşaq ölüb. Başçı da hüquq mühafizə orqanlarının birini çağırıb yalvardı və vətəndaşın uşağının qəbir üstünü götüzdürdü. Mənim dediklərim faktdır, mənim dediklərimi bütün ağdamlılar təsdiq edə bilər. Başçı Birinci Dördyol qəsəbəsində vətəndaşları qəbul edəndə beş min əhalisi olan qəsəbədə beş adam tapa bilməyiblər ki, dursun başçıya müraciət eləsin. Çünki heç kəs başçıya inanmır, hamını aldadır, hamını yola verir, hamını bir cür incidir. Adam özünə sığışdırmır ki, bir şəhid qardaşını qəbul eliyə, deyə ki, yox yanlışdır, deyə ki düzdür və ya səhvdir. Vaqif Həsənov, ermənilər də bizim şəhidlərimizin onların ailə üzvlərinin şəkillərinin üzərində bəzi iyrəncliklər edib paylaşırlar, siz də burda şəhid qardaşına qarşı o iyrənc əməli edirsiz. X9 kimi bir bəlası var, X9 kimi bir əsəbi var, gərginliyi var. Adam danışığını bilmir. Dostlar, tanışlar mənə deyir ki, ay qardaş, bəlkə o, içkili olub sənə deyib. Ümumiyyətlə nə icra başçısı heç küçə uşağına yaraşmayan şeydi ki, kiminsə haqqında geydir deyə, qəhrəman bir şəhidin qardaşı haqqında gey deyə. Heç kəsə yaraşmayan sözdür» məzmunda X6 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış, həmçinin X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, törətdiyi əməldən peşman olduğunu bildirmiş, həmçinin himayəsində üç azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir, qardaşı şəhid olmuşdur, ailəsi Ağdam rayonundan məcburi köçkündür, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi məhkəmə təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları nəzərə almadan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanı təyin etməklə hökm çıxarmışdır. Bundan başqa X.Salmanzadə şikayət ərizəsində göstərilən məlumatları “Kanal-13” internet informasiya sistemindən istifadə etməklə yaymışdır ki, həmin informasiya sistemi Latviya Respublikasında qeydiyyatdadır. X.Salmanzadə isə ünvan 2 ünvanında yerləşən öz adına olan evdə yaşayır. Məhkəmə hökmdə X.Salmanzadənin yaşayış yerini həm ünvan 2 kimi, həm də “Dördyol-1” qəsəbəsi ev 827 kimi göstərmişdir. Halbuki, “Dördyol-1” qəsəbəsin X.Salmanzadənin keçmiş qayınanasının ünvanıdır və həmin qəsəbə Tərtər rayonunun inzibati ərazisidir. Göründüyü kimi şikayətin ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsində baxılmalı olmadığı halda, ərazi aidiyyəti qaydaları pozulmaqla icraata götürülüb baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Ona görə də təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini, eyni zamanda kobud qanun pozuntularına yol verdiyindən birinci instansiya məhkəməsinin hakimi barədə xüsusu qərar çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa oxşar məzmunda çıxış edərək təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, himayəsində üç azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir, qardaşı şəhid olmuşdur, ailəsi Ağdam rayonundan məcburi köçkündür. Ona görə də şikayətdə göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri məhkum edilmiş şəxs Xəyyam Salmanzadə barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması, həmin halların nəzərə alınaraq ona islah işləri cəzasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 147.1 və 148-ci maddələri üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə və daha sonra isə məhkum olunmuş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinə ağlabatan müddətdə baxaraq və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və xüsusi ittihamçının nümayəndəsini ifadələrini, eləcə də maddi sübutları, ekspertiza rəylərini, məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, düzgün nəticəyə gələrək Xəyyam Salmanzədənin Azərbaycan Respublikası CM-nın 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmiş, məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran halların, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs X2 əməli CM-nın 147.1 və 148-ci maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində müdafiə tərəfi işin faktiki hallarını, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları sadalamaqla həmin halların kifayət qədər nəzərə alınmamasını qeyd etmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsini xahiş etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhəri inzibati ərazi darəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 229 saylı məktubundan, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(013)-2278/2017 saylı qətnaməsinin surətindən və Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, X.Salmanzadə ilə X3 arasında xx.xx.2009-cu ildə qeydə alınmış nikah pozulmuş və bu barədə qeydiyyat orqanında xx.xx.2017-ci ildə kitabın 116-cı səhifəsində müvafiq qeydlər aparılmış, onların üç uşağı anası K.Salmanzadənin yanında saxlanılmışdır. X.Salmanzadə şəhid ailəsi və müharibə veteranı kimi qeydiyyata alınmamışdır. Apellyasiya şikayətində qeyd olunan cəzanı yüngülləşdirən halların nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən CM-nin 41.2, 58, 59-cu maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 147.1 və 148-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X4 cəza təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza təyininin ümumi əsaslarını nəzərə almış, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Apellyasiya şikayətinin ərazi aidiyyəti ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusat üzrə verilmiş vəsatətə ilkin məhkəmə baxış iclasında baxılmış və hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-181/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-181/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver