Məhkəmə qərarları › İş №1(104)-22/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-22/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-22/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X13 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(125)-137/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(125)-137/2023 saylı hökmü ilə (hakim Orxan Cəfərli) xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 58A, mənzil 25-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(125)-137/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən 42 nömrəli fərdi yaşayış evindəqaynanası Zərərçəkmiş şəxs onun azyaşlı övladı X7 icazəsiz apardığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübashisə zamanı onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 1948-ci il təvəllüdlü qaynanası Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən və xüsusi amansızlıqla yumruqla vurub yerə yıxmaqla sonuncunun sol mil sümüyünün sınığı iləmüşahidə olunan dirsək nahiyəsinin qançırı-şişkinliyi xəsarətləri ilə nəticələnən və həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulması ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən yalnız ittiham tərəfinin təqdim etdiyi qeyri mötəbər sübutları əsas götürmüş, digər sübutlara isə qiymət verməmişdir. Birinci instansiya məhkəməsi hökmdə göstərmişdir ki, şahidlərin bir qisminin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döyməsini öz ifadələrində təsdiq etməmələrinə baxmayaraq məhkəmə iş üzrə ekspertin dindirilməsini təmin edərək onların ifadələrindəki anlaşılmazlıq və ziddiyyəti aradan qaldırmışdır. Şahidlərin bir qisminin ifadələrindən zərərçəkmiş şəxsin bir neçə gün öncə Naftalanda istirahətdə olduğu zaman qolunu zədələdiyi nəticəsi çıxsa da ekspertin ifadəsi bu ehtimalı istisna etmişdir. Ekspertin ifadəsindən aydın olmuşdur ki, müayinə edilən gün zərərçəkmiş şəxsin qolundakı qançırdakı qırmızımtıl çalar zədənin 24 saatdan az müddət öncə yetirildiyini təsdiq edir. Lakin, məhkəmədə şahid kimi ifadə verən şəxslərdən Lamiyə zərərçəkənin qızı, İntiqam onun kürəkəni, Malik onun oğlunun dostu, Vasiliy isə onun əridir. Vasiliydən başqa digər şahidlərin hamısı bildirmişlər ki, zərərçəkənin qolu Naftalanda istirahətdən qayıdarkən yıxılanda xəsarət almışdır. Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl Maliki evlərinə bəzi təmir işlərini gördürmək üçün çağırmışdır. Malik onun qolunun sarıqda olub ağrıdığının səbəbini soruşanda zərərçəkmiş şəxs bilirmişdir ki, Naftalandan gələndə yıxılmışdır. Bundan bir saat keçəndən sonra demişdir ki,məni İntiqam itələyib yıxmışdır, bir qədər sonra isə demişdir ki, sən məni itələyib yıxıbsan, səndən də İntiqamdan da 2000 manat pul alacağam. Şahid əlavə olaraq bildirmişdir ki, Sədaqət bir neçə dəfə başqa adamları şərləyib onlardan pul almışdır. Şahidlərdən Vasiliy isə ifadəsində Aygünün Sədaqətin qoluna əl zərbəsi ilə vurduğunu göstərmişir. Vasiliyə verilən əlavə sualların hamısına hər dəfə təkrar olaraq ancaq onu deyirdi ki, Aygünün Sədaqətin qoluna vurduğunu görmüşdür. Açıq aydın görünürdü ki, bu söz ona öyrədilmişdir, o hadisəni müvafıq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik deyildir. Məhkəmədə ifadə verərkən zərərçəkmiş özü də demişdir ki, Aygün onun qoluna əli ilə zərbə vurmuşdur. İşdə olan məhkəmə tibb ekspertizasmın rəyində isə göstərilmişdir ki, xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Ekspert əlavə suala cavab verərək göstərmişdir ki, əllə vurmaqla qol sümüyünü sındırmaq mümkün deyildir. Məhkəməyə dəvət edilən ekspert zərərçəkmiş şəxsin həkimə müraciət etdiyi gün onun qoluna gips qoyan cərrah olmuşdur. Gənc xanım olan ekspert ümumiyyətlə xəstəni yada salmadığını bildirmişdir. Zədənin hansı müddətdə yetirilə bilinməsi vaxtına gəlincə ekspert bildirmişdir ki, əgər qançırdakı qırmızımtıl çalar göstərilmişsə zədənin 24 saatdan az müddət öncə yetirildiyini demək olar. İnsanın yaşından asılı olaraq qançırın rənginin dəyişməsi tez və ya gec baş verə bilər. Ümumiyyətlə həkim verilən sualların hamısına “”ola bilər" deyərək qəti fıkir bildirməmişdir. Həm ekspertin ifadəsində, həm də ibtidai istintaq materiallarında ziddiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq demək olar ki, tələm-tələsik və yarıtmaz aparılmışdır. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, həmçinin iş üzrə şahidlər X4, X6, Şahid3 və ekspert X11 dindirilmiş, müvafiq sorğu verilərək cavab alınmış, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddələri ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin hökmünün ədalətli və qanuni olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, azyaşlı övladları və qayınatası Vasili Oktyabrski ilə birlikdə yaşayır. Lamiyə onun baldızıdır, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır, münasibətləri əvvəllər normal olmuşdur. X18 azadlıqdan məhrum edildikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Hadisə günü baldızıgilə yəni qayınanasının yaşadığı ünvana getmiş, evə daxil olduqdan sonra uşaqlarının onun icazəsi olmadan apardıqlarına görə iradını bildirmiş, bundan sonra baldızı Lamiyə Oktyabirski onun üzərinə gələrək onunla mübahisə etmiş və saçını yolmuşdur. Bundan sonra o da əsəbləşib Lamiyənin saçını yolmuşdur. Uşaqlarını evdən götürüb DİN-nin 102 xidmətinə döyülməyi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs yazdıqları tamamilə yalandır, onu döyməmişdir. Hadisə günü baldızı Lamiyəgilə getdikdə qaynanası ilə sözlə münahisələri olmuş, ona hər hansı xəsarət yetirməmişdir. Həmin vaxt mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, evdə qayınatası Vasya və baldızı Lamiyə olmuşdur. Qayınanası Sədaqət yalan deyir, onu vurmamış, həmin xəsarətləri o Naftalan şəhərində müalicədə olduğu zaman yıxılaraq almış, hadisədən 3-4 gün əvvəl qayınanası Naftalandan müalicədən qayıdanda onda həmin xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gəlinidir, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Münasibətləri əvvəllər normal olmuşdur. Daha sonra oğlu Həsən Oktyabrski azadlıqdan məhrum edildikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Hadisə günü Aygün yaşadıqları evə gəlmiş, həmin vaxt Aygün onunla kobud formada danışmağa başlamış, onun qolundan tutub özünə tərəf çəkən zaman o, yerə yıxılmış, yerdə qolunu ayaqlayaraq onu döymüşdür. O, yerə yıxıldıqdan sonra Lamiyə əsəbləşib Aygünün üzərinə getmiş və saçından yolmuşdur. Həmin vaxtı Aygün də Lamiyənin saçından yolaraq fiziki ağrı yetirmiş, əl zərbəsi ilə sol əlinə və baş nahiyəsinə vurmuşdur. Hadisə vaxtı Lamiyənin evində olan zaman Aygün Oktyabrski onu yerə yıxıb sol qolundan zərbəsi ilə vuraraq onu döymüşdür. Dava-dalaş zamanı yanlarında qızı Lamiyə, əri Vasya olmuş və Aygün onu döyən zaman qızı Lamiyə onu Aygünün əlindən almışdır. X8 evində onu döyən zaman sol qolundan və baş nahiyəsindən xəsarət almışdır. Gəlini Aygünün onu vurub döyməsi təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt səs-küyə kənar heç kim toplaşmamış, sadəcə qızı Lamiyə evdə olmuş, çünki Aygün onu evin dəhlizində döymüşdür. Aygün onu vurub döyən zaman o Aygünü döyməmiş, sadəcə itələmişdir ki, ondan aralansın. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, "xxxx" müalicə mərkəzindən qayıtdıqdan onda onda heç bir xəsarət olmamışdır. "xxxx" müalicə mərkəzinə təxminən 5 sentyabr 2022-ci il tarixdə getmiş, 20 sentyabr 2022-ci il tarixdə qayıtmışdır. Şahid X2 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid X4 ifadəsində göstərdi ki, evdə olan zaman Aygün yaşadıqları evə gəlmişdir. Həmin vaxt anası ilə Aygün arasında pul məsələsinə görə sözlü mübahisə yaranmışdır. Bundan sonra Aygün söyüş söydüyünə görə o, əsəbləşib Aygünün üzərinə getmiş və qarşılıqlı saçlarını yolmuşlar. Həmin vaxt əri İntiqam onları aralamışdır. Dava-dalaş zamanı anası Sədaqət, gəlinləri Aygün, atası Vasya evdə olmuşdur. Aygünün anasını vurduğunu görməmişdir. Anası Naftalandan 3 gün əvvəl gəlmiş, orada yıxıldıqdan sonra qolunda xəsarət olmuş, buna görə o, anasının qoluna dərman sürtmüş və sağaltmışdır. Hazırda anası ilə münasibətləri normal deyildir. Şahid X3 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid X6 ifadəsində göstərdi ki, hadisə baş verən gün o hamamda olmuşdur. Evdən qışqırıq səsləri eşitmişdir. Hamamdan çıxıb yatmağa getmişdir. Aygünün onun arvadı Sədaqəti döydüyünü görməmiş, həmin gün Sədaqətdə heç bir narahatçılıq olmamışdır. Sadəqətin qolundan xəsarət almasını, ümumiyyətlə hadisəni görməmişdir. Hazırda Aygünlə bir evdə yaşayır, Sadaqət onun arvadı olmasına baxmayaq aralarında narazılıq olduğundan ayrı yaşayırlar. Şahid3 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid3 ifadəsində göstərdi ki, qaynanasının Naftalandan istirahətdən hadisədən 3 gün əvvəl qayıtdıqdan sonra qolunda narahatlıq və ağrı olduğunu müşahidə etmişdir, qayınanası qolunun ağrıdığını demişdir. Onun qolu şişib göyərmiş, ətin üstü qaralmışdı. Hətta ağrının kəsilməsi üçün qaynanası Sədaqətin qoluna dərman almış, arvadı onun qoluna sürtmüşdür. Qaynanasının Aygün tərəfindən döyülməsini görməmişdir. Aygün arvadı ilə dalaşan zaman səs-küyə gəlib onları aralamışdır. Həmin vaxt Sədaqət yerində oturmuş, ayağa qalxmamışdır. Hazırda Sədaqətlə aralarında narazılıq olduğundan münasibətləri yoxdur. X1 ifadəsi Məhkəmə kollegiyasının iclasında ekspert X11 ifadəsində göstərdi ki, cinayət işi üzrə ekspert rəyi onun tərəfindən verilmişdir. Zərərçəkmiş şəxs 12 oktyabr 2022-ci il tarixdə tibbi müayinə edilən zaman rentgenoloqun rəyinə əsasən sol dirsək oynağında mil sümüyü sınığının olması müəyyən edilmişdir. O, həmin rəyi rentgenoloqun rəyinə əsasən vermişdir. Zərərçəkmiş şəxsin şikayəti sol dirsək nahiyyəsindəki ağrıdan olmuşdur, qançırın rənginə əsasən müayinə etmiş, həmin nahiyyədə qırmızımtıl göyümtül qançırın olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, gəlini Aygün onu döymüşdür. Həmin xəsarəti küt əşyanın təsiri nəticəsində almışdır. Onlar məhkəmə təbabətinə əsasən baxıb rəy verirlər. İnsanın yaşından asılı olaraq qançırın rəng dəyişməsi tez və ya gec baş verə bilər. Yaşlı insanlarda qançırdan qırmızımtıl çaların itməsi azyaşlılardan daha gec baş verir. Lakin yaşından asılı olmayaraq qançırda qırmızımtıl çalar bir gündən artıq qalmır. Hazırki iş üzrə qançırın rənginin müayinə zamanı qırmızımtıl göy olması onu deməyə əsas verir ki, həmin xəsarəti hadisədən 3-4 gün əvvəl alınması mümkün deyildir. Yara təzə olanda rəngi qırmızımtıl olur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmiş, təqsirləndirilən şəxs zərərşəkmiş şəxsə heç bir xasərət yetirməmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilən həmin xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin halların araşdırılması üçün məhkəmə iclası qismən istintaq aparılmaqla keçirilmiş, nəticədə apellyasiya şikayətində göstərilən hallar öz təsdiqini tapmamışdır. Belə ki, hazırki iş üzrə keçirilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1863 nömrəli rəyindəngörünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol mil sümüyünün sınığı ilə müşahidə olunan dirsək nahiyəsinin qançırı-şişkinliyi-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci İl tarixdə əmələ gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Hazirki iş üzrə Təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş X4 və Şahid3 apellyasiya instansiya məhkəməsində zərərçəkmiş şəxsin qolunda olan xəsarətin hadisədən 3-4 gün əvvəl sonuncunun Naftalan şəhərindən müalicədən qayıdan zaman yıxılması nəticəsində almasını, hadisə günü təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsini göstərmələrinə dair ifadələri məhkəmə tərəfindən verilən sorğu əsasında "xxxx" MMC-dən əldə edilmiş cavab məktubunun iş materialları, şahid qismində dindirilmiş X1 ifadəsi və hazırki iş üzrə müəyyən edilmiş cinayət işinin obyektiv halları ilə qarşılıqlı təhlili nəticəsində, həmçinin şahid qismində dindirilmiş X4, Şahid3 və X3 Zərərçəkmiş şəxs ilə hazırki dövrdə normal qohumluq münasibətlərində olmaması halı nəzərə alınaraq qiymətləndirilmiş, təqsirləndirilən şəxsin vermiş olduğu həmin ifadə onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək ( X4 və Şahid3 münasibətdə isə təqsirləndirilən şəxsi müdafiə məqsədilə), cinayət məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadələr olması qənaətinə gəlinmişdir. Belə ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verilmiş sorğu əsasında əldə edilmiş "xxxx" MMC tərəfindən alınan 9 fevral 2024cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyi Publik X17- Daşkəsən regianal filialı tərəfindən verilmiş ĞMU seriyalı 026027 №-li putyovka ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə çıxış etmişdir. Göründüyü kimi qeyd edilən məktub əsasında müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə baş verdiyi gündən yəni xx.xx.2022-ci il tarixdən 22 gün əvvəl "xxxx" MMC-dən qayıtmışdır. Həmin hal yuxarıda qeyd edilən ifadələrdə zərərçəkmiş şəxsin qolunda olan sol mil sümüyünün sınığı ilə müşahidə olunan dirsək nahiyəsinin qançırı-şişkinliyi xəsarətini hadisədən 3-4 gün əvvəl Naftalan şəhərindən müalicədən qayıdan zaman alması halını istisna edir, həmçinin qeyd edilən xüsusat üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş 12 oktyabr 2022-ci il tarixli 1863 nömrəli rəyi tərtib etmiş ekspert X11 ifadəsində xəsarətin-qançırın müayinəsi zamanı onun üzərində qırmızımtıl-göyümtül çalarların olmasının müəyyən edilməsini bildirmiş, həmin rəngli qançırın isə hadisədən 3-4 gün əvvəl yaranmasının məhkəmə təbabətinə əsasən istisna edilməsini göstərmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 127.2.2-ci maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143-146cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 41.2, 58.3, 59 və 61-ci maddələrini rəhbər tutaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almış, ona CM-in 127.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə düzgün nəticəyə gəlmişdir, hazırki halda məhkuma təyin olunmuş həmin cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və ağırlaşdırıcı halların olmamasını, apellyasiya instansiyasında tədqiq edilən halları təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin olunmuş islah işləri cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(125)-137/2023 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 1(125)-137/2023 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar