Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-182/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(045)-95/2022 saylı hökmü ilə (sədrlik edən M.T.Mustafayev) xx.xx.1981-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-81/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, habelə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 14 avqust 2022-ci il tarixdə Gəncə şəhərində dəmiryol vağzalı ərazisində yerdən taparaq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan torbacıqda 1,168 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq qanunsuz saxlamaqla daşımış və 16 avqust 2022-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən meşə zolağından bir ədəd göy rəngli polietilen torbada taparaq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 445 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamaqla daşımış, 16 avqust 2022-ci il tarixdə saat 18:40 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əlində bir ədəd göy rəngli polietilen torbada 445 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofan torbacıqda 1,168 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsinə əsasən ona təyin olunan cəzadan narazı olduğunu bildirmiş və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Heydər Fərzəliyev apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları yetərincə nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Ona görə də, Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində olan yüngülləşdirici və ağırlaşdırıcı halları, əməlində cinayətlərin resdivinin olmasını nəzərə alaraq ona ədalətli cəza təyin etdiyini, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun edilmiş şəxsin barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsii və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin resdivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 1(045)-59/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 1(045)-95/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-182/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-182/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver