Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-199/2023 10.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(013)-26/2020 nömrəli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin (Hakim R.Məmmədov) 01 dekabr 2020-ci il tarixli, 1(013)-26/2020 nömrəli hökmü ilə xx xxxx 1986-cı ildə Ağdam rayonu Pirzadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən onun 23 fevral 2020-ci ildən 25 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirii səkkiz) gün müddətə azadlığdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 1 dekabr 2020-ci il tarixdən hesablanması və barəsində həbs qətimkan tədbiri sçilməklə məhkəmə zalından həbsə alınması hökm edilmişdir.. Hökmə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2020-ci il tarixdə saat 17:10 radələrində ictimai yer hesab edilən Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Murad” kafe adlı ticarət (xidmət) obyektinin içərisində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və ictimai əsayişi kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, orada olan şəxslərin gözü qarşısında həmin kafedə aşbaz işələyən Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edib kafenin iş rejimini pozmaqla silah qismində istifadə etdiyi əşya, yəni üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncuya bel nahiyəsindən qəsdən vuraraq, bel nahiyəsinin kəsilmiş yarası ilə müşayət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirib silah qismində istifadə edilə bilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədov) 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş, Ağdam Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(013)-26/2020 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarının ləğv edilməsini və işin yenidən apellyasiya məhkəməsində baxılmağa təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İ.Ə.Rəcəbov (sədrlik edən və məruzəçi), Ə.Ə.Novruzov və N.R.Mövsümov) 29 oktyabr 2021-ci il tarixli, 1(102)-1395/2021 saylı qərarına əsasən kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər S.B.Hüseynov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) 17 yanvar 2022-ci il tarixli, 1(104)-103/2022 saylı qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(013)- 26/2020 saylı hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını 01 dekabr 2020-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək çəkdiyi 4 (dörd) ay 20 (iyirmi) gün hazırki qərarla təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 1 il azaldılması və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs hazırki qərar əsasında İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(104)-103/2022 saylı qərarının ləğv edilməsini və işin yenidən apellyasiya məhkəməsində baxılmağa təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ş.Y.Yusifov (sədrlik edən və məruzəçi), Ə.C.Seyidov və Ə.G.Nurməmmədov) 29 noyabr 2022-ci il tarixli, 1(102)-1488/2022 saylı qərarına əsasən kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(104)-103/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə məhkumun şəxsiyyətini xarakterizı edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olub, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını eləcə də qeyd edilən həmin müstəsna halların onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmasını və şəxsiyyətini kifayət qədər müsbət səciyyələndirməklə artıq islah olunmasını nəzərə almadan ona ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin barəsində müəyyən edilmiş yüngülləşdirən halların təyin ediləcək cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayması və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində işə baxarkən cəzanın təyinində bütün yüngülləşdirici halları, o cümlədən apellyasiya şikayətində göstərilən yüngülləşdirici halları nəzərə almış, iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Hesab edir ki, cəzanın şərti hesab edilməsi üçün CM-nin 70-ci maddəsində göstərilən əsaslar yoxdur. Dövlət ittihsmçısı çıxışında həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 01 dekabr 2020-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə qalması, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(104)- 103/2022 saylı qərarı ilə bu iş üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 17 gününü çəkməsi nəzərə alınmalı, həmin müddət hökmlə təyin edilmiş cəza müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü maddəsi tətbiq edilərək Qərarın 9.2.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılmalı və üzərində qəti olaraq 6 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün yuxarıda qeyd etdiyi qaydada dəyişdirilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərmiçdir ki, təqsirləndirilən şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin göstərilən məzmunda məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün çıxışında təklif etdiyi qaydada dəyişdirilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli, mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Onun əməli CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin olunan cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu da qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm pirinsipini ehtiva edən CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakteri və ya məqsəd daşıya bilməz. Cəzanın məqsədlərindən bəhs edən CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinaytin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar hesab etmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını isə müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, yəni 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təyin edilmiş cəzanın növü və həddi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Bununla belə məhkəmə kollegiyası işin hallarından çıxış edərək hesab edir ki, hazırkı halda məhkumun ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah oluna bilməsinin mümkünlüyü müzakirə edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi cinayət qanunu cəzanın şərti hesab edilməsini məhkumun cəza çəkmədən islah olunmasının mümkün olması ilə şərtləndirmişdir. Eyni zamanda CM-nin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə zamanı həm də cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə almalıdır. CMnin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanununvericliyinə görə cəza o halda ədalətli sayıla bilər ki, o, cəzanın məqsədlərinə cavab versin. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun sadalanan normalarının və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin əlaqəli təhlilinə görə cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa və bunları cəzadan yaxa qurtarmaq məqsədi ilə deyil, səmimi niyyətlə edirsə, habelə zərərçəkmiş şəxslə barışaraq ictimaiyyət tərəfindən müsbət qarşılanan davranış nümayiş etdirirsə, bu halda şəxsin artıq islah olunmağa başlanmasından söhbət gedə bilər. Bu da öz növbəsində cəzanın məqsədlərindən bəhs edən CM-nin 41.2-ci maddəsində göstərilən nəticələrin əldə olunmasına yönəlmiş addım kimi qiymətləndirilə və şəxsin barəsində cəzanın şərti tətbiq edilməsinə əsas sayıla bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra səmimi peşmançılıq hissi keçirmişdir. Bu daha çox onunla sübut olunur ki, o, hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmış, ibtidai araşdırma, eləcə də məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi ifadələr vermişdir. Zərəçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayətinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin ictimaiyyət arasında müsbət xasiyyətləndirilir. Bundan başqa, o, “Epileposiya, nevrozabənzər əlamətlərlə” diaqnozu ilə xəstədir. Məhkəmə kollegiyası eyni zamanda belə bir hala da diqqət yetirməyi vacib hesab edir ki, hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(104)-103/2022 saylı qərarı ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildikdən və qərar icraya yönəldildikdən sonra Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 17 (on yeddi) gününü çəkmiş, 23 fevral 2020-ci ildən 25 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə olduğu 4(dörd) ay 20(iyirmi) ğün və azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 1(bir) il 17 (on yeddi) gün nəzərə alınmaqla onun faktiki olaraq 1 (bir) il 29 (iyirmi doqquz) gün müddətində çəkilməmiş cəzası qalmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət hadisəsindən uzun müddət keçməsi, göstərilən müddət ərzində Təqsirləndirilən şəxs hər hansı bir qanuna zidd əməl törətməməsi, apellyasiya icraatı zamanı sərgilədiyi müsbət davranışı ilə əməlindən səmimi peşman olmasının təsdiq olunması onun şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasına və artıq islah yolunda olmasına dəlalət edir və məhkəmə kollegiyasında onun cəza çəkmədən islah oluna bilməsi inamını yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həm nəzərə alınmış, həm də nəzərə alınmamış halların məcmusu, həmçinin cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti ilə bağlı olan, xüsusən də şəxsiyyətinin ictimai təhlekəliliyinin əhəmiyyətli dərəcədə azalmasını təsdiq edən, o cümlədən cəzanı yüngülləşdirən hallar, eləcə də cəzanı ağırlaşdıran halların olmaması onun barəsində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiqinə əsas verir. Məhz yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən ona təyin olunmuş cəzanı real olaraq çəkmədən də islah oluna bilməsini mümkün sayır. Dövlət ittihsmçısının Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş cəzasından 01 dekabr 2020-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə qaldığı, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(104)- 103/2022 saylı qərarı ilə bu iş üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 il 17 gün müddətin çıxılması və Təqsirləndirilən şəxs barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü maddəsini tətbiq etməklə Qərarın 9.2.3-cü maddəsinə əsasən üzərində qalan azadlıqdan məhrumetmə cəzasının müddətinin 6 ay azaldılması təklifinə gəldikdə məhkəmə kollegiyası geyd edir ki, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın şərti tətbiq edilməsi məqsədə uyğun sayıldığından bu halda ona münasibətdə qeyd edilən Qərarın müddəalarının tətbiq edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 1(013)-26/2020 nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli 10 aprel 2023cü il tarixdən hesab edilməli, sınaq müddəti ərzində onun üzərinə müəyyən vəzifələr qoyulmalı, Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 397, 398, 399, 407, 408 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(013)-26/2020 nömrəli hökmü dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və başqa yerə getməmək, ictimai qaydaya əməl etmək, ictimai-təhlükəli əməllər törətməkdən çəkinmək, ictimai-faydalı əməklə məşğul olmaq vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(104)-156/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-199/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-199/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver