Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-210/2023 12.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş şəxsin hüquqi varisi X1, onun nümayəndəsi (vəkil) X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 1(100)-227/2020 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi F.A.Tağıyeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli 1(100)-227/2020 saylı hökmü ilə (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və X.H.Səmədov) xx xxxxxxxx 1971-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, habelə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 aprel 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşadığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X8 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə Calal Tağıyevi arvadı X1 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla Calal Tağıyevin həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən Calal Tağıyevi bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Calal Tağıyevi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 qeyd olunan hərəkəti ilə CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. APELLYASİYA TƏLƏBLƏRİNİN ƏSASLANDİRİLMASİ: Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayətləri vermişlər, hüquqi varis təqsirkara 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddianın təmin edilməsini, müdafiəçi isə təqsirləndirilən şəxsin əməlinin CM-nin 131.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hökm qanunsuz və əsasszıdır. Belə ki, işin hallarına diqqət yetirdikdə görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, şəxsi qanunsuz olaraq qəsdən adam öldürmə cinayətində təqsirli bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində qeyd etmişdir ki, Calal onun yaxınlaşdığını görüb, “ay bala nə olub” deyənə kimi Oqtay əlindəki bıçaqla onun sol yan tərəfindən bir dəfə vurmuşdur. Oqtay ərini vurduqdan sonra Elşadla Bəhruz arxadan onu tutub yenidən vurmağa imkan verməmişlər. Əri bıçaqlandığı üçün özünü itirmiş, Calalı vurdu deyəndən sonra Seymur da həyətdən çıxmışdır. O, ərinin yarasından qan axdığını görüb həmin vaxt həyətdə olan nəvəsinə qışqırıb əski gətirməsini istəmişdir. Seymur, Elşad və Bəhruz bir yerdə Oqtayı tutub ağzı üstə yerə yıxaraq əlindəki bıçağı almaq istəyəndə Oqtay bıçağı yerə sancmış, ancaq əlini bıçağın sapından çəkməmişdir. Ona görə də Bəhruz təpiklə onun əlindən vurub bıçağı yerdən çıxararaq həyətə atmışdır. O, ərini xəstəxanaya apardığı üçün bıçağın kimin götürdüyünü görməmişdir. Zərərçəkmiş şəxsin oğlunun ifadəsində göstərilmişdir ki, təxminən bir dəqiqə keçmişdir ki, anasının qışqırıq səsini eşitmiş, darvazanın yan tərəfində olan dəmir tordan baxanda görümüşdür ki, Elşad arxası üstə yıxılı vəziyyətdədir və Oqtayın da əlində bıçaq var. Ona görə də darvazanı açaraq küçəyə çıxmış, həmin vaxt Oqtay onun üzərinə gələndə, əvvəlcə Elşad Oqtayı arxadan qucaqlamış, o da qarşı tərəfdən Oqtaya yaxınlaşıb Eldaşa kömək edərək Oqtayı yerə yıxmışdır ki, bıçağı Oqtayın əlindən alsınlar. Həmin vaxt Bəhruz da onlara yaxınlaşmış və birlikdə Oqtayın əlindən bıçağı almışlar. Onlar bıçağı Oqtayın əlindən almaq istəyəndə Oqtay bıçağı yerə batırmışdır. Bundan sonra Bəhruz bıçağı Oqtayın əlindən alıb hadisə yerində kiməsə vermişdir. İfadələrə diqqət yetirildikdə onlar arasında olan zidsdiyyət aydın görünür. Belə ki, Seymur ifadəsində çölə çıxanda Elşadın arxası üstə yerdə yıxılı vəziyyətdə olduğunu və təqsirləndirilən şəxsin əlində bıçaq olduğunu və onun üzərinə gələn zaman Elşadın Oqtayı arxadan qucaqladığını, o da qarşı tərəfdən Oqtaya yaxınlaşıb onu yerə yıxdıqlarını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Bəhruz ifadəsində göstərmişdir ki, həmin vaxt Oqtay bıçağı sağa-sola istiqamətləndirəndə əvvəlcə Calal arxaya çəkilmiş, bu zaman Calalın arvadı Fatmasə qışqıraraq kişini vurdu, kişini öldürdü deyərək nalə çəkmiş, həmin vaxt Elşad istəmişdir ki, Oqtaya yaxınlaşıb bıçağı onun əlindən alsın, lakin Oqtay yenə də bıçağı sağa-sola istiqamətləndirdiyi üçün Elşad arxa-arxaya getmiş, sonradan arxası üstə yerə yıxılmışdır. Bu zaman darvazaya tərəf gələndə o, darvazadan aralanmış, Calalın yanına yaxınlaşmışdır. Elə bu an Seymur darvazadan küçəyə çıxmışdır. Oqtay Seymuru görən kimi ona tərəf yaxınlaşanda Elşad Oqtayı arxadan tutmuş, qolunu buraraq Oqtayı üzü üstə yerı yıxmışdır. Bundan sonra o, Seymurla birlikdə Oqtayı yerdə saxlamışlar. O zorla bıçağı Oqtayın əlindən almış, evin həyətinə atmışdır. Bu ifadən də göründüyü kimi təqsirləndirilən şəxs bıçağı sağa-sola, yəni qarşısından çəkilmək üçün yellədən zaman bıçağın zərərçəkmiş şəxsə dəydiyini qeyd etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsə heç kimin mane olmadığını, Elşadın artıq yıxıldığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı deyil, darvazaya doğru getdiyini, Seymura tərəf getdiyini bildirmişdir. Bu ifadədən göründüyü kimi təqsirləndirilən şəxsə heç kim maneə olmamış və zərərçəkmiş şəxsə yaxınlaşmışdır. Elşad isə ifadəsində qeyd etmişdir ki, o Oqtayı sakitləşdimək üçün “Oqtay ayıbdı, yaraşmır, bıçağı qoy kənara, görək nə olub, niyə belə edirsən?” demişdir. Bu zaman Oqtay əlində olan bıçağı sağa-sola istiqamətləndirərkən bıçaq onun əynində olan boz rəngli gödəkcəsinin sağ qarşı tərəfini kəsmişdir. Oqtayın onları öldürməkdə qətiyyətli olduğunu görüb geri addım atmışdır ki, özünü qorusun, həmin vaxt ayağı nəyəsə ilişmiş və arxası üstə yerə yıxılmışdır. O yerə yıxılanda Calal yerində dayanıqlı vəziyyətdə Oqtaya “ay bala sakitləş görək nə olub?” demiş, həmin vaxt Calalin bir əli cibində olmuşdur. Calal bu sözləri deyən kimi Oqtay Calal yaxınlaşmış, bıçaqla Calalın qarın nahiyəsinə bir dəfə vurmuşdur. O və Calalın ailə üzvləri Calalın bıçaqlandığını görüb, Oqtaya yaxınlaşmış, əvvəlcə o və Bəhruz Oqtaya yaxınlaşmış, onu yerə yıxaraq bıçağı əlindən almağa çalışmışlar. Onlar Oqtayı yerə yıxdıqdan sonra Seymur da onlara yaxınlaşmış, Bəhruz bıçağı Oqtayın əlindən almış və kənara atmışdır. Qeyd edilən ifadələrə diqqət yetirildikdə onların arasında ziddiyyətlərin olduğu aydın şəkildə görünür. Eyni zaman da həmin ifadələrdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə növbəti zərbə vurması ilə bağlı fikirlər tapmaq mümkün deyil. Belə olan halda təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan halın nədən ibarət olması ilə bağlı ittiham tərəfinin mövqeyi əsaslı sayıla bilməz. Təqsirləndirilən şəxsin ifadəsinə isə diqqət yetirildikdə isə görünür ki, zərərçəkmiş şəxsi qəsdən vurmadığını bildimişdir. Ora gedən zaman Elşadın onu arxadan çəkməsi və ya zərərçəkmiş şəxsin onu qucaqlaması səbəbindən yerə yıxılmış, bıçaq həmin vaxt zərərçəkmiş şəxsin qarnına batmışdır. Məhkəmə istintaq zamanı müdafiə tərəfi Bəhruza verdiyi suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan məsafə bir qol açıqlığı məsafəsində olmuşdur. İşdə olan trasiloji ekspertizanın rəyindən isə görünür ki, təqsirləndirilən şəxsin paltarları üzərində zərərçəkmiş şəxsin paltarlarına məxsus lif hissəcikləri mövcuddur. Bu hal onu təsdiq edir ki, hadisə məhz təqsirləndirilən şəxsin dediyi şəraitdə baş vermişdir. Lakin birinci instansiya məhkəməsim yuxarıda göstərilən xüsusatları nəzərə almadan şəxsin əməlini əsassız olaraq qəsdən adam öldürməyə cəhdə tövsif etmişdir. Ona görə də hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Zərərçəkmişin hüquqi varisi isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməyərək təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Belə ki, X14 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, bundan başqa işdə şahid qismində dindirilmiş Şahid4 da öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra da vurduğu zərəri ödəməkdən boyun qaçırmış, hətta qohumları el adətinə görə mərhumun yas mərasimlərinə gəlməmişdir. İşin faktiki halları ilə ona zərərçəkmiş şəxsin ölmü nəticəsində maddi və mənəvi ziyan dəyməsi sübut olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində yüngülləşdirici halların olmasını qeyd etsə də əslində onun əməllərində olan ağırlaşdırıcı halları nəzərə almamışdır. Hadisə zamanı zərərçəkmiş şəxsin həyatını qəsdən təhlükədə qoymaqla əməlində daha ağır cinayətin tərkibinin olduğunu, onun törətdiyi cinayətin ağır nəticələrə səbəb olmasını, dəymiş zərərin ödəməkdən yayınmasını, özünü təqsirli bilməməsini, əməlini səmimi etiraf etməməsini nəzərə almamış, bunlara düzgün qiymət verməmiş, mülki iddiasını da işdə kifayət qədər sübut olmasına baxmayaraq, qanunsuz olaraq təmin etrməmişdir. Ona görə də təqsirləndirilən şəxsə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. ƏVVƏLKİ APELLYASİYA İCRAATİ ZAMANİ MƏHKƏMƏ KOLLEGİYASİNİN GƏLDİYİ NƏTİCƏ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Koııegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədov) 21 yanvar 2021-ci il tarixli, 1(104)-07/2022 saylı qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli 1(100)-227/2020 saylı hökmü dəyişdirilərək məhkum Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələrindən CM-nin 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilmiş, məhkum Təqsirləndirilən şəxs1 CM-nin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN GƏLDİYİ NƏTİCƏ: Qərardan dövlət ittihamçısı X4 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) X9 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və Ə.Ə.Novruzov) 07 dekabr 2022ci il tarixli, 1(102)-1721/2022 saylı qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Koııegiyasının 21 yanvar 2021ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilmişdir. TƏKRAR APELLYASİYA İCRAATİ ZAMANİ TƏRƏFLƏRİN MÖVQELƏRİ: Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Y.B.Yolçuyev Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun dəlillərlə çıxış etdilər və şikayətin təmin edilməsini kollegiyadan xahiş etdilər. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Y.B.Yolçuyev həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi F.A.Tağıyeva və onun nümayəndəsi (vəkil) R.L.Rüstəmov zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun dəlillərlə çıxış edib şikayətin təmin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətləri ilə bağlı bildirdi ki, təqsirləndirilən şəxsin ona istinad olunan cinayəti törətməsi istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı kifayət qədər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Onun əməli məhkəmə tərəfindən düzgün tövsif olunmuşdir. Ona görə də Təqsirləndirilən şəxs1 bəraət verilməsi və ya əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Cəza ilə bağlı isə onu qeyd edir ki, dövlət ittihamçısı təyin edilmiş cəzanı kifayət hesab edərək cəzadan apellyasiya protesti verməmişdir. Bununla belə dövlət ittihamçısı olaraq zərərçəkmişin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən təklif olunmuş həddə cəza təyin olunmaqla təmin edilməsinə etirazı yoxdur. Ona görə də çıxışında göstərilənləri nəzərə almaqla qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı müdafiə tərəfinin dəlilləri üzrə məhkəmə kollegiyasının mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin İİİ hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-in 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədiqi edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Konstitusiya Məhkəməsinin Plenumunun «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. X3 Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin müdafiçisi tərəfindən verilmiş apellyasiya şikayətində ilk növbədə təqsirləndirilən şəxsin əməlinin tövsifi, işin faktiki halları və təqsirlilik məsələsi mübahisələndirilmiş və təqsirləndirilən şəxsə daha yüngül ittihamın irəli sürülməsi və təqsirləndirilən şəxsin əməlində CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələrinin deyil, CM-nin 131-ci maddəsinin tərkib əlamətləri olduğu iddia edilmişdir. Əməlin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Məhkəmə kollegiyası müdafiəçinin təqsirləndirilən şəxsin əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilməli olması dəlilləri ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsini məhkəmə hökmündə göstərmişdir. Birinci instansiya məhkəməsinin hökmündən də görünür ki, məhkəmə işin faktiki hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı apellyasiya qaydasında yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəmə işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs1 əməlində ictmai borcunu yetirən şəxsi xüsusi amansızlaqla qəsdən oldürməyə cəhd cinayətinin əlamətlərini müəyyən edib, düzgün nəticəyə gəlmiş, öz hökmünü qanuni yolla əldə edilmiş sübutlarla əsaslandıraraq Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl etmişdir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticəsi iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumun törətdiyi cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlinə hüquqi qiymət verərkən, xüsusən də onun niyyətinin məhz nəyə yönəldilməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri və lokalizasiyası, yəni həyatı üçün mühüm orqana xəsarət yetirilməsi düzgün nəzərə alınmışdır Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərinin xarakteri, xüsusən zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurarkən həddən artıq aqressiv olması, onun zərərçəkmişə yetirdiyi bıçaq zərbəsinin yetirildiyi bədən nahiyəsi, yetirilən zərbənin həyat üçün təhlükəli olması, zərərçəkmiş şəxsə növbəti zərbələri vurmağa çalışması, lakin həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirmələri təqsirləndirilən şəxsin zərərçəkmişi qəsdən öldürmək istəməsini təsdiq edən mötəbər məlumatlar hesab edilə bilər. Təqsirləndirilən şəxs1 əməli törətməkdə məqsədinin zərərçəkmiş şəxsi öldürmək olduğu heç bir şübhə doğurmayan zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və cinayət işinin materiallarında olan digər sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs tərəfindən niyyəti səmimi etiraf edilməsə də, zərərçəkmiş şəxsi bıçaqla vuraraq həyatı üçün mühüm orqana ağır xəsarət yetirməsi, bundan sonra zərərçəkmiş şəxsə növbəti zərbələri vurmağa çalışması, lakin həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirmələri zərərçəkmişi öldürmək niyyətinin olduğunu göstərir. Çünki, o, zərərçəkmişi vurduğu alətin bıçaq olduğunu və bıçaqla zərbəni həyat üçün təhlükəli olan nahiyəyə vurduğunu dərk edirdi. Əgər onun özünün dediyi kimi zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışsa, o, bıçağı zərərçəkmişin həyat üçün təhlükəli olan nahiyəyə deyil, həyat üçün təhlükəli olmayan digər nahiyəyə vurardı və ya onu birinci dəfə vurduqdan sonra yenidən vurmağa cəhd etməzdi. Həmin hərəkətləri onun niyyətini təcəssüm etdirir ki, bu da qəsdən adam öldürmədə ifadə olunur. Təqsirləndirilən şəxsin əlində olan bıçağın digər şəxslər tərəfindən güc tətbiq edilməklə əlindən alınaraq onun zərərsizləşdirilməsi təqsirləndirilən şəxsin özünün iradəsindən asılı olmayan səbəbdən məqsədinə nail ola bilməməsini təsdiq edir. CM-nin 29-cu maddəsində cinayətə cəhdin anlayışı verilmişdir. Maddədə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin CM-nin 120.1-ci maddəsinə görə şəxsin qəsdən həyatdan məhrum edilməsi qəsdən adam öldürmə hesab edilir və bu cinayətin tərkibini yaradır. CM-nin 120.2.3-cü maddəsində zərərçəkmişin özünün və yaxınlarının xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar öldürməsi, 120.2.4-cü maddəsində isə zərərçəkmişi xüsusi amansızlıqla öldürməsi tövsifedici əlamət kimi nəzərdə tutulmuşdur. CM-nin 25-ci maddəsində göstərilir ki, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində Ali Məhkəmənin Plenumu məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs1 zərərçəkmişi bıçaqla vurmasından onun ölə biləcəyini dərk etmiş, əməlinin ölümlə nəticələnəcəyini bilə-bilə hərəkətlərini davam etdirmişdir. Həmin sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 20 aprel 2019-cu il tarixdə saat 19 radələrində həmkəndlisi Şahid1 ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı ona bıçaqla təqib etmiş, bu zaman baş verə biləcək hadisənin qarşısını almaq üçün ictimai borcunu yerinə yetirən sonuncunun atası X8 yaxınların gözü qarşısında bir dəfə qarın nahiyəsindən bıçaqla vuraraq onu ictimai borcunu yerinə yetirlməsi ilə əlaqədar xüsusi amansızlıqla öldürməyə cəhd etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin təqsirləndirilən şəxsin əməlinin CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələrindən CM-nin 131-ci maddəsinə tövsif edilməsi dəlilini yuxarıda qeyd edilənlərə görə əsassız hesab edir. Belə ki, CM-nin 131-ci maddəsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin təqsirləndirilən şəxsin əməlində bu cinatəyətin əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun bir sıra qərarlarında cinayətin subyektiv cəhətinin, xüsusən qəsdən və ehtiyatsızlıqla törədilən cinayətlər arasında fərq qoyulmasının, qəsdin məzmununun və istiqamətinin cinayətin motiv və məqsədinin ətraflı öyrənilməsinin zəruriliyinə diqqət cəlb edilir. Bu baxımdan nəzərə almaq lazımdır ki, CM-nin 131-ci maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarət olur, yəni o, nəticənin baş verəcəyini, yəni zərərçəkmiş şəxsin sağlamlığının ağır zərər vurulacağını qabaqcadan görmür, lakin lazımi diqqət və ehtiyatlılıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. İş materialları ilə isə təqsirləndirilən şəxsin ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxsi bıçaqla qəsdən vurub ona həyat üçün təhlükəli xəsarət yetirməklə xüsusi amansızlıqla öldürməyə cəhd etməsi təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətləri ona istinad edilmiş CMnin 29,120.2.3 və 29,120.2.4-cü maddələrnin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşür və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 həmin maddələrlə təqsirli bilməkdə haqlı olduğunu göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilməsinə dair müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsində də irəli sürülmüş, bu dəlillər məhkəmə tərəfindən hərtərəfli araşdırılmış, təqdim olunmuş bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmış və tədqiq olunmuş sübutların məcmuyu ilə təkzib olunmuşdur. Məhkəmə haqlı olaraq təqsirləndirilən şəxs Oqtay Abdıyevin məhkəmə istintaqında vermiş olduğu ifadəsində onun zərərçəkmiş Calal Tağıyevi öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşmış, həmin xüsusatların aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edildiyi qənaətinə gələrək, sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsində verdiyi bir sıra xüsusatlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq Təqsirləndirilən şəxs1 əməlini CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə tövsif etməkdə düzgün qənaətə gəlmişdir. İstintaq orqanı tərəfindən və məhkəmədə Təqsirləndirilən şəxs1 əməli CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edildiyindən məhkəmə kollegiyası da Təqsirləndirilən şəxs1 CM-nin həmin maddələri ilə verilmiş ittihamla razılaşır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 131-ci maddəsinə tövsif olunması üçün hər hansı hüquqi və faktiki əsas müəyyən edilmədiyindən, apellyasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilə bilməz. TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ TƏYİN EDİLMİŞ CƏZANİN YÜNGÜLLÜYÜ VƏ MÜLKİ İDDİANİN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLİ ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ ÜZRƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ Apellyasiya şikayətində məhkuma təqsirli bilindiyi CM-nin 29,120.2.3 və 29,120.2.4cü maddələri ilə cinayət qanununun müddəalarına uyğun daha ağır cəza, 17 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmi Məcəllənin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində də cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59.1-ci maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzasının təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-nin 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. CM-nin 61.2-ci maddəsinə əsasən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından apellyasiya şikayətinin cəzanın tətbiqi ilə bağlı dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda bu dəlillərin də əsassız olduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmiş, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənini 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Həmin Məcəcllənin 120.2.3-cü (qəsdən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4-cü (qəsdən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunun qeyd edilə müddəalarından göründüyü kimi CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinə görə təyin edilə bilən cəzanın yuxarı həddi 15 ildən çox ola bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1, 58.3 və 63cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, bununla yanaşı, zərərçəkmiş tərəfin qanuni mənafelərini pozmayan cinayət-hüquqi tədbir sayıla bilər. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ümumilikdə cəzanın məqsədlərini təmin edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ağırlaşdırılması üçün heç bir əsas görmür. Eyni zamanda məhkəmə kollegiyası zərəçəkmiş şəxsin mülki iddiası ilə bağlı hissədə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, zərərçəkmişin hüquqi varisi istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsindəki icraat zamanı mülki iddiasının əsaslarına dair, o cümlədən, ona hansı miqdarda ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqi varis belə sübutları apelllyasiya baxışı zamanı da təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 əməlinin tövsif edilməsi və eləcə də ona təyin edilmiş cəzanın ağırlaşdırılması, habelə mülki iddianın həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası göstərilən məsələlərlə bağlı apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Beləliklə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli, 1(100)-227/2020 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli, 1(100)-227/2020 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X7 Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-210/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-210/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver