Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-202/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X17 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 Tanırverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «06» oktyabr 2022-ci il tarixli, 1(062)-38/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) «06» oktyabr 2022-ci il tarixli, 1(062)-38/2022 nömrəli hökmü ilə xx xxxx 1975-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ev 81-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəllinin həbsə alındığı vaxtdan, yəni 13 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 02 fevral 2021-ci il tarixdə saat 17-18 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs4, onun övladı X9 xəstəliyə görə pensiya təyin etdirəcəyi adı ilə yalan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs4 arvadı X10 yanında əlbəəl olmaqla birdəfəyə 1500 (min beş yüz) manat məbləğində nağd pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 10 mart 2021-ci il tarixdə saat 12-13 radələrində ünvan 2 ünvanında yerləşən ünvan 3 sakini Zərərçəkmiş şəxs6, onun evinə işıq çəkdirmək adı ilə yalan vəd verərək aldadıb, 2850 (iki min səkkiz yüz əlli manat) məbləğində nağd pulunu əlbəəl olmaqla birdəfəyə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 2850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2021-ci ilin mart ayı ərzində Bakı şəhər inzibati ərazisinin müxtəlif yerlərində Bakı şəhər sakini Zərərçəkmiş şəxs7, onun övladı Eltun Əsədova əlillik dərəcəsi verdirəcəyi və əlilliyə görə pensiya təyin etdirəcəyi adı ilə yalan vəd verərək aldadıb, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2500 manat və 2100 manat məbləğlərində olmaqla iki dəfəyə, yəni hissə-hissə ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində nağd pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 4600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2021-ci ilin mart ayının sonlarında, Tovuz rayon Əyyublu kənd sakini Zərərçəkmiş şəxs8 yaşadığı evdə, sonuncunun pensiyasını pərpa etdirəcəyi adı ilə yalan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs8 bacısı Zərərçəkmiş şəxs5 yanında Zərərçəkmiş şəxs8 vahid niyyətlə əhatə olunan qəsdlə, 1700 manat və 100 manat məbləğlərində olmaqla iki dəfəyə, yəni hissə-hissə ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində nağd pulu əlbəəl alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 07 aprel 2021-ci il tarixdə saat 12 radələrində Tovuz rayonu Abulbəyli kənd sakini Zərərçəkmiş şəxs1, xəstəliyə görə ona təyin olunmuş pensiyasını ömürlük (müddətsiz) etdirəcəyi adı ilə aldadıb, ondan birdəfəyə olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində nağd pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 19 aprel 2021-ci il tarixdə saat 20-21 radələrində Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs5 yaşadığı evdə, onun pensiyasını bərpa etdirəcəyi adı ilə yalan vəd verərək aldadıb, sonuncunun bacısı Zərərçəkmiş şəxs8 yanında Zərərçəkmiş şəxs5 birdəfəyə və əlbəəl olmaqla 2000 (iki min) manat məbləğində nağd pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə 2021-ci ilin fevral-may ayları ərzində Tovuz rayonu Abulbəyli kənd sakini Zərərçəkmiş şəxs9, həmin kəndin ərazisindəki torpaq sahəsini onun adına rəsmiləşdirəcəyi, yəni Zərərçəkmiş şəxs9 xeyrinə məhkəmə qərarı çıxartdıraraq qeyd olunan torpaq sahəsini sonuncunun mülkiyyətinə verdirəcəyi adı ilə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ümumilikdə 1000 (min manat) məbləğində nağd pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 1000 (min manat) məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2021-ci ilin aprel-may ayları ərzində Tovuz rayonu inzibati ərazisinin müxtəlif yerlərində, Tovuz rayonu Abulbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ona pensiya təyin etdirəcəyi, qaynata yurdundan ona pay verdirəcəyi, sonuncunun qızı Gülşən Hüseynavanın boşanma işini və qızıllarının ərindən alınıb qaytarılması işlərini həll edəcəyi adı ilə yalan vəd verərək aldadıb Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə, iki dəfəyə olmaqla hissə-hissə ümumilikdə 5000 (beş min) manat məbləğində nağd pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, 2021-ci ilin may ayının sonları və ya iyun ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan X1 onun mərhum övladı ilə keçmiş gəlininin Mingəçevir Şəhər Məhkəməsində olan məhkəmə mübahisəsini onun xeyrinə həll edəcəyi adı ilə yalan vəd verərək aldadıb, ilk dəfə Yevlax rayonunun «Stansiya Mingəçevir» deyə adlandırılan ərazisində 500 manat məbləğində nağd pul, ikinci dəfə isə X2 Mehdiyevadan Bakı şəhəri ərazisində eyni iş üçün 200 manat məbləğində nağd pul alıb, Gülnar Mehdiyevadan iki dəfəyə, yəni hissə-hissə olmaqla ümumilikdə 700 (yeddi yüz) manat məbləğində nağd pul alıb ələ keçirərək, zərərçəkmiş şəxs Günarə Mehdiyevaya 700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə 2021-ci ilin aprel-iyun ayları ərzində Tovuz rayonг Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs11 sonuncunun oğlu Ceyhun Əhmədova xəstəliyə görə təyin edilmiş pensiyanın kəsilməyəcəyini və həmin pensiyanın ömürlük təyin etdiriləcəyi adı ilə aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə, 1400 manat və 500 manat məbləğlərində olmaqla iki dəfəyə, yəni hissə-hissə ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs11 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Bakı şəhər inzibati ərazisinin müxtəlif yerlərində Bakı şəhər sakini Zərərçəkmiş şəxs13 Tanırverdi oğlunu, onun övladı Nicat Bayramova əlillik dərəcəsi verdirəcəyi və əlilliyə görə pensiya təyin etdirəcəyi adı ilə yalan vəd verərək aldadıb, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2300 manat və 2000 manat məbləğlərində olmaqla iki dəfəyə, yəni hissə-hissə ümumilikdə 4300 (dörd min üç yüz) manat məbləğində nağd pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs13 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə 30 iyun 2021-ci il tarixdə Tovuz şəhəri A.Qasımov küçəsində, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3, sonuncuya xəstəliyə görə təyin edilmiş pensiyasını ömürlük (müddətsiz) etdirəcəyi adı ilə aldadıb əlbəəl olmaqla bir dəfəyə ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs12, onun ikinci arvadı X8 Apellyasiya Məhkəməsində olan məhkəmə mübahisəsini onların xeyrinə həll edəcəyi adı ilə yalan vəd verərək aldadıb, ondan vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə, yəni xx.xx.2021-ci il tarixdə saat 13-14 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Ramada Plaza” adlı hotelin qarşısında əlbəəl 200 manat məbləğində nağd pul, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri Nizami küçəsində yerləşən "xxxx" ASC-nin Gəncə filialının qarşısında əlbəəl 400 manat pul alıb, 23 iyul 2021-ci il tarixdə saat 20:05-də isə qeyri-rəsmi ər-arvad münasibətində olduğu X7 adına olan “Kapital Bank”a məxsus **********913821 nömrəli bankomat kartının hesabına 250 manat, xx.xx.2021-ci il tarixdə saat 14:48-də yenə də həmin kartın hesabına 151 manat məbləğində pul köçürtdürüb, sonra həmin pulu nağdlaşdırmaqla ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 1001 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən Qovlar şəhər parkının yaxınlığında ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs14 oğlunu, sonuncuya sosial müavinət təyin etdirəcəyi adı ilə aldadıb əlbəəl olmaqla bir dəfəyə 550 (beş yüz əlli) manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər sakini X4 məhkəmədə iştirakı vacib olsa da o, məhkəməyə gəllməmiş, ifadə verməkdən imtina etmiş, lakin qeyri qanuni iddiası təmin olunmuş və zərərçəkmiş kimi tanınmışdır. Əlavə olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs2 ona tapdığı müştərilərdən faiz almağından əlavə ona 5000 manat verdiyini bildirmişdir. Həmin məbləği məhkəmə onun üzərində saxlamış, lakin Salehənin qızı Gülşəni məhkəmə iclasında dəvət etməmişdir. Həmçinin Salehənin dayısı şahid qismində dindirilməlidir. Qeyd etdiklərini nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Gülnarə Mehdiyevaya qarşı heç bir dələduzluq etməmişdir. Digər zərərçəkmiş şəxslərə qarşı dələduzluq etdiyini etiraf edir və onlardan bağışlanmasını xahiş edir. Özünü təqsirli bilmədiyi iki epizodla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs2 qızının məhkəmədə boşanma işi olmuş, həmçinin pensiya işi ilə bağlı aralarında danışıq olmuş və həmin işlərə köməklik göstərmiş, lakin Zərərçəkmiş şəxs2 5000 manat almamışdır. Odur ki, şikayətin təmin edilməsini və vəziyyətinin yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkumun vəziyyətinin yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər hər biri ayrıayrılıqda apellyasiya şikayətinə qarşı etiraz etdilər, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun onlara heç bir ödəniş etmədiyini, vurulmuş zərəri ödəmədiyini bildirdilər, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya şikayətində Zərərçəkmiş şəxs2 və Gülnarə Mehdiyevaya qarşı heç bir dələduzluq etmədiyini bildirmişdir. Məhkumun qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları habelə sair iş materialları ilə tamamilə təkzib edilir. Belə ki, cinayət işinin materiallarından, eləcə də mübahisələndirilən hökmdə əks olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən həmçinin iş materiallarında olan digər sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və Gülnarə Mehdiyevaya qarşı dələduzluq cinayətləri törədilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayəti ilə əlaqədar, zərərçəkmiş şəxsin özü ilə yanaşı şahid X12 da ifadəsi alınmış və o, ifadəsində ayrı-ayrı vaxtlarda özü və digər taksi sürücülərinin Təqsirləndirilən şəxs göstərişi ilə Zərərçəkmiş şəxs2 məbləğini dəqiq bilmədikləri miqdarda pul vəsaitini alaraq Təqsirləndirilən şəxs verdiklərini, bir sıra hallarda kart hesabına göndərdiklərini göstərmişdir. X6rşı törədilmiş dələduzluq cinayəti ilə əlaqədar qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs Gülnarə Mehdiyeva ilə yanaşı şahid Məhərrəm Qaybalıyev dindirilmiş, Gülnarə Mehdiyevanın ifadəsində göstərdiyi xüsusatlar Məhərrəm Qaybalıyevin ifadəsində göstərdiyi xüsusatlarla bir daha təsdiq edilmişdir. Belə ki, Məhərrəm Qaybalıyev ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının ortalarına yaxın bir tarixdə zəng edib Mingəçevir şəhərinə getməli olduqlarını ona bildirmiş, Təqsirləndirilən şəxsla birlikdə təxminən 2021-ci ilin iyun ayının ortalarına yaxın bir tarixdə Mingəçevir şəhərinə doğru yola düşmüşdür. Onlar təxminən saat 16 radələrində Yevlax şəhərinə çatmışlar, Bakı-Qazax avtomagistralında, yəni Yevlax rayonu ərazisində Stansiya Mingəçevir deyilən yerdə onun avtomobilinə Əlinin dəvəti ilə oraya gəlmiş, ikisi qadın biri kişi olmaqla üç nəfər şəxs əyləşmişdir. Həmin şəxslərin söhbətlərindən ona məlum olmuşdur ki, Gülnarə adlı Mingəçevir şəhər sakini olan bir qadının vəfat etmiş oğlu ilə keçmiş gəlini arasında əmlakla bağlı məhkəmədə işə baxılmaqdadır. Söhbət zamanı ona məlum olmuşdur ki, onun avtomobilindəki şəxslərdən biri Gülnarə adlı qadının qızı, digəri isə Gülnarənin əridir. Həmin şəxslər Təqsirləndirilən şəxsla məhz həmin məhkəmə mübahisəsinin öz xeyirlərinə həll edilməsi məqsədilə görüşüblər. Аdı sonradan ona məlum olan Gülnarə Mehdiyeva elə onun avtomobilində öz ərinin, onun və qızının yanında Təqsirləndirilən şəxs dəqiq məbləğini görmədiyi müəyyən məbləğdə pul vermişdir ki, Təqsirləndirilən şəxs Gülnarənin mərhum oğlu ilə gəlinləri arasındakı əmlak mübahisəsini sonuncunun xeyrinə həll etsin. Təqsirləndirilən şəxs isə həmin şəxslərə bu barədə köməklik edəcəyini vəd etmiş, pulu götürmüş və onlar Tovuz rayonuna qayıtmışlar. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, dələduzluq cinayətinin sübuta yetirilməsində şahid ifadələrinin xüsusi rolu vardır. Belə ki, zərərçəkmiş və təqsirləndirilən şəxs bir-birinə zidd ifadələr verdiyi halda və şübhələr yarandıqda, həmin şübhələri yalnız şahidlərin ifadələri ilə aradan qaldırmaq olur. Hazırki işin halları baxımından kollegiya qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaqda və birinci instansiya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, müdafiə tərəfinin dəlillərinə obyektiv hüquqi qiymət verilmiş və Təqsirləndirilən şəxs qeyd olunan şəxslərə qarşı dələduzluq cinayəti törətməsi nəticəsinə gəlinmişdir. Apellyasiya instansiya məhkəməsi də, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri əsasında Təqsirləndirilən şəxs həmin cinayətləri həqiqətən törətdiyi nəticəsinə gəlir. Belə ki, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri arasında yaranmış ziddiyyətlər şahid ifadələri ilə aradan qaldırılmış və zərərçəkmiş şəxslərin ifadələrinin işin digər halları ilə eynilik təşkil etməsi və mötəbər sübutlarla təsdiq edilməsi qənaətinə gəlinmişdir. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə haqlı olaraq Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittihamla razılaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Daha sonra, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, əməlində cəzasını yüngülləşdirən (əməlindən peşman olması, himayəsində təqaüdçü anasının olması, cəmiyyətdə müsbət xarakterizə olunması) halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq barəsində olan yüngülləşdirici halları kifayət qədər araşdırmış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi, barəsində cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası işin bu halını xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs 14 epizod üzrə dələduzluq cinayəti törətmiş və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməmiş, cinayətin zərərli nəticələrini aradan qaldırmamışdır. İşin bu halı məhkumun hələ də islah yolunda olmamasını göstərir. Bundan başqa iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs israrla şikayətçidirlər və ona təyin edilmiş cəzanı çəkməsini istəyirlər. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, barəsində cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «06» oktyabr 2022-ci il tarixli, 1(062)-38/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkumun apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «06» oktyabr 2022ci il tarixli, 1(062)-38/2022 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-202/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-202/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver