Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-217/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X8 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(015)-10/2023 saylı hökmündən Dövlət ittihamçısı Əlamdar oğlu tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X10, Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(015)-10/2023 saylı hökmü ilə (sədrlik edən Natiq Abbasov) xx.xx.1985-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(015)-10/2023 saylı hökmündən Dövlət ittihamçısı Əlamdar oğlu apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin Zərərçəkmiş şəxs və onun nümayəndəsi X10 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə üzrə ən ağır cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirın hallar nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 3 radələrində Ağstafa rayon Dağ Kəsəmən kənd sakini X2 həyətində qurulmuş mağarda təşkil etdiyi, el arasında “ciyar axşamı” adlanan məclisdə iştirak edən qonaqların gözü qarşısında şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ictimai yer hesab olunan “ciyar axşamı” məclisində olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs ona torpaq sahəsinin əlindən almasını bildirməsinə öz etirazını bildirmək üçün heç bir əsaslı səbəb olmadan əlinə götürdüyü, istintaqla müəyyən olunmayan şüşə materialdan hazırlanmış araq butulkası ilə bir dəfə arxa tərəfdən başına vuraraq, butulkanın Zərərçəkmiş şəxs başına dəyən zaman qırılması nəticəsində sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan “sol ənsə nahiyyəsinin çapılmış yarası” xəsarətini yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlər yetirdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif olunmuşdur. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 128-ci maddəsinə tövsif edərkən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl onunla zərər çəkmiş şəxsin arasında olan mübahisədən sonra, şəxsi münasibətlər zəminində baş vermiş, hadisə dava-dalaşa çevrilməmiş, orada uca səslə söyüş söyülməmiş, təhqiredici ifadələr səsləndirilməmiş, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunması ilə müşayiət olunan hərəkətlərlər olmamış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə onun torpağını alacağı barədə səsləndirdiyi fikir hadisənin baş verməsinə səbəb olmuşdur. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona torpağını əlindən alacağını deməsini bəhanə edərək qəfildən sonuncunun baş nahiyəsinə zərbə vurmuş, bundan sonra məclisin normal gedişatı pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs həmkəndlisinin evinin həyətində təşkil etdiyi, başqa şəxslərin də iştirak etdiyi, ictimai yer hesab edilən məclisdə zərərçəkmiş Zərərçəkmiş şəxs vurmaqla heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, məclisdəki şəxslərin narahatçılığına, məclisin normal gedişatının pozulmasına səbəb olan hərəkətlər etmiş, bununla da silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşımış və işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xuliqanlıq cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməmiş, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə onun əməlini qanunsuz və əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif etmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşımış və işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə şahid ifadələri arasında olan ziddiyyətləri araşdırmamış, ibtidai istantaq və məhkəmə istintaqında qeyd edilən ifadələri elan etmədən hər şeyi təqsirləndirilən şəxsin xeyrinə həll etməyə çalışmışdır. Məhkəmə ümumiyyətlə cinayət işi üzrə obyektiv araşdırma aparmamış, ictimai yerdə baş vermiş hadisəni xuliqanlıq kimi qiymətləndirməmişdir. Göründüyü kimi məhkəmə sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməmiş, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə onun əməlini qanunsuz və əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan, təqsirləndirilən şəxsin ailə vəziyyətini, həyat şəraitini nəzərə almadan hökm çıxarmış, ona olduqca ağır cəza təyin etmişdir, həmin cəza onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir, özünü ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli bilir, evli olmaqla himayəsində azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslə barışmağa dəfələrlə cəhd etmişdir, bundan başqa onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi onun barəsində yüngülləşdirici halları nəzərə almadan hökm çıxartmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununda yer almış dəlilləri müdafiə etdi, bu məzmunda çıxış edərək apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununda yer almış dəlilləri müdafiə edərək, bu məzmunda çıxış edərək apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz edərək, protestin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin tövsifi hissəsində düzgün nəticəyə gəldiyini bildirdilər. Bundan əlavə olaraq bildirdilər ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, himayəsində azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslə barışmağa cəhd etmişdir. Ona görə də şikayətdə göstərinlərin nəzərə alınmasını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi xahiş edirlər. Cinayət işində olan sübutlar: İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 303 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət-sol ənsə nahiyyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə butulka ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarətlərdir. İş materiallarında olan Qazax rayon Psixiatrıya xəxtəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1009 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Heydanlı Aybəniz adlı azyaşlı uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materiallları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməli, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(015)-10/2023 saylı hökmü apellyasiya protestinə və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və yeni hökm çıxarılmalıdır. MƏHKUMUN ƏMƏLİNİN TÖVSİFİ İLƏ BAĞLİ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ: Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 128-ci maddəsinə tövsif edərkən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl onunla zərər çəkmiş şəxsin arasında olan mübahisədən sonra, şəxsi münasibətlər zəminində baş vermiş, hadisə dava-dalaşa çevrilməmiş, orada uca səslə söyüş söyülməmiş, təhqiredici ifadələr səsləndirilməmiş, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunması ilə müşayiət olunan hərəkətlər olmamış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə onun torpağını alacağı barədə səsləndirdiyi fikir hadisənin baş verməsinə səbəb olmuşdur. İbtidai istintaq orqanı tərəfindən ona CM-in 221.3-cü maddəsi ilə ittiham elan olunsa da, həmin ittiham məhkəmədə öz təsdiqini tapmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkumun törətdiyi cinayət əməli CM-in 221.3-cü maddəsinin tərkib əlamətlərini yaradır. İş materiallarına əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sənin torpağını əlindən alaram” deməsini bəhanə edərək həmin söhbətin üzərindən təxmini 3-4 saat vaxt keçməsinə baxmayaraq qəfildən sonuncunun baş nahiyəsinə zərbə vurmuş, bundan sonra məclisin normal gedişatı pozulmuşdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilən Qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi şəxsin əməlinin CM-in 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli qərarına əsasən CM-nin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü CМ-in 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qohumudur, Fuadı uşaqlıqdan tanıyır, əvvəllər aralarında heç bir ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. 27 may 2022-ci il tarixdə, saat 22 radələrində qonşuluqda yaşayan X2 ertəsi gün keçiriləcək toy məclisindən əvvəl təşkil edilən və el arasında “ciyər axşamı” deyilən məclisə getmiş, həmin məclis Rizvanın yaşadığı evin həyətində təşkil edilmiş, orada qardaşı Ramil, tanışı və həmkəndlisi Səbuhi ilə, Fuad isə digər həmkəndliləri ilə oturmuşdur. O, yeməklə birlikdə araq içmiş, məclis saat 3 radələrinədək davam etmişdir. Süfrə arxasında oturarkən yaxınlıqda olanlardan kimsə Fuadgilin qonşuluğunda yerləşən evin satıldığını demiş, Fuad ona həmin evi almağı məsləhət görmüş, o da zarafatla Fuada “mən səninlə qonşu ola bilmərəm” demiş, Fuad ona yaşadığı kənddə yerləşən torpaq sahəsinin sənədinin olubolmadığı soruşmuş, “həmin torpaq sahəsini əlindən alaram” demişdir. Fuadın onun torpaq sahəsini əlindən almasını deməsinə əsəbləşərək stolun üzərində olan araq butulkasını sağ əlinə götürərək arxa tərəfdən Fuada yaxınlaşmış və həmin butulkanı bir dəfə Fuadın başına vurmuş, butulka Fuadın başına dəydikdən sonra qırılmış, bundan sonra özü oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. O, butulka ilə Fuadın başına vuran zaman qardaşı Ramildən başqa yaxınlıqda onunla birlikdə oturan həmkəndliləri də olmuş, Fuadı vurduğunu heç kim görməmişdir. Onun Fuada yenə zərbə vurmaq imkanı olsa da vurmamış, həyətdə səs-küy, çaxnaşma yaratmaq istəməmişdir. Zərərçəkmiş şəxs butulka ilə vuran zaman heç bir nalayiq ifadə işlətməmiş, Fuadı torpaq sahəsini əlindən alacağını deməsinə görə əsəbləşərək butulka ilə vurmuşdur. Onunla Zərərçəkmiş şəxs arasında olan dava-dalaş 1-2 saniyə ərzində baş vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qohumudur, onu uşaqlıqdan tanıyır, əvvəllər aralarında heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, qonşuluqda yaşayan Rizvan Qocayevin növbəti gün keçiriləcək toy məclisindən əvvəl təşkil edilən və el arasında “ciyər axşamı” deyilən məclisə getmiş, həmin məclis Rizvanın yaşadığı evin həyətində təşkil edilmişdir. O, həmin məclisdə tanışları və həmkəndliləri Fazil, Alqazax, Kamran, Əmirxan və Həmid adlı şəxslərlə birgə oturmuş, Famil isə başqa stolda oturmuşdur. Saat 03 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kiməsə 15 manat pul verdiyini demiş, pulu verdiyi adamı yadından çıxardığından, pulu geri almaq üçün həmin şəxsi tapmaq məqsədi ilə nalayiq ifadələr işlətməyə başlamış, masada oturanlar da o da Familə irad bildirmişlər. Sonra isə o, tanışları ilə oturmağa davam etmişdir. Bundan başqa, atası Alik Muradov və həmkəndliləri Ələsgər Muradovla torpaq mübahisəsi etdiyi üçün Famil ona bildirmişdir ki, atan düzgün etməyib, qanunsuz olaraq başqa şəxsin torpağını əlindən alıb. O da zarafat olaraq Familə onun torpağını da alacağını bildirmişdir, lakin bu söhbət Familin onu vurmasından təxminən 3-4 saat əvvəl olmuşdur. Həmin söhbətdən 3-4 saat keçəndən sonra Famil arxadan ona yaxınlaşaraq qəfildən əlində olan araq butulkasını onun başına vurmuş, onun gözləri qaralmış və başı gicəllənmiş, buna baxmayaraq müvazinətini birtəhər saxlayaraq yerə yıxılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu və uşaqlıq dostu, Təqsirləndirilən şəxs sinif yoldaşı və dostudur. Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla arasında heç bir ədavət olmamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində həmkəndlisi X2 ertəsi gün keçiriləcək toy məclisindən əvvəl təşkil edilən və el arasında “ciyər axşamı” deyilən məclisə getmiş, həmin məclis Rizvanın yaşadığı evin həyətində təşkil edilmiş, məclisdə həmkəndliləri və yaxın münasibətdə olduğu Ramil, Fuad, Fazil, Alqazax, Kamran və Həmid adlı şəxslə oturub spirtli içki qəbul etməklə şam yeməyi yemişlər. Məclis saat 03 radələrinədək davam etmiş, hadisədən əvvəl Fuadla Familin arasında torpaq söhbəti olmuş, həmin vaxt Fuad Famildən torpaq sahəsinin sənədinin olub-olmadığını soruşmuş, bu söhbətdən sonra Familin ayağa qalxdığını görmüş, Famil ayağa qalxdıqdan bir neçə saniyə sonra Fuadın oturduğu yerdən butulka qırılması səsi gəlmiş, o, həmin yerə baxdıqda Familin Fuadın arxasında dayandığını və butulka ilə anidən Fuadın başına vurduğunu, Fuadın da başının qanadığını görmüşdür. Famil Fuadı vurduqdan sonra sakitcə oradan çıxıb getmişdir. O da Fuadın başının qanını silib küçəyə çıxararaq xəstəxanaya göndərmiş, özü isə yaşadığı evə getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5, X12 və X7 da oxşar məzmunlu ifadələr verərək ümumilikdə onun ifadəsində göstərilən xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Qeyd olunan işin halları məhkəmədə müəyyən edilib sübuta yetirilməsinə baxmayaraq, məhkəmə həmin halları düzgün qiymətləndirməyib əsassız yekun nəticəyə gəlmişdir. Qeyd olunan cinayətin obyekti ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərlə yanaşı əlavə obyekt qismində insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə təqsirləndirilən şəxsin qəsdi ilə bağlı səhv qənaətə gələrək onun yalnız xuliqanlıq niyyətinin olmaması əsası ilə təqsirləndirilən şəxsin əməlində CM-nin 128-ci maddəsinin əlamətləri olması barədə nəticəyə gəlmişdir. Halbuki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndinə əsasən xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə təqsirləndirilən şəxs Elman Quliyevin əməlini qeyri-düzgün tövsif etməklə həmçinin, zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizasını rəyi və işin digər mötəbər sübutları ilə kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisinin evinin həyətində təşkil etdiyi, başqa şəxslərin də iştirak elədiyi, ictimai yer hesab edilən məclisdə zərərçəkmiş Zərərçəkmiş şəxs vurmaqla heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, məclisdəki şəxslərin narahatçılığına, məclisin normal gedişatının pozulmasına səbəb olan hərəkətlər etmiş, bununla da silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı aralarında əvvəlcədən heç bir ədavət, şəxsi münasibətlərin pozulması halı olmamasına baxmayaraq təqsirləndirilən şəxsin ilkin olaraq zərərçəkmiş şəxsə “mən səninlə qonşu ola bilmərəm” kimi ifadə işlətməsini özlüyündə zarafatla deyilmiş ifadə kimi qiymətləndirməsinə baxmayaraq zərərçəkmiş şəxsin “torpaq sahəsini əlindən alaram” deməsi kimi heç bir real hərəkətə söykənməyən ifadənin təqsirləndirilən şəxs tərəfindən bəhanə edilməsi halının hansı əsasla hadisənin şəxsi münasibətlər zəmnində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması barədə qənaətə gəlinməsi aydın deyildir. Həmin mövqedən yanaşılsa zərərçəkmiş şəxsin təşəbbüsünün nədən ibarət olmasını da müəyyən etmək mümkün olmur. Bundan başqa iş üzrə ifadələrdən və işin müəyyən edilmiş obyektiv hallarından görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə “torpaq sahəsini əlindən alaram” deməsindən təxminən 3 saat vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan stolun üzərindən götürdüyü silah qismində istifadə olunan əşya – şüşə butulka ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə arxa tərəfdən bir dəfə vurmuş, bunun nəticəsində məclisin normal gedişatı pozulmuş, məclisdəki şəxslərin narahatlığına səbəb olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərkən birinci instansiya məhkəməsi gəldiyi nəticə mülahizə xarakteri daşımış və işin faktiki hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutların düzgün təhlilini aparmamaqla, qeyri-düzgün qiymətləndirməklə təqsirləndirilən şəxsin əməlini CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif etməklə CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirmə” prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CM-in 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Qeyd olunan Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Qanunvericiliyin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarının müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunduğunu və birinci instansiya məhkəməsinin əsassız olaraq onun əməlini CM-in 128-ci maddəsinə tövsif etdiyini göstərir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində xuliqanlığın olmaması barədə nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha yüngül cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunduğundan onun əməli silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər kimi qiymətləndirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də hüquqi münasibət bildirən məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirici və ağırlaşdırıcı halları, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə kollegiyası, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, ağırlaşdırıcı halın olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 221.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 397, 398.1.2, 399, 401, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(015)-10/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-217/2023
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-217/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver