Məhkəmə qərarları › İş №1(104)-191/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-191/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-191/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-97/2022 saylı hökmündən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-97/2022 saylı hökmü ilə (hakim Z.Hünmətov) xx xxxx 1989-cu ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 17 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, narkoloji dispanserində profilaktiki qeydiyyata götürülməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəflərinə dair məsələlər də həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü rəngli kağız bükümdəki 0,430 qram təmiz çəkiyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 24 mart 2022-ci il tarixdə qanunsuz üzərində saxlamış, elə həmin tarixdə saat 18:30 radələrində Tovuz RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində o, Tovuz rayonq Aşağı Quşçu kəndi ərazisində yolun kənarında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib, həmin binanın birinci mərtəbəsində xidməti otaqda barəsində şəxsi axtarış aparılan zaman, həmin 0,430 qram təmiz çəkidəki kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin onun əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, himayəsində azyaşlı uşaqları və yaşlı anası olmaqla böyrək xəstəliyindən əziyyət çəkməklə sol böyrəyi yoxdur, ilk dəfə məhkum olunmuşdur. Həmçinin hökmdən müdafiəçi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə də hökmündə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı fərqli ifadələr verdiyini qeyd edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona təzyiq edildiyini narkotik vasitənin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin anten dairələri Aşağı Quşçu kəndi yaxınlığında olduğunu göstərir, Tovuz rayonun mərkəzində deyil. Sadalananlar hallar onu göstərir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham sübuta yetirilmir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə etdi və bildirdi ki, ona verilmiş ittihamda qeyd edilən yerlə onun tutulduğu yerin arasında 1km məsafə var, həmin vaxt onunla birlikdə dörd nəfər tutulsa da ikisinin barəsində cinayət işi başlanmışdır. Buna görə şikayətinin təmin edilməsini ona bəraət verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək bildirdi ki, iş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq etmir, eləcə də təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı var, əvvəllər məhkum olunmamışdır. Sadalananları nəzərə alaraq təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə qarşı etiraz etdi və göstərdi ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş, onun təqsiri məhkəmə istintaqında mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı əməlini etiraf etmişdir. Eləcə də təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, lakin xitam edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı hissədə məhkəmə düzgün nəticəyə gəlmiş, barəsində olan cəzasını yüngülləşdirən halların olmamasını, cinayətin xüsusilə təhlükəli residivini ağırlaşdıran hal olmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış qanuni, əsaslı vəədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Xəyal Mehdiyein barəsində CM-nin 234.1-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza X2 Bölməsinin 25 mart 2022-ci il tarixli 16/336 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş kütlə.» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,430 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in birinci siyahısının İ bəndinə daxildir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin ümumi təmiz çəkisi – 0,430 qram, tədqiqata cəmi sərf edildi – 0,05 qram, qalıq – 0,380 qram kimi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 ğfn 2022-ci il tarixli 600 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası məhkuma CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Kollegiya qeyd edir ki, hökm cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanıyüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və bir böyrəyinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də ədalətli həddə cəza təyin etməmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasının həddi azaldılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(062)-97/2022 saylı hökmü cəza hissəsində dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) aya endirilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar