Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-216/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)- 04/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)-04/2023 saylı hökmü ilə (hakim Taleh Mustafayev) xx xxxx 1988-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və ona verilmiş ittihamdan“, bundan əlavə heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi həmin bıçaqla tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs qəsdən bir dəfə vurub müqavimət göstərməklə ona sağ saidin və sol əlin səthi kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət” sözləri xaric edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 02 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2 sentyabr 2022-ci il tarixdə saat 9 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində evində olmayan əşyaların özünü və ya dəyərinin ona verilməsini bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmış və mübahisə zamanı zərərçəkmişlər Təqsirləndirilən şəxs əlində olan bıçağı almaq istəyən zaman sonuncunun əlindəki bıçaqla zərərçəkmiş şəxs Nəsib Cabbarova dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət, digər zərərçəkmiş Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3-cü maddəsinə tövsif olunmaqla və həmin maddənin sanksiyası həddində cinayət qanunu müddəalarına uyğun cəza təyin etməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə məhkəmə "təqsirləndirilən şəxslə zərərçəkmişlər həmkəndli və yaxın tanışlıqları olmaqla, aralarında uzun müddətdir ki, təqsirləndirilən şəxsin evindən itən əşyalarla əlaqədar mübahisələri mövcuddur, təqsirləndirilən şəxs hadisədən bir-neçə gün əvvəl zərərçəkmiş Nəsib Cabbarovdan özünün cəzaçəkmə müəssisəsində olarkən evindən əşyaların itməsi və ya oğurlanması faktını bildirmiş və həmin əşyaları və ya dəyərini ona verməsini bildirmişdir. Həmçinin, həmin vaxt, yəni hadisə baş verən xx.xx.2022-ci il tarixdə və saatda zərərçəkmiş şəxslərin ifadələrindən də göründüyü kimi təqsirləndirilən şəxs evində olmayan əşyaların özünü və ya dəyərinin ona verilməsini bildirmişdir. Bununla əlaqədar aralarında mübahisə yaranmış və mübahisə zamanı zərərçəkmişlər Təqsirləndirilən şəxs əlində olan bıçağı almaq istəyən zaman sonuncunun əlindəki bıçaqla zərərçəkmiş şəxs Nəsib Cabbarova dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət, digər zərərçəkmiş Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirilmişdir. Həmin vaxtı onların yanında bir-iki nəfərdən başqa heç bir kənar şəxs olmamışdır. Həmçinin, məhkəmədə dindirilərkən şahidlər bir-birinə zidd ifadələr vermiş, şahid X3 isə ümumiyyətlə onların dalaşmasını görmədiyini bildirmişdir" qənaətinə gələrək, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə düzgün tövsif etməməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən hökmünü həmçinin onunla əsaslandırmışdır ki, həmin vaxt onların yanında bir-iki nəfərdən başqa heç bir kənar şəxs olmamışdır. Halbuki 1 nəfər kənar şəxsin belə, xuliqanlıq cinayəti nəticəsində qanuni mənafelərinə toxunulduğu halda xuliqanlıq cinayəti üzrə məsuliyyətin yaranması mümkündür. Belə ki. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, "cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir". Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfşir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından, o cümlədən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, hadisə heç də tərəflər arasında uzun müddət davam edən qərəzli şəxsi münasibətlər zəminində baş verməmiş, Təqsirləndirilən şəxs üzərində daima gəzdirdiyi soyuq silahla silahlanaraq, açıq-aşkar xuliqanlıq niyyəti ilə, özünün kriminal keçmişi ilə fəxr etməklə, cəmiyyətə aşkar meydan oxumaqla, hər kəsin ondan qorxmalı olduğunu düşünüb nalayiq hərəkətlərlə müşayiət olunan əməli ilə zorakılıq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə öz gəldiyi əsassız nəticəyə tamamilə zidd olan bu xüsusatlara ümumiyyətlə əhəmiyyət verməyərək birtərəfli mövqe tutmaqla hər vəchlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirməkdən yayınmağa çalışmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş protestə etiraz etdi və bildirdi ki, 2020-ci ildə həbs edilən zaman Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən evinin açarlarını Nəsib Cabbarova vermiş və həbsdə olan zaman Nəsib Cabbarov onunla mütəmadi olaraq telefonla danışmışdır. Nəsib Cabbarovla danışan zaman sonuncu evini kirayə verdiyini demiş və o isə kirayə pulundan ona yemək və pul göndərməsini xahiş etmişdir. Kirayə pulundan 700 manat civarında pul və yemək göndərmişdir. Həbsdən çıxdıqdan sonra evində bəzi əşyaların çatışmadığını görüb Nəsib Cabbarovdan həmin əşyaların harada olduğu soruşmuş və sonuncu ona həmin əşyaları satıb ona göndərdiyini bildirmişdir. O isə əslində Nəsib Cabbarovun kirayə pulundan ona təxminən 500 manat verməli olduğunu demişdir. Bundan sonra onlar söhbət edib ayrılmışlar. 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Namiq İsalının evinə gəlmiş və ondan çay dəmləməsini xahiş edərək içib işə gedəcəyini qeyd etmişdir. Bir qədər sonra X4 Əsədov onların yanına gəlmiş və ona atasına qarşı hörmətsizlik etdiyini və türmədə olarkən öz cibindən ona pul göndərdiyini bildirmişdir. O isə Zərərçəkmiş şəxs o türmədə olan zaman atasının onun evinin kirayə pulunu göndərdiyini, həmçinin onun evindən əşyaları aparmasını və həmin əşyaların ya özünü, ya da pulunu hissə-hissə verməsini tələb etdiyi üçün aralarında söz-söhbət olduğunu demişdir. Həmin vaxt Nəsib Cabbarov onların söhbətini eşidib əlində yaba Namiq İsalının həyətinə girmiş və ona nalayiq sözlər demiş, o da Nəsib Cabbarovu nalayiq ifadələrlə təhqir etmişdir. Nəsib Cabbarovun əlində yaba olduğu üçün onu vuracağını zənn edib əlindəki bıçağı çıxarıb ondan əl çəkmələrini bildirmiş, lakin Zərərçəkmiş şəxs qəfildən onun qolunu burmuş və müqavimət göstərdiyi üçün hər ikisi yıxılmış və sonuncu bıçağı onun əlindən almışdır. Həmin vaxt o yerdə olan zaman Nəsib Cabbarov onun belinə yaba ilə vurmuşdur. Buna görə protestin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi protestə etiraz etdi və bildirdi ki, iş materiallarında olan ifadələrdən göründüyü kimi hadisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxslərin qanunazidd hərəkətləri nəticəsində baş vermişdir. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin CM-in 128-ci maddəsi ilə olan əməlinin CMin 221.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəlilik nəticələrini qabaqcadan görən, bu nəticənin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozma və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, həmin əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarların hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair qanunazidd hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.» “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının xuliqanlıq kimi təsvir etdiyi hadisə xuliqanlıq zəmininda baş verməmiş, hadisə şəxsi münasibətlər zəminində törənmişdir. Belə ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə də təsdiq edilir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Cabbarov Nəsib arasında olan mübahisə Təqsirləndirilən şəxs evində olan əşyaların itməsi ilə bağlı olmuş, Təqsirləndirilən şəxs olduğu yerə (Namiq İsalının evinə-həyətinə) ilk olaraq Nəsib Cabbarovun oğlu gəlmiş və onunla Elgün söhbət etmiş, bundan sonra həyətə Nəsib Cabbarov əlində yaba ilə daxil olmuş və həmin vaxt döyüləcəyindən qorxan Təqsirləndirilən şəxs cibindəki bıçağı çıxarıb onların uzaqlaşmalarını tələb etmişdir. Göründüyü kimi hadisənin baş verməsinin səbəbkarları əslində zərərçəkmiş şəxslər olmuş, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün bıçağı çıxarıb onların uzaqlaşmasını tələb etmiş, lakin Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bıçağı əlindən almaq istəyən zaman xəsarət almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)-04/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)- 04/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-216/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-216/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver