Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-190/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı F.F.Vəliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-125/2022 saylı hökmü ilə (sədrlik edən Z.A.Hünmətov) xx xxxx 1988-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 4 gün müddət ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək və yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda olan 5,37 qram təmiz çəkiyə malik, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 23 iyun 2022-ci il tarixdə saat 20 radələrində qanunsuz üzərində saxlamış, eyni zamanda bir ədəd göy rəngli sellofan paketdə olan təmiz çəkisi 255 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib 23 iyun 2022-ci il tarixdə idarə etdiyi “Fiat Linea” markalı **-VR-*** dövlət qeydiyyat nişanдı avtomobildə qanunsuz saxlamış, elə həmin tarixdə saat 20 radələrində o, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilən zaman 260,37 qram ümumi təmiz çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı F.F.X4 Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya protesti verərək Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun daha ağır cəza- təqsirli bilindiyi maddənin sanksiyası həddində yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Protesdə qeyd edilmişdir ki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almasının təhlili aparılarkən həmçinin aşağıdakılar qeyd edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri və ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar nəticəsində ifşa olunmuşdur. Ona görə də, belə halda məhkəmə cəza təyini zamanı səmimi peşmançılığı yüngülləşdirici hal kimi nəzərə ala bilməzdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından 52 dəfə çoxdur. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirkarın şəxsi istehlak miqdarından 52 dəfə artıq narkotik vasitəni gəzdirməsini cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə almamış və əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül olan azadlığın məhdudlaşdırlması növündə cəza təyin etmişdir. Məhkəmədə baxılmış cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə cəza növünü müəyyən edərkən hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini, Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun daha ağır cəza, təqsirli bilindiyi maddənin sanksiyası həddində yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Heydər Fərzəliyev apellyasiya protestinə etiraz edərək birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin barəsində ədalətli cəza təyin etdiyini, apellyasiya protestinin təmin olunmadan, Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya protestinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Dövlət ittihamçısı apellyasiya protestində məhkəmənin Təqsirləndirilən şəxs yüngül cəza etməsini qeyd etmiş və təyin edilmiş cəzanın məhkum edilmiş şəxsin şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmadığını qeyd etmiş və cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsii və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Kollegiyanın qənaətinə görə səmimi peşmançılıq islah olunmanın göstəricisi kimi qəbul edilə bilər. Bu amil ona görə əhəmiyyətlidir ki, islah olunmanın başlanığıcı ilk növbədə təqsirkarın hərəkətlərindən səmimi şəkildə peşman olması ilə başlayır və növbəti müsbətyönümlü davranışı ilə davam edir. Eyni zamanda, bu hal təqsirkarı növbəti ictimai təhlükəli əməllərdən çəkindirir. Nəzərə alınmalıdır ki, CM-nin 41.2-ci maddəsinə görə cəzanın məqsədi əvəzçilik yaxud qisasalma xarakteri daşımır, onun məqsədi təqsirkarı islah etmək, habelə həm onun tərəfindən həm də başqaları tərəfindən ictimai təhlükəli əməllərin qarşısını almaq məqsədi güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın əməlindən səmimi şəkildə peşman olmasını, bunun isbatı kimi ibtidai istintaq dövründən tutmuş məhkəmə icraatınadək səmimi və ziddiyyətsiz ifadə verməsini, bununla cinayətin üstünün açılmasında kömək etməsini islah olunmağa başlama kimi qiymətləndirmək olar. Belə səmimi peşmançılıqla protestin dəlillərində qeyd olunan, Cinayət Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan səmimi peşmançılıq bir-birindən tamamilə fərqli hallardır. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır və qeyd edir ki, ilk dəfə məhkum olunan Təqsirləndirilən şəxs 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkib islah olunacağını istisna edən hallar mövcud deyil. Onun məhz azadlıqdan məhrum olunmaqla və cəmiyyətdən təcrid edilməklə islah olunacağı barədə protestin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı F.F.Vəliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)- 125/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı F.F.Vəliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(062)-125/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-190/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-190/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver