Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-200/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(076)- 199/2021 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(076)-199/2021 nömrəli hökmü ilə (sədrlik edən Taleh Musayev) xx xxxx 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, İsrafilbəyov küçəsi ev 64-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 27 gün hissəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə, CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 3 (üç) il 6 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzasına çəkilməmiş qalan 4 (dörd) ay 27 (iyirmi yeddi) günü qismən birləşdirməklə, ona qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 22 mart 2021-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub təkrarən özgənin əmlakını gizli talayıb oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 08 aprel 2020-ci il tarixdə saat gecə 01 radələrində Şəmkir şəhəri “Xəqani” parkında yerləşən X4 icarəyə götürərək işlətdiyi oyun klubuna pəncərəni sındıraraq qanunsuz daxil olmaqla klubdan 450 manat dəyərində 1 ədəd “TCL” markalı televizoru, 500 manat dəyərində 1 ədəd “Playstation 4” markalı oyun konsulunu və hər birinin qiyməti 40 manat olan 80 manat dəyərində 2 ədəd “Playstation 4” markalı oyun konsulunun pultunu, cəmi 1.030 (bir min otuz) manat məbləgində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Şəmkir rayonu, Abbaslı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 21 mart 2021-ci il tarixdə saat 17 radələrində Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə ərazi inzibati dairəsi üzrə nümayəndəliyinin binasının ikinci mərtəbəsinin pəncərəsini qırmaqla qanunsuz daxil olaraq nümayəndəliyin müavini Zərərçəkmiş şəxs məxsus bir ədəd 160 manat dəyərində Lenova markalı g560 model, İntel celeron 2 GB xüsusiyyətli notebooku gizli olaraq talayıb oğurlamışdır. Bundan əlavə o, 2021-ci ilin mart ayının ortalarında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən parkın ərazisindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan tiryək taparaq qanunsuz əldə edib, üzərində daşımaqla qəsəbə ərazisində kirayədə qaldığı evin zirzəmisində özünə məxsus paltarların içərisində saxlamış, 22 mart 2021-ci il tarixdə oğurluq etməkdə şübhəli olduğundan Şəmkir Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq Şəmkir rayonu, Çinarlı qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirilərkən, evin zirzəmisində özünə məxsus paltarların içərisində saxladığı şəxsi istehlak miqdarından artıq, Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixatrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 46,607 qram tiryək aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti işinə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, lakin hökmün məhkum Təqsirləndirilən şəxs2 aid hissəsindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Buna görə də, hazırki mərhələdə məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını məhkum Təqsirləndirilən şəxs1 aid hissədə yoxlamışdır. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmlə razı deyildir. Özünü Şəmkir rayonu, Çinarlı qəsəbəsi icra nümayəndəliyinin binasından edilmiş oğurluq əməlində təqsirli bilir. Lakin digər oğurluq hadisəsi və narkotik vasitə ilə bağlılığı yoxdur. Şəhid ailəsidir, ona köməklik edilməsini və bu ədalətsizliyin aradan qaldırılmasını xahiş edir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(104)-63/2022 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «13» oktyabr 2021-ci il tarixli, 1(076)-199/2021 nömrəli hökmünün məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 08 aprel 2020-ci il tarixdə saat gecə 01 radələrində Şəmkir şəhəri “Xəqani” parkında yerləşən X4 icarəyə götürərək işlətdiyi oyun klubuna pəncərəni sındıraraq qanunsuz daxil olmaqla klubdan 450 manat dəyərində 1 ədəd “TCL” markalı televizoru, 500 manat dəyərində 1 ədəd “Playstation 4” markalı oyun konsulunu və hər birinin qiyməti 40 manat olan 80 manat dəyərində 2 ədəd “Playstation 4” markalı oyun konsulunun pultunu, cəmi 1.030 (bir min otuz) manat məbləgində əmlakını gizli olaraq talayıb oğurlamasına dair hissə təqsirliliyi sübuta yetirilmədiyi üçün (CPM-in 42.1.4-cü maddəsi) xaric edilməsi, məhkum Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən ona Şəmkir Rayon Məhkəməsinin «13» oktyabr 2021-ci il tarixli, 1(076)-199/2021 nömrəli hökmü ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 27 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərar üzrə təyin edilmiş 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində amnistiya tətbiq edilərək cəzası 6 (altı) ay azaldılmış və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissədə apellyasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(102)-1491/2022 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsində iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi icra nümayəndəliyinin binasından oğurluq etmiş və buna görə əməlindən peşmandır. Digər cinayətlərdən xəbəri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və əməlinə düzgün qiymət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Qeyd etdi ki, əməlin hüquqi tövsifi, həmçinin təyin edilmiş cəza dəyişdirilməməlidir. Məhkumun əməlləri ona istinad edilmiş maddələrin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür. Birinci instansiya məhkəməsi cəza təyin edərkən də məhkumun şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid X7 ifadəsində bildirdi ki, Gəncə şəhərində Univermağın yaxınlığında ara yolda olan elektrik malları dükanını işlədir. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində Rövşən dükana gələrək işlənmiş televizor və oyun aparatı alıb-almadığını soruşmuşdur. Həmin vaxt o, əşyaların kimə məxsus olduğunu soruşduqda, Rövşən ona özünə yeni televizor almaq istədiyini, ona görə də köhnəsini satmaq istədiyini bildirmişdir. O, televizora baxaraq bir qiymət deyə biləcəyini demişdir. Bir qədər sonra isə Rövşən xatırlamadığı taksi ilə bir ədəd böyük ölçülü televizor və bir ədəd oyun aparatı gətirmiş və hansı qiymətə ala biləcəyini soruşmuşdur. O, televizoru 200 manata, oyun aparatını isə 100 manata ala biləcəyini demişdir. Eyni zamanda Rövşəndən şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Rövşən onunla razılaşaraq şəxsiyyət vəsiqəsini ona vermişdir. O, həmin şəxsə məxsus vəsiqənin surətini çıxardaraq altından əşyaların özünə məxsus olması barədə yazdırmış və daha sonra isə 300 manatı həmin şəxsə vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən məlum olduğu kimi məhkum apellyasiya şikayətində əməlin tövsifini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətməsi onun ibtidai istintaq zamanı özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirilir. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsif edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 22 mart 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış keçirilməsi haqqında 08 aprel 2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, “Xəqani” parkında yerləşən X6 məxsus oyun klubuna baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış keçirilməsi haqqında 21 mart 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyin inzibati binasına baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 may 2021-ci il tarixli 9/1167 nömrəli rəyindən görünür ki, bir ədəd “TCL” markalı 143 dioqanallı televizor 450 manat, bir ədəd “Sony Playstation 4” markalı oyun konsulu 500 manat və bir ədəd “Sony Playstation 4” markalı oyun konsulunun pultu 40 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyun 2021-ci il tarixli 9/2451 nömrəli rəyindən görünür ki, bir ədəd Lenova markalı, g560 model, İntel celeron 2 GB xüsusiyyətli, işlək vəziyyətdə olan notebookun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 23 mart 2021-ci il tarixli 16/275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 kirayədə qaldığı evin zirzəmisindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə...” sözləri və imzalar olan qəhvəyi rəngli kağız paketdəki bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində təmiz çəkisi 46.607 qram maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan tiryəkdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2021-ci il tarixli, 283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri əsasında təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən oğurluğun Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edildikdən sonra (Şəmkir Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi V.Qarayevin 25 mart 2021- ci il tarxli məktubu) iş üzrə aparılmış ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində müdafiəçisi iştirakı ilə dəfələrlə dindirilərkən Təqsirləndirilən şəxs1 08 aprel 2020-ci il tarixdə saat gecə 01 radələrində Şəmkir şəhəri “Xəqani” parkında yerləşən oyun klubuna girməklə oradan bir ədəd televizoru, bir ədəd oyun aparatını və iki ədəd pultları oğurlamasını etiraf etmiş və bu cinayətin halları barədə ona həmin oğurluğu törətdiyinə görə elan olunmuş ittihama uyğun olan ifadələr vermişdir. Eyni zamanda o, göstərmişdir ki, oğurluq törətdikdən sonra o, əldə etdiyi əşyaları satmaq məqsədilə Bakı-Qazax yoluna çıxaraq tanımadığı avtomaşınla Gəncə şəhərinə getmiş, bundan əvvəl isə oğurladığı oyun konsulunun pultlarını lazımsız hesab edərək tullamış, qalan əşyaları isə - televizoru və oyun aparatını 09 aprel 2020-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən univermağın yaxınlığındakı ara yolda fəaliyyət göstərən elektrik malları mağazasında həmin mağazanı işlədən tanımadığı şəxsə gətirdiyi əşyaları özünə məxsus əmlak kimi təqdim edərək cəmisi 300 manata satmış və bu zaman hətta satıcının tələbi ilə ona bir qəbz də yazıb vermişdir. Həmin qəbzdə o, qeyd etmişdir ki, televizor və oyun aparatı ona məxsusdur. Bu haqda Təqsirləndirilən şəxs1 ifadə verdikdən sonra onun həmin ifadələri müvafiq protokol tərtib edilməklə, yenə də müdafiəçisinin iştirakı ilə 29 may 2021-ci il tarixdə yerində yoxlanılmış və bu istintaq hərəkətinin aparılması zamanı o, oğurladığı əşyaları satdığı mağazanı əyani olaraq göstərmiş və onun ifadələrinə əsasən mağazanın satıcısı, yəni oğurlanmış televizoru və oyun konsulunu alan şəxs Xəyal Səmədov müəyyən edilərək dindirilmişdir. Buna qədər ibtidai araşdırma orqanında Xəyal Səmədov və onun işlədiyi mağaza barəsində hər hansı məlumatın olması cinayət işinin materialları ilə müəyyən edilmir. Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin surəti, televizorun və oyun aparatının ona məxsus olması barədə sonuncunun yazdığı qeyd əks etdirilmiş vərəq Xəyal Səmədov tərəfindən müstəntiqə təqdim olunmuş və həmin sənəd 30 may 2021-ci il tarixli protokolla ondan götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Göstərilən sənəddən görünür ki, A4 formatlı ağ vərəqin üzərində Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurəti və “bir ədət tilivizor və bir ədət-oyun aparatı özümə məxsusdur. İmza: Nağıyev, 0.9.aprel 2020” əllə yazılararq həkk edilmiş qeydlər var. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyasında təkrarən dindirilmiş şahid X.Səmədov bir ədəd televizor və bir ədəd oyun aparatının məhz Təqsirləndirilən şəxs1 tərəfindən satıldığını təsdiq etmişdir. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq Təqsirləndirilən şəxs1 əməlini CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs1 təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və məhkuma təyin edilmiş cəzanın azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(076)- 199/2021 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-200/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-200/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver